Nəsimi rayonunda zibillik: sakinlər şikayət edir
Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən Heydər Əliyev adına parkın yaxınlığı zibilliyə çevrilib. Həmin ərazidə bir neçə il öncə məişət tullantılarının atılması üçün xüsusi yer tikilsə də, sonradan baxımsızlıqdan yararsız vəziyyətə düşüb. Sakinlər deyirlər ki, tullantıları kim hara gəldi atır, qalaq-qalaq yığılan zibillər vaxtlı-vaxtında daşınmır.Yaxınlıqda yaşayan sakinlər antisanitariya səbəbindən evlərinin pəncərələrini aça bilmirlər: “On ildən çox olar ki, burada zibillərin atılması üçün eksperiment tipli zibilxana düzəltmişdilər. Pilləkənlə qalxaraq zibili yuxarıdan atırdıq, yuvarlanıb aşağıdakı quyuya düşürdü. Sonra tullantıları oradan xüsusi maşınlarla daşıyırdılar. Amma illərdir ki, həmin bu tikili sökülüb-dağılıb. İndi ora çıxmaq da təhlükəlidir. Camaat zibili hara gəldi tullayır. Üfunət iyindən evdə oturmaq olmur, pəncərələri aça bilmirik”.
Şikayətçilərin sözlərinə görə, bu tikilini söküb yerində səliqəli zibil qutuları yerləşdirmək daha münasib olardı: “Hər gün bu zibilin içərisindən keçib işə gedirik. Hamı gətirib zibili həmin quyunun həndəvərinə tullayır. Bir neçə qırıq zibil qutusu qoyublar, onlara da nəzarət edən yoxdur. Bəzən günlərlə dolub-daşır, yığışdıran olmur”, - deyə sakinlər gileylənirlər.
G. Əliyeva
Virtualaz.org
Tarix: 26-09-2017, 14:54