Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli aşağıdakı kimidir:Ümumi (9 illik) orta təhsil bazasında ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının yenə də iki mərhələdə, lakin 3 fənn üzrə keçirilməsi nəzərdə tutulur. AzVision.az xəbər verir ki, bu barədə DİM-in yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, hər iki mərhələdə şagirdlərin bilikləri tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qiymətləndiriləcəkdir.
Birinci mərhələdə tədris dili üzrə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən, riyazi bacarıqları yoxlamaq məqsədilə isə açıq tipli tapşırıqlardan, xarici dil üzrə də şagirdlərin oxuyub-anlama, dinləyib-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən istifadə ediləcək. İkinci mərhələdə isə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə olunacaq.
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanları isə bir mərhələdə – tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcəkdir. Bu mərhələdə şagirdlərin bilikləri yeni təhsil proqramları (kurikulum) əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcək.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanı 5 ixtisas qrupu üzrə aparılacaq. Abituriyentlər I, II,III və IV qrupa aid ixtisaslara qəbul olmaq üçün 3 fənn üzrə imtahan verəcəklər.
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. V ixtisas qrupunun ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər əlavə olaraq qabiliyyət imtahanı da verəcəklər.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin I-IV qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər aşağıdakı fənlərdən imtahan verəcəklər:
Bir daha qeyd olunmalıdır ki, yuxarıda göstərilən model 2019-cu ildən etibarən tətbiq olunacaq. 2018-ci ildə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanları, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları 2017-ci ildə olduğu kimi keçiriləcək. 2018-ci ilə dair yeganə dəyişiklik ondan ibarətdir ki, ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus (gürcü, ingilis) bölməsinin abituriyentləri Azərbaycan dili fənnindən imtahan verəcəklər.
Aytən Zəhra
Tarix: 6-10-2017, 17:13