Mikayıl Cabbarov 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq təhsili alıb.
O, universitetin nəzdindəki məktəbdə aldığı təhsilin yarısını Azərbaycanın təhsili ilə bölüşməyib.
Makcorc Hüquq məktəbi rəhbərliyinin ağlına da gəlmir ki, 90-larda oxumuş məzunlarından biri Cənubi Qafqaz ölkəsində nazir vəzifəsində işləyir. Sözügedən təhsil ocağının verdiyi elmin səviyyəsinə birmənalı qiymət vermək çətindir. Çünki ABŞ-da heç də bütün ali məktəblər mükəmməl təhsil vermir.
Lakin M.Cabbarov dünyanın ən inkişaf etmiş cəmiyyətlərindən birində, Amerika mühitində olub.
Bu, onun davranışları, həyata baxışı, fəaliyyəti və tutduğu postdakı qurduğu sistemdə öz əksini tapmalıydı. Bəs biz nə görürük?
Biz onu görürük ki, Azərbaycanın təhsil naziri Makcorc Hüquq məktəbinin tədrisindən daha çox, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi aldığı bilikləri yaxşı mənimsəyib.
Yəni, rüşvətə bulaşmış ADİU-də iqtisadi idarəçiliyi, bazar iqtisadiyyatının təhsildə sınaqdan keçirilməsini mükəmməl şəkildə öyrənib.
Belə demək olarsa, 2 illik Amerika mühiti Bakıya dönüşündə “sabun köpüyü”nə çevrilərək əsl azərbaycanlı biznesmen təfəkkürü ilə düşünən birinə “məğlub” olub - M.Cabbarov yerini tapıb. O yer ki, dünənə kimi qoruq idarəsinin müdiri, indisə təhsil naziri işləyir.
Və yerini tapdıqdan sonra Azərbaycan təhsilinin anasını elə ağladıb ki, Misir Mərdanov onunla müqayisədə Makcorc Hüquq məktəbindən daha çox biliklər mənimsədiyi təsəvvürü yaranır. Heyhat!
***
Bu müqayisəyə faktlarla nəzər salaq:KİV-də gedən yazılara görə, Bakıda Müəllimlər günü ilə əlaqədar 59 saylı orta məktəbdə ibtidai siniflər üçün 30, yuxarı siniflər üçün isə 50 manat pul yığılıb. 236 saylı məktəbdə ibtidai sinif müəllimləri üçün, Ağcəbədi rayon 12 saylı məktəbdə 10 manat, Masazırda yerləşən 4 saylı məktəbdə 20 manat, Xırdalanda 3 saylı məktəbdə (məbləğ məlum deyil), Bakı şəhərindəki 201 saylı məktəbdə 30 manat, 151 saylı məktəbdə 50 manat, Gəncə şəhər 2, 4 və 32 saylı məktəblərdə, Nəsimi rayonu 151 saylı məktəb, Binəqədi rayon Xocahəsən qəsəbəsindəki 103 saylı məktəbdə, Binəqədi sayonunda yerləşən 3 saylı məktəbdə, Sumqayıt şəhər 33 saylı, Xırdalan şəhər 10 saylı məktəbdə, Xətai 204, 261, 63, Bakı şəhərindəki 145, 213, 316, 32, 193, 257, 258, 254, 151, 45, 25, 148 saylı məktəblərdə müəllimlər üçün pul yığılıb.
Rüsvayçılıq. Rəzalət. Biabırçılıq. Adı islahatçı və Qərb cəmiyyətində təhsil almış nazir kimi çıxmış M.Cabbarovun 2013-cü ildən bəri reformaları bundan ibarətdir?
***
Pasifik Universitetinin rəhbərliyi nazir olan məzununun qurduğu sistemdə alver getdiyini bilsəydi, ondan imtina edərdi.
Ayrı bir fakt: məktəblilərə yol hərəkəti qaydalarını öyrədən dərslikdə kobud səhvlər qeydə alınıb. Dərslik aşağı sinif sagirdlərinə yol hərəkəti haqqında yanlış bilgilər verir.
Bu fikirlərlə “Digesta” hüquq firmasının direktoru, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov qeyd edib.
Ekspert 3-cü sniflər üçün nəzərdə tutulmuş “Qiymətləndirmə” kitabının müəlliflərini tənqid edərək bildirib ki, uşaqları yanlış istiqamətdə məlumatlamndırmaq təhlükəlidir.
Təkcə nəqliyyatdırmı, əksər dərsliklər səhv, biabırçı, kobud yanlışlıqlarla dolub-daşır. Azərbaycanın gələcəyini məhv edən həmin dərslik müəlliflərinə ən ağır cəza düşməsi ilə bərabər Təhsil Nazirliyinə də ən ağır sözlər yaraşır.
Nazirlik isə yaxasını kənara çəkərək özlərini kənd təsərrüfatı ilə əlaqəli qurum kimi aparırlar. Guya dərsliklərə müdaxilə və nəzarət etmək hüququna malik deyillər.
Amma pul yığmaq, rüşvət götürmək, liseyləri, kollecləri, məktəbləri bazara çevirmək hüququna malikdirlər. 2013-cü ildən sonra ölkənin təhsili Çad, Uqanda, Mozambik təhsil səviyyəsi ilə bərabərləşib.
Bizim ölkədə isə ən böyük zərbələr təhsilə vurulub. 17000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəblərdən kənarlaşdırılıb, xaricdə təhsil proqramı ləğv edilib, büdcədən ən az vəsait təhsilə ayrılıb, təhsil işçiləri 150-200 manatın girovuna çevrilib və əlahəzrət korrupsiya özünü bu sahəyə də pərçim edə bilib. O halda M.Cabbarov nəyi dəyişib? - heç nəyi.
***
AnaXeber.Az yazır ki, Bugünə qədər minlərlə insana diplom verilib, minlərlə insan testlərdən, diaqnostik qiymətləndirmədən keçib.
Əgər bu adamlar peşəkar olmayıbsa, niyə diplom verilib, niyə uzun illər təhsil sahəsində çalışa bilib?
Məlum oldu ki, elmi adları olan müəllimlər imtahanda yalnız 5-6 suala cavab verə bilib. Belə “savadlı” adamlara elmi adı kimlər verib?
Ümumiyyətlə, bu qədər savadsız müəllimin auditoriyaya qədər gəlib çıxmasında məsuliyyəti kim daşıyır?
Bundan başqa, Təhsil Nazirliyinin nə poçtu var, nə poçtxanası. Telefonları da düz deyil, işləmir. Sanki ünvanı da səhvdir.
Nə qədər məktub yazırsan, 37- ci ildə həbs olunan adamlar kimi birdəfəlik gedir, nə xəbər gəlir, nə gedib soruşmağa nə bir qapı tapırsan, nə də bir pəncərə.
Adına təhsil, bilik, savad, elm deyilən Təhsil Nazirliyində kollec tələbələrinə oxşar, qızlar, katibələr və katiblər adama elə tərs - tərs baxırlar ki, elə bil bunların dərsliklərin bərbad olmasının əsas səbəbkarı mediadır.
Elə bil dərsliklərdəki mənasız- mənasız şeirləri, sualları, məsələ-misalları mətbuat tərtib edib.
ABŞ-da təhsil alarkən M.Cabbarov heç olmasa bircə dəfə oradakı tədris metodu, dərsliklər və s. sahələri təftiş edibmi? Onların hansı birini Azərbaycan təhsilinə tətbiq edib?
AnaXeber.Az bildirir ki ,Dərsliklərin bərbad olması ilə gələcək nəsili indidən genosid edən M.Cabbarovun nazirliyi tarix qarşısında cavab verməli olacaq.
Təəssüf ki, biz dünya təcrübəsini öz təhsilimizə tətbiq edə bilmirirk. Hollandiya, İngiltərə, Cənubi Koreya, Sinqapur kimi ölkələrin orta məktəb dərsliklərini Azərbaycana tətbiq etməyin vaxtı gəlib.
Bizimkilər informasiya yükü ilə doludur. Təsəvvür edin ki, dərsliyi yazan şəxslər elmlər doktorudur və ya professordur.
O özünün bildiyi bütün məlumatları dərsliyə daxil edir. Düşünür ki, onun bildiyi bütün saxta məlumatlar lazımlıdır. Lakin bu qətiyyən düzgün yanaşma deyil. Dərslik sadə dildə yazılmalıdır.
Teymur Gil
xüsusi olaraq AnaXeber.Az üçün
Tarix: 6-10-2017, 08:57