Pedoqoji Universitetdə “bespridel”: Rektor məhkəmələrə də meydan oxuyur

Pedoqoji Universitetdə “bespridel”: Rektor məhkəmələrə də meydan oxuyur “Azərbaycanda elə bir məhkəmə yoxdur ki, bizim əleyhimizə qərar versin”
Pedaqoji kadrların hazırlanması sahəsində ən böyük ali təhsil ocağı olan Azərbaycan Dövlət Pedoqoji Uuniversitetində baş verənlər ətrafında müzakirələr səngimək bilmir. Əslində bu söz-söhbətlər universitetdə islahatlar aparacağı gözlənilən, elə bu məqsədlə də 23 iyun 2016-cı ildə ADPU-ya rektor təyin edilən Cəfər Cəfərovun gəlişindən dərhal sonra qızışmağa başlandı. Yeni rektorun təyinatından sonra apardığı “islahatlar” universitetin müəllim və tələbə heyəti arasında ciddi narazılıq doğurdu. Xüsusilə yeni təyinatından öncə rektoru olduğu Turizm və Menecment Universitetindəki komandasından ayrıla bilməyən C. Cəfərovun kadr dəyişiklikləri ciddi rezonans doğurdu. Pedaqogika ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan şəxslərin unuversitetdə rəhbər vəzifələrə gətirilməsi və onların uzun illər ərzində formalaşan elmi-pedaqoji mühitə zidd addımları C. Cəfərovun “islahatları”nın hansı nəticələrə gətirib çıxaracağını açıq şəkildə göstərir.

Öz komandası üçün ADPU-da “turizm bölgəsi” yaradan rektorun əməlləri artıq hamını narahat etməyə başlayıb.
Rubrika.az-a daxil olan məlumatlara görə ADPU-da baş verən son olaylar Prezident Admnistrasiyasında qəzəblə qarşılanıb və hətta Təhsil naziri məzuniyyətdə olmasına baxmayaraq çağırılaraq baş verənlərlə bağlı izzahat tələb olunub.
ADPU-nun müəllimləri arasında aparılan yoxlamalar nəticəsində haqsızlıqla üzləşdiyini və heç bir əsas olmadan işdən azad edildiyini bildirən universitetin keçmiş müəllimi burada baş verənlərlə bağlı Rubrika.az-a ilginc məlumatlar verib. Onun bildirdiyinə görə təyinatından sonra Turizm və Menecment Universitetindəki kadrlarını ADPU-ya transfer edən C. Cəfərov illərlə universitetdı çalışan alimlərin taleyini bir qrup pedaqogikadan və ümumiyyətlə elmdən uzaq olan şəxslərin ümidinə buraxıb. Kimlərdir C.Cəfərovun ADPU-da “islahatları”nı həyata keçirən kadrları?
C. Cəfərovun “ islahatçı komandası”
Rektorun “Tədris Hissə müdiri” təyin etdiyi və “sağ əli” hesab olunan Sənan Əliyev hal hazırda Turizm və Menecment Universitetində menecment fakultəsinin dekanı işləyir. Bu yolla komanda həm də hər iki universitetə nəzarəti əllərində saxlayırlar. Menecment sahəsində ixtisaslaşan Sənan Əliyevin pedaqogika və tədris ilə hansı dərəcədə bağlı olduğunu isə C. Cəfərovdan başqa bilən yoxdur.
C. Cəfərovun ən qalamaqallı təyinatlarından biri olan Avtandil Bayramov da rektorun “sağ əli” hesab olunur. A. Bayramov da S. Əliyev kimi ADPU-da yarımştat, TMU-da isə tam ştatla işləyir. Universitetin insan resursları şöbəsinin müdiri işləyən A.Bayramov sadə dillə deyilsə burada “at oynadır” A. Bayramovun ciddi narazılıq doğuran ilk “islahatları” müəllimlərin hər iş günündə, dərs keçmədiyi günlərdə belə, ADPU-nun mərkəzi korpusuna gəlib iş cədvəlinə qol çəkmələrini tələb etməsiylə başlamışdı . Bu isə xüsusən yaşlı müəllimlər üçün problem yaradığı üçün 150-dən çox şəxs işdən getmək barədə ərizə yazmışdı. ADPU-nin müəllim heyəti vaxtilə türmədə nadzor işləyən Avtandil Bayramova “bu universitet türmə, biz də məhbus deyilik”- deyə etiraz etdilər. Baş verənlərin ciddiliyini görən C. Cəfərov o zaman işə müdaxilə edərək narazılığı qismən sakitləşdirə bilmişdi.
ADPU-ya rektor təyin edilən Cəfər Cəfərovun qarşısında qoyulan əsas tələblərdən biri guya rüşvətin kökünü kəsmək olsa da, onun “sağ əli” olan A.Bayramovun universitetdə yeni rüşvət ocağı yaratdığı bildirilir. Məlumatlara görə ixtisarlar zamanı adları “qara siyahı”da olan müəllimlər Avtandil Bayramovla “anlaşdıqdan” sonra öz işlərini qoruya biliblər. Təxminən 20-dək müəllimin rektorun özü ilə gətirdiyi “islahatçı” kadrı yaxından “gördüyü” və bu görüşün onların hər birinə ən azı 10 min manata başa gəldiyi vurğulanır.
Ümumiyyətlə, son 1 ildə universitetdə rüşvət nəinki azalıb, hətta daha da çiçəklənmə mərhələsinə qədəm qoyub. Xüsusilə qabiliyyət tələb edən imtahanlarda rüşvət xüsusi “qabiliyyətlə” alınır.
A.Bayramov eks-prezident Ayaz Mütəllibovun prezidentliyi dönəmində Prezident Aparatında çalışıb. Özü isə Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin kadrı hesab olunur. Azərbaycan dilində doğru-dürüst danışa bilməyən A.Bayramovu mərhum dövlət başçısı Heydər Əliyevin hakimiyyəti dönəmində maskalanaraq çalışsa da, onun 2004-cü ildə Rusiyaya xidmət etdiyinə və çoxsaylı qanunsuz əməllərinə görə prezident İlham Əliyev tərəfindən işdən qovulduğu bildirilir.
Belə “zəngin keçmişə” malik olmasına baxmayaraq C. Cəfərovun A.Bayramova etimad göstərməsi, onun universitetin ağsaqqal müəllimlərinə, professor və akademiklərinə yuxarıdan aşağıya baxmasına, qaba, kobud rəftarına göz yummasını heç cür başa düşmək olmur.
C.Cəfərovun kadrlarından biri də ADPU-nun hüquqşünası Aydın Kərimovdur. Rubrika.az-a verilən məlumata görə universitetdə heç bir ştatda adı belə keçməyən A. Kərimov rektorun uşaqlıq dostu və həmkəndlisidir. AXC hakimiyyəti dövründə Ədliyyə nazirinin müavini təyin olunan A. Kərimov ADPU-ya heç bir aidiyyatı olmadığı halda kollektivin taleyində, xüsusilə işdən çıxarılmalarda mühüm rol oynayır.
C.Cəfərovun TMU-dan gətirdiyi daha bir kadr isə tələbələr şöbəsinin müdiri, eyni zamanda rektorun qardaşının kürəkəni olan Vüsal Xəlilovdur. TMU-da dəftərxana müdiri işlədiyi zaman adam döydüyü üçün işdən azad olunan V.Xəlilov indi tələbələr taleyini həll edir.
C.Cəfərovun həyat yoldaşının xalası oğlu olan Arzu Daşdəmirov isə fizika fakultəsinin dekanı təyin olunub.
C.Cəfərov bir sıra məmurların da yaxınlarını ADPU-da yüksək postlara təyin edərək mövqelərini daha da möhkəmləndirib. MSK sədri Məzahir Pənahovun qardaşı Şahin Pənahov tarix fakultəsinin, Səttar Mehbalıyevin qardaşı qızı Elnarə Mehbalıyeva isə kimya-biologiya fakultəsinin dekanı təyin olunub. Məleykə Abbaszadənin qızı Nigar Abbaszadə isə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir.
Rubrika.az-a danışan mənbənin sözlərinə görə ümumiyyətlə C.Cəfərovun kadr təyinatında qohumbazlıq qırmızı xətt təşkil edir. Özünün və yüksək çinli məmurların qohumlarından ibarət komanda formalaşdıran rektor qədim təhsil ocağında dözülməz şərait yaradıb.
“Biz məhkəmələri cibimizə qoyub gəzdiririk”
Universitetdən qanunsuz olaraq çıxarıldığını və keçirilən attestasiyanın nəticələrini qəbul etmədiyini bildirən müəllim apelyasiya şikayəti verir. Ona Aydın Kərimova müraciət etməsini bildirirlər. Aydın Kərimov nə üçün attestasiyadan keçmədiyini soruşan müəlliməyə olduqca unikal bir cavab verir : “ Sənin sifətin mənim xoşuma gəlmir”. Attestasiya komissiyasının üzvü olan Şahlar Ağayev isə müəlliməyə daha maraqlı cavab verib. Şahlar müəllim bildirib ki, xarici ölkələrin təcrübəsində bir müəllimin 10 ildən artıq müddətdə eyni təhsil ocağında çalışmasına yol verilmir. Biz də həmin təcrübəni burada tətbiq etmək istəyirik. Müəllimənin “siz özünüz nə qədərdir ki, işləyirsiniz” sualına Ş.Ağayev 55 ildir ki, BDU-da işlədiyini bildirib. Təbii ki, niyə həmin təcrübənin özünə tətbiq edilmədiyi sualına Şahlar müəllim cavab verməyib.
Müəllimə bildirir ki, attestasiyanın nəticələrinə etiraz edərək Avtandil Bayramova müraciət edib. 25 ildir ki, ADPU-da qüsursuz fəaliyyət göstərdiyini, dəfələlə imtahan rəhbəri təyin edildiyini, attestasiyadan cəmisi 2 ay əvvəl yaxşı fəaliyyətinə görə pul mükafatı ilə təltif olunduğunu bildirən müəlliməyə A. Bayramov işdən çıxarılmasının əsl səbəbini söyləyib. Məlum olub ki, sosial şəbəkələrdə-Facebookda yazdığı tənqidi statuslarına görə rəhbərliyin qəzəbinə gələn müəllimənin digərləri kimi “öz xahişi ilə” işdən getməkdən başqa çıxış yolu qalmayıb. Müəllimə bildirir ki, attestasiyadan keçməyənlərə hədə-qorxu gəlirlər və onlar əlacsız qalaraq “öz xahişləri ilə” işdən azad olunurlar.
Məhkəməyə müraciət edəcəyini söyləyən müəlliməyə isə Avtandil Bayramov belə cavab verib :
-”Azərbaycanda elə bir məhkəmə yoxdur ki, bizim əleyhimizə qərar versin. Biz məhkəmələri cibimizə qoyub gəzdiririk”.
İşdən çıxarılan müəllimə indiyə qədər universitetdən yalnız işdən azad olunması haqqında əmrin surətini ala bilib. Attesasiyanın nəticələri haqqında, eləcə də digər sənədlər ona verilmir və hədə-qorxu gəlinir. Dəfələrlə müraciət etməsinə baxmayaraq müəlliməyə heç bir müsbət cavab verilməyib. 25 illik pedaqoji fəaliyyətinin üstündən bir anda qələm çəkilən müəllimə bildirir ki, C. Cəfərovun “iislahatçı komandası” ADPU-da öz bildiklərini edirlər. Universitetin kollüktivi ilə kobud rəftar edən, bir çox hallarda qaba hərəkətlər edən Cəfərovun kadrları ciddi narazılıq formalaşdırırlar. Yuxarıda qeyd etdiyimiz kimi artıq bu narazılıqların əks-sədası Prezident Admnistrasiyasından da eşidilməyə başlanıb. Yəqin ki, C. Cəfərovun “islahatçı komandası” haqqında yaxın zamanlarda əsl islahatlar həyata keçiriləcək.(rubrika.az)
Tarix: 18-09-2017, 10:18
Xəbəri paylaş





Xəbər lenti