Kirayə mənzil bazarında dərəbəylik: Bakıda oğlanlara ev verilmir
Yeni tədris ilinin başlaması ilə əlaqədar ənənəvi olaraq avqust-sentyabr aylarında kirayə mənzil bazarında qiymətlərin bahalaşması müşahidə edilir.Analoji hal bu il də baş verdi. Hər kirayə verilən evin qiyməti minimum 50-100 manat bahalaşıb. Bunu həm kirayə mənzil sahibləri, həm də ekspertlər iddia edir. Bildirirlər ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kirayə mənzillərin qiyməti kəllə-çarxa qalxıb. Hətta 250 manata birotaqlı ev tapmaq mümkün deyil. Bahalaşmada ev sahibi ilə birbaşa vasitəçi olan maklerlərin də rolu az deyil. Bu sahədə “at oynadan” maklerlər hər mənzildən 100-150 manat qazanc əldə edirlər. Bir sözlə, maklerlərin özbaşınalığı və hərc-mərcliyi kirayə mənzil bazarındakı vəziyyəti iflic duruma salıb.
Kirayə mənzillər baha, satışda evlər ucuzdurMaraqlıdır ki, son aylarda mənzil satışındakı qiymətlərdə isə kirayələrdən fərqli olaraq qiymətlərdə ucuzluq müşahidə olunur. Amma ehtimal olunur ki, bu hal yaxın bir-iki ay üçün qüvvədədir. Kirayə mənzil bazarında çoxdandır ki, ciddi problemə səbəb olan bir məsələ də gündəmə gəlib. Belə ki, oğlanlara kirayə ev verilmir. Səbəbi müxtəlif olsa da, ev sahibləri mənzillərini oğlanlara verməkdən çəkinir.
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov “Cümhuriyət”qəzetinə açıqlamasında deyib ki, avqust ayının sonu, sentyabr ayının isə əvvəli kirayə mənzil bazarının mövsümü olduğu üçün qiymətlər artır:"Amma satışda qiymətlər azalıb. Çünki avqust və sentyabr aylarında insanların çoxu məzuniyyətdə olur və ya məzuniyyətdən yeni qayıdır. Yəni bazar üçün mövsüm ayı deyil. Satış bazarı üçün oktyabr, noyabr və dekabr ayları münasib olacaq. Yəni o aylarda aktivlik artacaq və qiymətlərdə bahalaşma da məhz o zaman özünü göstərəcək. Kirayə evlərin qiymətlərində oktyabr ayının ikinci yarısından sonra stabilləşmə gözlənilir. Məhz ilin sonuna doğru azalma olacaq. Təxminən proseslərin əksi baş verəcək”.
Bəs oğlanlara niyə kirayə mənzil verilmir?Ekspert bununla bağlı deyib ki, mənzil sahibləri oğlanlara kirayə evi verməyə meyilli deyillər:
“Bunun da səbəbi oğlanların kirayə mənzil sahiblərini çox incitmələridir. Evdə problemlər yaşadırlar, mənzilə yaxşı baxmırlar. Ev sahibi çox zaman polisə çağırılır. Amma qız uşaqlarında bu problemlər olmur. Ev sahibləri mənzillərini daha çox qızlara verməkdə maraqlıdırlar. Düşünürlər ki, qızlarla hər hansı problem yaşamayacaqlar”.
Cebhe.info
Alçina Amilqızı
Tarix: 17-09-2017, 13:55