Azərbaycanda yasla bağlı qadağalar rəsmiləşəcək? - DEPUTAT AÇIQLADI

Azərbaycanda yasla bağlı qadağalar rəsmiləşəcək? - DEPUTAT AÇIQLADI Tacikistanda yas mərasimləri ilə bağlı yeni qaydalar qəbul olunub. Qaydalara əsasən, matəm zamanı ağlamaq olar, lakin bərkdən ağı demək, başa torpaq tökmək, saç yolmaq, üz cırmaq, ağı demək üçün xüsusi adam gətirmək qadağan olunub. Mərhumun ən yaxın qohumlarına üç gün yas saxlamağa icazə verilir. Təlimatda matəm mərasimi zamanı kişilərin və qadınların geyimi ilə bağlı müddəalar da yer alıb. Milli adətlərə görə, mərasim vaxtı qara paltar geyinmək olmaz. Üç, yeddi, qırx və il mərasimlərində heyvan kəsilməsi və yemək verilməsinə də qadağa qoyulub.

Maraqlıdır, görəsən, Azərbaycanda da yas mərasimləri ilə qaydalar rəsmiləşə bilərmi? Dəfələrlə Milli Məclisdə bu məsələ müzakirəyə çıxarılsa da, heç bir nəticə əldə olunmayıb, desək, yanılmarıq. Daha doğrusu, tövsiyələr nəticə verməyib. Hətta “Ölkədə keçirilən yas mərasimləri hətta monopoliyaya alınıb” - deyə iddia irəli sürənlər də az deyil.

Öncə başlayaq ondan ki, yas mərasimləri insan övladının özü qədər qədim tarixə malikdir. Bu mərasim dünyada bilinən bütün mədəniyyətlərin ümumi rituallarından biridir. Dinə gəlincə, yas saxlanılmasının müddəti üç gündür. Dini ədəbiyyatda və qaynaqlarda bununla bağlı kifayət qədər ətraflı məlumat var. Məsələn, Həzrət Məhəmməd (s) qadının yas saxlamasını misal göstərməklə buyurub: “Allaha və Axirət gününə iman edən qadına ölü üçün üç gündən artıq yas tutmaq halal deyil. Ancaq əri üçün dörd ay on gün yas tutması müstəsnadır”. Burada qadının hamilə olub-olmamasının aydınlaşması, bundan doğan vərəsəlik və s. dəqiq bilinməsi kimi vacib məsələlər nəzərdə tutulmuşdur. Yerdə qalan qohum-əqrəba üçün yalnız üç günlük müddət müəyyənləşdirilib.



İslama görə, dəfn mərasimindən sonra dünyasını dəyişən şəxsin yaxınlarının qonşular və qohumlar tərəfindən ziyarət edilməsi bəyənilən əməllərdəndir. Vəfat edən şəxsin dəfnindən sonra onun evinin ziyarət edilməsi ilə bağlı Məhəmməd peyğəmbər (s) belə buyurub: “Kim fəlakətə uğrayan qardaşına başsağlığı verərsə, Allah qiyamət günündə ona ikram geyimlərini geyindirər”. Dəfndən sonrakı müddət ərzində qonşular yemək hazırlayaraq, vəfat edən şəxsin evinə gətirə bilərlər. Dinimizin qanunlarına görə, yas məclisinə başsağlığı vermək məqsədilə gələnlərin (qonşu, tanış-biliş, qohum-əqrəba) orada yemək yeməyi deyil, özləri ilə yemək gətirməkləri məsləhət görülür.

Qeyd edək ki, əksər müsəlman ölkələrində yas mərasimlərində təmtəraqdan qaçılır. Yalnız üç gün müddətində başsağlığı üçün gələn qonaqlara su, xurma verilir, yaxud da ölən şəxsin qonşuları tərəfindən yemək bişirilir və qonaqlara paylanılır. Başsağlığı üçün gələn ziyarətçilər arasında ölənin ailəsinə kömək üçün maddi vəsait toplanır. Vəfat etmiş şəxsin əşyaları və geyimləri kasıb insanlara verilir ki, bu da dünyasını dəyişmiş şəxsin o dünyada mükafatlandırılacağı inancı ilə bağlıdır.

Təəssüf ki, ölkəmizdə yas mərasimləri öz israfçılığı və təmtərağı ilə seçilir. Məsələn, bir ailədən bir nəfər dünyasını dəyişir. Onun dəfni ilə yanaşı, bir sıra yersiz adətlər icra olunmağa başlanılır. Bu ağlasığmaz adətlər nəinki İslam dinində yoxdur, hətta şəriətlə ziddiyyət təşkil edir. Bəzən də o adətlər zülm və günah vasitəsinə çevrilir. Əslində, həqiqi İslamla əlaqəsi olmayan o adətlərdən bəzilərini aşağıdakı kimi müəyyənləşdirə bilərik:

Toyu olmamış cavan qız və ya oğlanın cənazəsi kənarında toy xonçasının düzülməsi;

Ölənin cənazəsi önündə qoyun və ya qurbanlıq kəsmək;

Əza əhlinin süfrə açması və camaatın o məclisdə iştirakı; Halbuki, dəfndən sonra üç gün əzaya düşən ailəyə yemək göndərmək müstəhəbdir və onların yanında, evlərində yemək məkruhdur.

Camaatın bir-birinin nəzərlərini çəkmək üçün yas mərasimlərini dəm-dəstgahlı təşkil etməsi, beləliklə də qəm-kədər məclisinin şadlıq-fərəh məclisinə bənzəməsi;

Qəbirlərin cah-cəlalla düzəldilməsi və s.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, əvvəlki illərlə müqayisədə artıq ölkədə yas mərasimi ilə bağlı rituallar təmtəraqlı keçirilmir:

“Naxçıvanda artıq neçə illərdir ki, yas mərasimləri çox sadələşdirilib. Orada demək olar ki, ehsan yığışdırılıb. Yalnız yüngül şəkildə çay süfrələri verilir. Respublikanın bölgələrində yas mərasimlərinin belə deyək, israfçılıq etmədən yola verilməsi uğurla həyata keçirilir. Ölkənin ən böyük şəhərlərindən biri Gəncədə yaydan bu yana yas mərasimləri sivil şəkildə qaydaya düşüb. Yalnız yas günü, 3 və 40 mərasimləri keçirilir. Bunda da çay süfrələri ilə kifayətlənilir. Artıq Bakının da kəndlərində bu şəkildə islahatlar gedir. Birdən-birə bütün ölkədə, özü də interaktiv qaydada əmrlə-qanunla adət-ənənələri dəyişmək olmur. Tacikistanla Azərbaycanı eyniləşdirmək olmaz. Bizdə əhali sayı da çoxdur. Mədəniyyətin inkişafı, yerli, etnik xüsusiyyətlər fərqlidir. Ona görə də Tacikistanla bizi eyniləşdirmək olmaz. Hesab edirəm ki, bizdə daha doğru yoldur. Bu işləri yavaş-yavaş, sivil qaydada həyata keçirə bilərik. Amma məni narahat edən məsələ bizim yas mərasimlərində dini sektalar, ənənəvi qəbul olunmayan cərəyanlara məxsus adamların bəzi hallarda yas mərasimlərini aparmalarıdır. Kişi məclislərində yaslarda mərsiyə, ağı demək müşahidə olunur. Bunlar ciddi narahatlıq doğurur. Qalan hallarda yas mərasimlərimiz normal keçirilir. Qarabağda şəhid olan oğullarımızın ruhuna dualar oxunur. Bunlar hamısı pozitiv tərəflərdir. Mən hesab edirəm ki, bizdə interaktiv normalarla, qanunvericiliklə və yaxud da hər hansı bir qərarla yas mərasiminin tənzimlənməsi doğru deyil. Hər halda bizim Qafqaz Müsəlmanları İdarəsi, yaxud da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tövsiyyə xarakterli məktublarını verə, nizamnamələrini təşkil edə bilərlər ki, hamısında bu dini mərasimlər keçirilsin. Amma dövlət səviyyəsində düzgün olmazdı. Çünki din dövlətdən ayrıdır. Dövlətin hər hansı bir addımı dinin işlərinə qarışmaq kimi olar. Bu da bizim konstitusiyamıza uyğun deyil”.

Aytən Həsənova
Tarix: 21-10-2017, 18:00
Xəbəri paylaş





Xəbər lenti