Azərbaycanda pulsuz təhsil ləğv olunur?
2020-ci ilə qədər Azərbaycanda məktəblər özünümaliyyələşdirmə sisteminə keçməlidir. Virtualaz.org xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyeva deyib.Onun sözlərinə görə, özünümaliyyələşdirməyə keçid Təhslin inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulub. “Maliyyələşdirmə məktəblərin idarə edilməsində böyük rol oynayır. Biz hələlik məktəblərin özünümaliyyələşdirməsinə keçməmişik, lakin 2020-ci ilə qədər bu proses başa çatmalıdır”, - o bildirib.
Məhəbbət VəliyevaVirtualaz.org-un əməkdaşı Məəbbət xanımın özündən məktəblərin hansı mənbələr hesabına maliyyələşdiriləcəyi barədə şərh ala bilməyib. İdarədə əvvəlcə bildiriblər ki, direktor konfransdadır, sonradan isə zənglərimizə, ümumiyyətlə, cavab vermədilər.
Özü özlüyündə ümumtəhsil məktəblərinin özünümaliyyələşdirməyə keçməsi pulsuz təhsilin ləğvi və pullu orta təhsilə keçid deməkdir. Hər halda, Bakı Şəhər Təhsil İdarəsinin direktorunun sözləri belə anlaşılır. Bu isə o dövrdə baş verir ki, bütün dünyada təhsilin istənilən dövlətin inkişafındakı strateji əhəmiyyəti nəzərə alınaraq, orta və ali təhsilin tamamilə pulsuz olması trendi möhkəmlənməkdədir.
Aydındır ki, özünümaliyyələşdirmədə müəllimlərin əməkhaqqına, kommunal xərclərə, təmirə və s. xərclərə sərf edilən vəsait məktəbin özü tərəfindən ödənilməlidir. Bu halda özünümaliyyələşdirmənin hansı mənbələri ola bilər? Belə çıxır ki, bu ilk növbədə təhsil haqqıdır. Hələlik bufetlərdən başqa məktəbin elə bir real qazanc yeri yoxdur.
Bəs belə olan halda təhsil haqqını ödəyə bilməyənlər nə etsin? Yoxsa icbari orta təhsil prinsipinin yerinə yeni sistem gəlir – “pulun yoxdur – təhsil də yoxdur”?Ceyhun Nəcəfov
Tarix: 30-09-2017, 09:03