Bu da səhiyyəmizin günü... - ŞİKAYƏT

Bu da səhiyyəmizin günü... - ŞİKAYƏT "Başqa yerdə yoxlatdırdıq, məlum oldu ki, biləkdə sınıq yox imiş, həkim səhv diaqnoz qoyub, üstəlik, gipsi də düz qoymadığından uşağın qolu zədələnib". "Biləyin sınığı" diaqnozu ilə Ağsunun Elabad kəndinin 1 yaş 6 aylıq sakini Sevinc Sarılının sağ qoluna gips qoyulub. Körpənin atası Vüqar Sarıyev deyir, sentyabrın 21-də uşaq fasiləsiz ağladığından onun səhhətində problem olduğunu düşünərək rayon xəstəxanasına götürüblər. Burada həkimlər vizual müayinə edərək uşağın biləyinin sındığını və təcili gipsə ehtiyac olduğunu bildiriblər:

"Həkimə dedim, bəlkə əvvəlcə uşağın biləyini "snimka" etdirək, görək müayinə nə göstərəcək. Dedi, "ehtiyac yoxdur, baxanda da görünür ki, bilək sınıb. Bilək dedilər, ancaq bütün qolu gipsə saldılar. Evə qayıtdıq, gördük ki, uşağın çığırtısı daha da artır, götürüb Kürdəmirə apardıq. Orda xəstəxanada qolu "snimka" elədilər, dedilər, uşağın biləyi də, qolu da salamatdır. Gipsi düz qoymayıblar deyə, uşağa ağrı verir".

Beləcə, Kürdəmir xəstəxanasında balaca Sevincin qolunu gipsdən azad ediblər.

Ağsu sakini Mədinə Həsənova deyir, bir müddət əvvəl ona da səhv diaqnoz qoyulub: "Düzgün müalicənin əsasında dəqiq diaqnoz durur. Öd ağrılarıma görə müraciət etmişdim, mənə tamamilə yanlış diaqnoz qoyulmuşdu. Qoyduqları diaqnoz üzrə qəbul etdiyim ağır iynə-dərman preparatları isə salamat böyrəklərimi sıradan çıxardı. 1 ildən çoxdur ki, Bakıya köçmüşəm və həftədə iki dəfə dializ alıram. Halbuki, xəstəliyim dərin deyilmiş və qısamüddətli müalicə kifayət edirmiş".

dia.az
Tarix: 26-09-2017, 21:24
Xəbəri paylaş





Xəbər lenti