Məktəb direktorlarının valideynlərə PUL TƏLƏSİ
Valideynlərin əksəriyyəti övladının təhsil aldığı sinfin səhər növbəsi olmasını istəyir.Onların fikrincə, məktəbli səhər dərsə gedib, günorta dərsdən qayıdarsa, qalan boş vaxtından daha səmərəli istifadə edə, növbəti günün dərsini rahat şəkildə hazırlaya bilər.Eləcə də əlavə məşğuliyyətlərə, hazırlıq və dərnəklərə qatıla bilər. İkinci növbədə təhsil alanlar isə ev tapşırıqlarını etməkdə çətinlik çəkir. Eyni zamanda günün bütün saatlarını boş-səmərəsiz yerə itirmiş olur.Məlumat üçün bildirək ki, Təhsil Nazirliyi 2014-2017-ci illərdə Azərbaycan məktəblərində ikinci növbə təhsilinin ləğv ediləcəyini bildirmişdi.Belə ki, təhsil naziri Mikayıl Cabbarovun mətbuata verdiyi məlumata görə, ölkəmizdə məktəb tikintisinin sürətli inkişafı, təhsil infrastrukturunun getdikcə yenilənməsi buna zəmin yaradır.Yəni birnövbəliliyə keçid elə təşkil olunmalıdır ki, məktəbdə süni şagird sıxlığı yaranmasın.Amma bu prosesə hələ başlanılmayıb.
Sirr deyil ki, hazırda orta məktəblərdə birnövbəlililiyə keçidə qeyri-rəsmi yollarla məktəb direktorları özləri qərar verirlər.Belə ki, müəllim və valideynlər ikinci növbədə təhsil alacaq şagirdlərin dərs qrafikində dəyişiklik edilməsi, konkret olaraq birinci növbəyə keçmələri üçün yeni tədris ilində məktəb rəhbərliyinə müraciət edirlər.Direktor şagirdlərin dərs qrafikinin dəyişilməsinə ilkin olaraq birinci növbədə boş sinif olmadığını əsas gətirərək etiraz edir.Ancaq sonra təklif olunan məbləğ qarşısında məktəb rəhbərliyi susqunluq nümayiş etdirir və məsələ də beləcə öz "həllini tapır".
Valideynlərlə birgə müəllimlər də ikinci növbədə işləməyi günün bütünlüklə itirilməsi hesab etdiklərindən valideynlərin təklifini dəstəkləyir və direktorla-sinif arasında vasitəçi olurlar.Növbənin dəyişdirilməsi isə hər valideynə məktəbin yerləşdiyi ərazi, şagird sayından asılı olaraq 15 -20 manata başa gəlir.Hazırda bu “növbə dəyişikliyi”nə başlanılıb.
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev “Cümhuriyət” qəzetinə bildirib ki, özbaşına növbə dəyişmək olmaz:“Növbə məktəbin imkanları ilə bağlıdır. Elə məktəb var ki, orda şagirdlərin sayı çoxdur, birnövbəli təhsil qurmaq mümkün deyil.Elə məktəb var şagirdləri azdı, sinifləri çoxdu, orada birnövbəli sistem qurmaq olar.Ona görə də bu direktorların istəyindən daha çox məktəbin verdiyi imkanla bağlıdır. Əgər buna imkan olsa, kim istəməz ki, birnövbəli olsun, ikinci növbə bir qədər rahat işlərlə məşğul olsunlar. Burada subyektiv məsələlər yoxdu.Bir şey var ki, məktəb direktorları istədikləri sinifləri birinci növbədən ikinciyə, ikinci növbədə olanları birinci növbəyə atır.Amma ibtidai siniflər adətən, birinci növbə olur.Çünki o şagirdlər kiçik olduğundan ikinci növbədə gəlsələr, yorğun olarlar.İbtidai sinifləri hansı məktəblərdə ikinci növbəyə salırlarsa, bunu düzgün etmirlər.Belə hallarla direktorlar yalnışlıqlara yol vermiş olurlar”.
Ekspertin sözlərinə görə, məktəblərin hamısının birnövbəli təhsilə keçməsi mümkün olan şey deyil:
“Mən məktəb direktoruyam.Məktəbimdə 800 nəfər şagird var. Onun 400 nəfərini birinci növbəyə yerləşdirə bilirəm.Qalan 400 nəfəri birnövbəliyə necə yerləşdirim?Demək, ikinci növbədə oxumalıdırlar.Bunun üçün məktəblər genişləndirilir, şərait yaradılır və bu tədrici yolla həyata keçirilir.Birdən-birə mümkün deyil.Bu birbaşa olaraq şagird sayından və məktəbin imkanından asılıdır”.Alçina Amilqız
Cebhe.info
Tarix: 14-09-2017, 15:04