Tibb işçilərinin müxtəlif dərman firmaları ilə əməkdaşlığı haqqında çox yazılıb. Ancaq problem həllini tapmır. Həkimlər onlara müraciət edən xəstələrə əsasən bahalı firma dərmanları olan resept yazmağa üstünlük verir. Bu isə çox hallarda xəstələri narazı salır. Həkimlərin bahalı firmalara müraciət etmələrinə səbəb onlarla əlbir işləmələridir. Çox hallarda bu işbirliyinə apteklər də qoşulur. Həkim-firma-aptek işbirliyi biznesi artıq neçə illərdir ki, günümüzün reallığına çevrilib. Bundan isə əziyyət çəkən xəstələrdir. Çünki həddindən artıq baha olan firma dərmanları həm də keyfiyyətsizdir. Xəstələr isə çox zaman dərmanların bahalılığına aldanaraq, keyfiyyətli həblər qəbul etdiklərini zənn edirlər. Bu heç də belə deyil. Ekspertlər hesab edir ki, işbazların biznes oyunu onların qazanc mənbəyindən xəbər verir ki, bunun da qarşısını almaq çətindir.
Farmokoloq
Aydın Əliyev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu məsələ hazırda ən böyük sosial problemə çevrilib:
“Həkimlərin bu məsələdə marağı başadüşüləndir. Amma burada köklü səbəblər də çoxdur. Sosial vəziyyət yaxşılaşdıqca, həmin bu söhbətlər aradan çıxır. Sevindirici haldır ki, Azərbaycanda tibbi siğortanın yaradılması işi ilə bağlı proseslərə başlanıb. Səhv etmirəmsə avqust ayında ölkə başçısı bu məsələni nəzarətinə götürdü. Tibbi sığorta çox vacib şərtdir ki, həkimlər belə variantlara əl ata bilməsinlər”.Ekspert qeyd edib ki, dərman bu gün dünyanın bir nömrəli probleminə çevrilib: “Dərmanın bugünkü vəziyyəti silahlardan da pis durumdadır. Keyfiyyətsiz, eyni tərkibli dərmanların yüz adda satılması dünyanın gördüyü çirkli mafiyasıdır. Bunun üçün vacib şərt odur ki, dərmanı özümüz istehsal edək. Əhaliyə gündəlik lazım olan, o cümlədən, müxtəlif ağır xəstəliklərə qarşı olan dərmanları özümümz istehsal etsək, bu problemlər çox yüngülləşəcək. Məlumata görə, dərman istehsalı üçün zavod tikintisinə başlanıb. Həm tibbi sığortanın yaradılması, həm də dərman istehsalına başlanılması işinin icrasına qədər təbii ki, sözügedən məsələnin qarşısını almaq çox çətin olacaq. Azərbaycanda bununla bağlı maarifləndirmə tədbirləri görlümür, təbliğat aparılmır. Hansı qidalardan, bitkilərdən istifadə etməklə bağlı məlumat verilmir.
İnsanlar ayaqüstü yeməklərdən əl çəksinlər. Bunlar həddindən artıq ziyandır. Bu məsələnin çox böyük elmi əsası var. Ümumiyyətlə, insana yolda, ayaqüstü qida qəbul etmək yaraşmaz. Əhalinin sağlamlığının 5-8 faizi təkcə səhiyyə sistemindən, 90-95 faizi insanların yeməyindən, içməyindən, ekoloji vəziyyətindən, sosial problemlərindən asılıdır. Mən səhiyyə sisteminin “əl-ayağını yumuram”. Sadəcə, dünya statistikası belədir. Əgər yediyimiz, içdiyimiz qidalar təmiz deyilsə, hava, su, benzinin tərkibi normaya uyğun deyilsə, tikintilər artıbsa, ağaclar kütləvi surətdə qırılırsa, əhalinin sağlamlığına böyük ziyanlar dəyəcək. Onlar da həkimlərə müraciət edəcək və onlar da məcbur qalıb bahalı firma dərmanlarına üz tuturlar. Təbii ki, burada dərman gətirən biznesmenlərin də rolu var. Onlar da vətənpərvər olmalı, xalqını sevməlidir, elə hər şey pulla ölçülmür. Həddini aşan həkimlər isə bu məsələdə həkimlik adını yaddan çıxarmamalıdırlar.
Cavan bədənlərin ət yeməyi yaxşıdır, nəinki 25 yaşdan yuxarıların... Nə qədər enerji itiririksə, ona görə keyfiyyətli qida qəbul etməliyik. Balıq yadımızdan çıxıb. Bu qidaya üstünlük vermək lazımdır. Bizim camaat sarımsaqdan qaçır. Bundan qaçmaq lazım deyil. Hər gün sancaq boyda sarımsaq qəbul etmək nə qədər faydalıdır. Səhər açqarına bir neçə stəkan su için. Yaponlar səhərlər 4 stəkan su içir. Biz üzümüzü yuyuruq, amma bağırsağımızı yumuruq. Televiziya kanallarında bu cür maarifləndirici təbliğatlara yol verilməlidir. Kanallarda yalnız tibbi klinikaların “mənim yanıma gəl” təbliğatı gedir. Profilaktik sağlamlıqdan deyil, bu cür təbliğatlardan danışırlar. Bütün bunlar bizim ciddi səhvlərimizdir”.
Alçina Amilqızı
Cebhe.info
Tarix: 15-09-2017, 15:26