Təyyarə səfərləri barədə bilmədiyimiz maraqlı faktlar
Zaman-zaman səfərlərə çıxırıq. Daha çox təyyarə səfərləri tərcihimizdir. Çünki o, bizi mənzil başına daha tez və daha keyfiyyətli şəkildə çatdırır. Amma bu günə qədər yüzlərlə səfər gerçəkləşdirən şəxslər çox vaxt bu sirləri bilmirlər. “Yeni Müsavat” bu yazısında həmin sirlərdən yazacaq.
İki pilot eyni yeməyi yemir, çünki...Öncə təyyarəni şimşək vurması barədə. Havada olduğumuz zaman bunu çox da hiss etmirik. Amma təyyarəni pis hava şərtlərində tez-tez şimşək vurur. İki pilot uçuş zamanı əsla eyni yeməyi yeməz. Biri zəhərlənsə, digərinin səhhət baxımdan risk almaması üçün belə bir tədbir həyata keçirilib. Məsələn, əgər pilotlardan biri toyuq yeyirsə, o biri mütləq kotlet yeyir.
Təyyarədəki ayaqyolunun kilidləri bayırdan açıla bilər. Heç də hər təyyarə səfəri bir və ya iki saat davam etmir. Daha uzunmüddətli səfərlər zamanı pilotlar uçuş əsnasında yata bilirlər.
Təyyarədə sizə verilən yorğan, balışı... daha sonra heç kim yumur. Onu cəmi bir dəfə istifadə edirlər və bu, hər zaman belə nəzərdə tutulub.
Stüardessalar yemək servisi üçün gecəni gözləməyi tərcih edə bilərlər. Bunun da səbəbi odur ki, həmin vaxt daha çox sərnişinin yatdığı saatlara təsadüf etdiyi üçün iş yükləri azalmış olur.
Koridorlardakı işıq fövqəladə vəziyyətlər zamanı bayıra çıxmağa yardım edir.
Uçuş zamanı sizə verilən qulaqcıqları da heç kim yumur. Amma onlar birdəfəlik istifadə üçün deyil. Ona görə də çalışın ki, onu istifadə etməzdən əvvəl yaş salfetlə siləsiniz.
Təyyarənin fövqəladə durum üçün nəzərdə tutulan qapılarından sərnişinlər çıxmamış pilot və stüardessalar çıxa bilməz.
Oksigen maskaları 15-20 dəqiqəlik ehtiyacı qarşılayır
Bəzi hava yolu şirkətləri işçilərinə təyyarə göyə qalxana qədər ödəmə etmirlər. Yəni, onların alacaqları pul uçuş sırasında nə qədər yaxşı işləmələrinə bağlıdır.
Oksigen maskalarını da yaddan çıxarmayaq. Uçuş sırasında onun önəmini bizə dönə-dönə təkrarlasalar da, əslində onlar 15-20 dəqiqəlik ehtiyacı qarşılaya bilir.
Daha bir maraqlı detal. Oturduğunuz oturacağın altında xilasedici gödəkçələri əksər hallarda sərnişinlər oğurlayırlar.
Havada ikən içkilərin dadı adama daha gözəl gəlir. Çünki aşağı təzyiq içkilərin içindəki şəkərin daha çox ortaya çıxmasını təmin edir. Bu səbəbdən də insanlara daha şirin gələn pomidor şirəsi uçuşlarda ən çox tərcih edilən içkilərdəndir. Havada yaranan bulantıya yaxşı təsir etdiyi üçün mineral su da tərcihlər sırasındadır.
Havayolu şirkətlərinin qəribə qənaət üsulları var. Buna ən gözəl nümunə “American Airlines” şirkətidir. Onlar menyularından bir zeytun çıxararaq bir dəfə üçün 40 min dollar qənaət edib.
Düşünülənin əksinə olaraq, təyyarədə tənəffüs etdiyimiz hava ən təmiz havadır. Çünki təyyarələrdə də xəstəxanalarda istifadə edilən hava filitrasiya texnologiyasından istifadə olunur. Təbii ki, bu, təyyarə havasında mikrob yoxdur mənasını vermir. Amma hər zaman ən təmiz hava təyyarələrdəkidir.
Uçuşlardakı qəzaların 90 faizi eniş və qalxış zamanı olur. Uçuş zamanı qəzanın baş vermə ehtimalı çox nadirdir. Məhz bu səbəbdən eniş və qalxış zamanı insanların yerində oturması, eləcə də kəmərlərini taxması məcburidir.
Təyyarə enib-qalxanda sərnişinlər yer dəyişdirə bilməz
Can təhlükəsizliyi ilə yanaşı, uçuş öncəsi sərnişinlərin ağırlığı hesablandığı üçün eniş və qalxışlarda bir neçə sərnişinin eyni vaxtda yer dəyişdirməsi təyyarənin müvazinətində dəyişikliklərə səbəb ola bilər. Bu səbəbdən də sərnişinlərin yerində oturması məcburidir.
Pilotlar sizin təxmin etdiyinizdən daha çox yuxuya gedirlər. Amma buna görə qorxuya düşmək lazım deyil. Çünki avtomatik pilot dərhal dövriyyəyə girir və ya köməkçi pilot idarəni əlinə alır. Amma bu günə qədər hər iki pilotun yuxuya getməsi halları qeydə alınıb.
Pilotların menyuları hər zaman sərnişinlərinkindən fərqlidir. Onlar sərnişinlərdən fərqli yeməklər yeyirlər. Üstəlik, onlara sərnişinlərin yeməklərindən fərqli olaraq hər şey özəl hazırlanır. Bunun səbəbi pilotların uçuş zamanı xəstələnmə ehtimalını ortadan qaldırmaqdır.
Təyyarələrdə eniş və qalxış zamanı pərdələrin açıq tutulması lazım olduğunu bilirsiniz. Pərdələr qapalı olarsa, bu, bizim bayırı görməyimizə mane olar. Bu isə hansı tərəfin çıxış üçün daha təhlükəsiz olduğunu anlamağımızın qarşısını alar və ya buna görə vaxt itirə bilərik. Buna görə də pərdələri hər zaman açıq saxlamaq lazımdır.
Gecə eniş və qalxış gerçəkləşdirən təyyarələrdə işıqların sönməsi, gecə gözlərimizi qaranlığa öyrəşdirmək üçündür. Hər hansı bir qəza vəziyyətində işıqlar açıq olsaydı, gözlərin qaranlığa alışmaq üçün itirəcəyi bir neçə saniyəni qazanmaq məqsədi ilə işıqlar qapadılır.
Fövqəladə halda təyyarə 90 saniyə ərzində boşaldılmalıdır
Uzun məsafəli səfərlərdə uçuşa məsul şəxslərin istirahət etməsi üçün gizli otaqlar düzəldilib. Təyyarənin tipinə görə istirahət otaqlarının da yeri dəyişir. Pilot istirahət otaqları əsasən kokpitin tam arxasında yerləşir.
Tualet axıntılarının çox vaxt havada ikən göy üzünə atıldığı barədə stereotiplər var. Əslində isə bu, təyyarənin zibil deposunda yığılır və təyyarə eniş edəndə depo boşaldılır.
90 saniyə qaydası: Təyyarədə fövqəladə durum anında qaydalara uyğun olaraq, təyyarənin 90 saniyə içərisində boşaldılması şərtdir. Sərnişinlərin sayı, təyyarənin potensialı... kimi məsələlər burada heç bir rol oynamır.
Təyyarə gecikmələri zamanı sərnişin haqları: Təyyarə gecikdiyi zaman məsafələrinə və gözləmə müddətinə bağlı olaraq dəyişən şərtlərdə də hava yolu şirkətləri sərnişinlərə yemək-içmək, otelə transfer və pulsuz telefon, internet xidməti təqdim etməlidir.
Ən etibarlı oturacağı seçin
Təyyarədə ən etibarı oturacaq hansıdır? Bu mövzuda müzakirələr gedən zaman ən çox eşidilən cavab heç şübhəsiz ki, “təhlükəsizlik kəmərini taxdığınız hər bir oturacaq” olacaq. Belə ki, təhlükəsizlik kəməri havada yaşana biləcək təhlükələrdən qorunmanıza ciddi təsir edir. Oturacağın etibarlılığı isə təyyarənin tipinə görə dəyişir.
Airlineratings.com saytı qəza statistikalarını təhlil edərək, insan itkisinin çox olduğu qəza yerlərini üzə çıxarıb. Nəticədə qəza sonrası həyatda qalanların oturduğu oturacaqların yerləşdiyi bölgə incələnib. Qanad arxasında və təyyarənin ən arxa hissəsində oturanların həyatda qalma faizləri daha yüksəkdir. ABŞ-ın “Channel 4" kanalında yayımlanan ”The Crash" (“Qəza”) adlı sənədli filmin prodüserləri bunu daha yaxşı təhlil etmək üçün bir araşdırma aparıblar. Məlum olub ki, qabaq oturacaqlardakı sərnişinlərin yaşama şansı yoxdur. Amma təyyarənin yerdə qalan 78 faizinin sağ olaraq qurtulma ehtimalı var.
Araşdırmaya görə, oturacaq nömrəsi yüksəldikcə yaşama şansı da yüksəlir. Yəni təyyarənin arxa oturacaqlarında oturmaq daha etibarlıdır. “Popular Mechanics” adlı avtomobil və texnologiya jurnalı 1971-ci ildən bəri baş verən qəzaları bir-bir araşdırıb. Araşdırmanın nəticələrinə görə, arxa tərəfdə oturan sərnişinlərin 69 faizi, qanad üstündə oturan sərnişinlərin 56 faizi və qabaq tərəfdə oturan sərnişinlərin 49 faizinin sağ qalmaq ehtimalı var. Bütün hallarda təyyarənin arxa tərəfinin daha etibarlı olduğu üzə çıxır.
Maraqlidir ki, çox vaxt qəzalar uzunmüddətli uçuşlarda daha çox özünü göstərir. Dünyanın 10 ən uzaq məsafəli “non-stop” uçuşunun ümumi uzunluğu 133 095,967488 kilometr, yaxud 82 702 mildir. Həmin reyslər 16-17 saat müddətində reallaşır. Məlumata görə, onluqda sonuncu yeri “Cathay Pacific” Hava Yolları Şirkətinə məxsus Nyu-York - Honq Konq reysi tutur. “Boeing 777-300ER” vasitəsilə reallaşdırılan 8 072 mil məsafəlik uçuş 16 saat çəkir.
“Emirates” tərəfindən 15 saat 50 dəqiqə müddətində bir-birindən 8 103 mil məsafədə yerləşən Dubay və San-Fransisko şəhərləri arasında reallaşdırılan uçuş 9-cudur. Bu uçuşlar “Airbus A380-800" vasitəsilə reallaşır.
“Boeing 777-300ER” vasitəsilə reallaşdırılan Dallas - Honq Konq reysi bu siyahıda səkkizincidir. “American Airlines”in təyyarəsi 8 123 mil məsafəni 16 saat 20 dəqiqə müddətinə qət edir.
Dünyanın 7-ci ən uzaq məsafəli reysi “Etihad Airways” tərəfindən 8 158 mil məsafədə reallaşdırlan Əbu-Dabi - San-Fransisko reysidir. Bu məsafəni “Boeing 777-300ER” təyyarələri 16 saat 15 dəqiqəyə başa vurur.
“Emirates” tərəfindən Dubaydan Hyustona 16 saat 20 dəqiqə müddətində reallaşdırılan reyslər bu sıralamada 6-cı yerdədir. Uçış zamanı “Airbus A380-800" 8 168 mil qət edir.
Səudiyyə Ərəbistanın Ciddə şəhəri ilə ABŞ-ın Los-Anceles şəhərlərini birləşdirən 8 332 mil məsafəni “Boeing 777-300ER” təyyarələri 16 saat 55 dəqiqəyə qət edir. “Saudia” Hava Yolları Şirkəti tərəfindən reallaşdırılan bu reyslər reytinqdə 5-cidir.
Ümumi uzunluğu 8 339 mil olan Dubay - Los-Anceles reysi bu sıralamada 4-cüdür. “Airbus A380-800" təyyarələrinin 16 saat 35 dəqiqəyə qət etdiyi bu uçuşlar ”Emirates" tərəfindən həyata keçirilir.
Siyahının ilk üçlüyünə ümumi uzunluğu 8 390 mil olan Əbu-Dabi - Los-Anceles reysi daxildir. “Etihad Airways” tərəfindən “Boeing 777-200LR” vasitəsilə reallaşdırılan uçuşun müddəti 16 saat 25 dəqiqədir.
Dünyanın ən uzun saat davam edən aviareyslər siyahısında ikinci olan Yohannesburq-Atlanta reysinin məsafəsi 8 439 mil, uçuş müddəti isə 16 saat 40 dəqiqədir. Bu uçuşlar “Boeing 777-200LR” vasitəsilə “Delta Air Lines” tərəfindən reallaşdırılır.
Onluğa liderliyi isə Sidney-Dallas aviareysi edir ki, onun da uçuş məsafəsi 8 578 mildir. “Qantas” Hava Yolları Şirkətinin “Airbus A380-800" təyyarələri vasitəsilə reallaşdırdığı bu uçuşu müddəti isə 16 saat 55 dəqiqədir.
Xatırladaq ki, dünyada saatlarla sürən birbaşa uçuşlardan birini AZAL təşkil edir. Bakı-Nyu-York reysi ilə “Airbus Industrie A340" təyyarələri ilə reallaşdırılan uçuşların müddəti 12 saat 55 dəqiqə çəkir.
Sevinc TELMANQIZI
Tarix: 30-10-2017, 10:51