Biz niyə belə əfəl millətik, ilahi?..

Biz niyə belə əfəl millətik, ilahi?.. Bir mövzu adamı çəkəndə ayrıla bilmirsən ondan. Elə hey həmin predmetin içində “eşələnir”, nəsə yeni bir detal tapmağa çalışırsan. Nə gizlədim, bir müddətdir ki, bəndənizin də diqqəti katalon və kürd separatizminə yönəlib. Bu günlərdə ağlıma gəldi ki, durub dünyada nə qədər böyük və kiçik xalq olduğunu öyrənim.

Qərəz, interneti ələk-vələk elədim. Bilmirəm ki, gözümdən yayındı, yoxsa mövzu ilə bağlı elektron resurslarda bir kasadlıq var - hər halda, istədiyim dəqiq ədədi tapa bilmədim.


Amma təxmini də olsa, bildim ki, böyük ədəddir - mindən az olmaz. Yadıma gəlir ki, bir vaxt həmin ədədi kitablardan tapmışdım. Hətta 1992-93-cü illərdə Qarabağ mövzusunda yazdığım bir neçə təhlildə istifadə də etmişdim. Dəqiqliyi sevənlər də bütün hallarda onu etnoqrafik sorğu kitablarından və ya etnoqrafiyaya aid monoqrafiyalardan öyrənə bilərlər.

Əslində lap dəqiq ədəd burada önəmli də deyil. Əsas odur ki, mənə inanasınız: dünyada irili-xırdalı mindən artıq xalq var! Onların təxminən 200-nün öz milli dövləti mövcuddur.

Üstəlik, Ermənistan kimi bir-iki əcaib ölkəni nəzərə almasaq, əksər dövlətlər çoxmillətlidir. Xüsusən, qloballaşma, sərhədlərin şəffaflaşması və böyük miqrasiya axınları da ölkələrin etnik palitrasını xeyli dərəcədə rəngarəngləşdirib - eləsi var ki, orada son dövrlərdə məskunlaşan gəlmə xalqların təmsilçiləri kəmiyyətcə hətta bəzi kiçik yerli xalqları üstələyib!

Nə isə. Sözüm bunda deyil. Bircə anlığa təsəvvür edin ki, minə yaxın xalqın hamısı və yaxud da onun ən azı seçmə yüzü öz müstəqil dövlətini qurmaq fikrinə düşdü! O halda dünyada nələr baş verər? Nə qədər hərbi münaqişə ocağı peyda olar və vətəndaş qarşıdurmaları yaranar? Belə bir xaosu idarə etmək olarmı?..

Ona görə də dünyada seyrək şəkildə “suverenləşmə tendensiyası” müşahidə olunsa da, adda-budda yeni dövlətlər peyda olsa da, hər halda, “kütləvi separatizm” meylləri də sezilmir.

Həm müasir siyasi fəlsəfə, insan haqlarına, o cümlədən də milli-mədəni haqlara çağdaş yanaşma, eləcə də artıq mövcud olan dövlətlərin suverenliyini və ərazi bütövlüyünü qorumaq istəyi belə meyllərin qarşısını xeyli dərəcədə alır.

Sözsüz, tamam almaq mümkün deyil, çünki bəzən buna böyük dövlətlərin biri-birilə apardığı “Parçala, zəiflət və idarə et!” siyasəti də təkan verir. Amma hələki “zəncirvari suverenləşmə reaksiyası” yoxdur və çox ehtimal, 200 ildən sonra da olmayacaq.

Ona görə də Avropanın bəzi separatist mərkəzləri katalon hadisəsini ciddi-cəhdlə izləsə də, hətta okeanın o tayından Kanada kvebekləri də “Sizin ardınızca biz də başlayacağıq!!” desələr də, üstəlik, özünün böyük məkanda apardığı “parçala və idarə et!” siyasətinə bütün bu proseslərdə dəstək görən Rusiya kimi ölkələr də gizli və aşkar şəkildə onlara hüsn-rəğbətini izhar etsələr də, hər bir halda, dövlətlərin çoxu nəinki katalon, eləcə də kürd referendumuna çox soyuq yanaşır.

Bu isə bir daha o deməkdir ki, başabəla qonşularımız - ermənilər toy-büsat qurmağa yenə də tələsiblər. “Kürd məsələsi” artıq sönməkdədir və proses demək olar, nəzarətə götürülüb.

Kataloniya məsələsinin bir az çətin tərəfi odur ki, proses Avropanın ortasında baş verir və orada təzyiq üsullarını bir qədər məhdudlaşdırmaq lazım gəlir. Amma İspaniya hökuməti yetərincə qətiyyətlidir və böyük ehtimalla tez zamanda orada da vəziyyət nəzarətə götürüləcək...

Qalır, bizim özümüz üçün çıxarmalı olduğumuz nəticələr. Dünyada “Separatizm dəstəklənir!” deməyə tələsməyək, heç olmasa, “Müəyyən səbəblərə görə bəzən dəstəklənir!” deyək. Bəs nədən bəzən dəstəklənir? Bunu da azacıq əvvəldə dedik...

İndi bizim üçün vacib nədir? İranı “sıxmağın” yolunu tapmalıyıq - qoy, kürd məsələsində göstərdikləri konstruktivliyi və operativliyi burada da etsinlər!

Lazım gələrsə, 40 milyonluq cənublu qardaşlarımızı da prosesə cəlb etməliyik ki, dövlətlərinə təzyiq etsinlər! Vallah, bir ovuc erməninin dünyanı necə ələk-vələk etməsinə baxanda adamın ağlından bircə sual keçir: İlahi, niyə belə əfəl millətik?..

Bəzi millət vəkillərimiz gedib Türkiyədə Qarabağ təbliğatı aparır!.. Türkiyə onsuz da bizimlədir, yetərincə anlaşma var və bütün məsələlər də yüksək - dövlət səviyyəsində həll olunur.

Siz İranla, cənublu qardaşlarımızla işləyin, orada ciddi təbliğata həqiqətən ehtiyacımız var - cənublu qardaşlarımız ölkələrinin Qarabağa aid siyasətinə azca təsir etsələr, heç pis olmaz. Hansısa səbəbdən özünüz bunu etməkdən çəkinirsinizsə, aşıb-daşan sərvətinizdən vətənpərvər insanlara və qurumlara yardım edin, onlar bunu edər...

Hüseynbala Səlimov
Tarix: 2-11-2017, 09:28
Xəbəri paylaş





Xəbər lenti