Yas mərasimlərində ehsan süfrələri savabdan çox günaha səbəb olur, insanlara bunu bildirmək lazımdır
Bu həftə xəbər gəldi ki, Gəncə və ətraf rayonlarda yas mərasimlərində yemək süfrəsi yığışdırılıb. Qadağa yerli icra hakimiyyətindən gəlib. Xəbərlərdə o da qeyd olunur ki, hüzr mərasimləri olan yerlərə Gəncəbasar zonasında və Yevlaxda yerli icra hakimiyyətinin nümayəndələri təhkim edilərək yasda yemək verilməməsi ilə bağlı təbliğat işi aparıblar. Əslində ilk baxışda prosesə hakimiyyət orqanlarının qarsıması yaxşı təsir bağışlamasa da, təcrübə göstərir ki, əslində yeganə yol budur. Başqa alternativ yoxdur, daha dəqiqi çox effektsizdir.Xatırladaq ki, Azərbaycanda ehsan qadağası 3 il əvvəl tətbiq olunmağa başlayıb. İlk vaxtlarda bir sıra bölgələrdə icra orqanları məcburi olaraq ehsan məclislərini qadağan edib. Hazırda rəsmi məlumata görə, Gəncə və Naftalan şəhərlərində, eləcə də Füzuli, Lerik, Ağdaş, Astara, Siyəzən, Goranboy, Tərtər, Qəbələ rayonlarında əhalinin mütləq əksəriyyəti yas mərasimlərini sadə qaydada keçirir. Habelə Şirvan, İmişli, Salyan, Neftçala, Hacıqabul, Zərdab, Göyçay, Biləsuvar, Şəki, Şəmkir, Oğuz və digər rayonlarda əhali yas məclislərini əsasən sadə şəkildə icra edir.
Məsələ ondadır ki, ilk vaxtlarda da bu mövzuda münasibət birmənalı olmayıb. Bir çoxları dövlətin bu sahəyə müdaxiləsini doğru görməyib. Çünki məcburiyyət istər-istəməz qanunsuzluğa, rüşvətə yol açır və əks reaksiya doğura bilir.
Ancaq görünən odur ki, hər hansı formada bu “ənəndən” qurtulmaq artıq vacibə çevrilir. Azərbaycan insanı mənasız, heç bir dini-mənəvi, milli əsasları olmayan, zamanla, camaat arasında formalaşmış “adətlərdən” xilas olmalıdır. Məsələ ondadır ki, yas yerində yemək süfrələrinin açılmasının dini bir əsası yoxdur. İslam dini hökmlərinə əsasən vəfat edən müsəlmanı son mənzilə yola salmaq üçün dörd əməli yerinə yetirmək vacibdir: qüsl, kəfən, cənazə namazı və dəfn etmək.
Ehsan sözü isə “həsənə”, yəni xeyirxah, gözəl əməl mənasındadır. Klassik mənası ehtiyaclı insana yardım etmək, yolçulara yemək və su vermək, gecələməsi üçün yer vermək kimi əməllər ehsan hesab olunub. ancaq təəssüf ki, Azərbaycanda zamanla ehsan sözü məhz yas məclislərində verilən yemək süfrələrinə aid edilib. Halbuki dini hökmlərdə dünyası dəyişən ailəyə yarıdım etmək üçün ilk günlərdə qonşuların o ailəyə yemək aparması tövsiyə olunur. Bu həm də əzizini itirmiş insanların əlavə əziyyətə düşməməsi üçündür.
Ancaq Azərbaycanda bunun tam əksi olub. Yası düşən insanlar dəfn xərcləri, 3, 7, 40, cümə axşamları, il mərasimləri əsasən kütləvi yemək məclisləri ilə müşayiət olunur. Ancaq bu işin bir yarışa çevrilməsi, ailənin ağır xərcə düşməsi, maddi sıxıntılar yaşamasına səbəb olur. Bu da dinin tələbləri ilə daban-dabana ziddir. Ölü sahibinin mərhumun ruhuna ehsan verməsi qadağan deyil, ancaq ehsan kasıblara, həqiqətən yeməyə ehtiyacı olanlara verilməli və israfçılıq həddi gözlənilməlidir.
Azərbaycan cəmiyyətinin bu mövzuda səfərbər olmasına ehtiyac var. Dövlət orqanları, nüfuzlu şəxslər, ziyalılar ilk növbədə dəbdəbəli ehsan süfrələrindən imtina etməlidir. Doğrudur, yeməkli ehsan süfrələri maddi imkanlı, nüfuzlu insanlara çox ciddi maddi sıxıntı yaratmır, ancaq əhalinin geri qalanını bu israfçı, mənasız adətdən xilas etmək üçün cəmiyyətin bütün təbəqələrinin səfərbərliyi lazımdır. Yas yerində yemək süfrələrinə on min manatlarla pul xərcləyib matəm mərasimini yemək məclisinə çevriməkdənsə, daha sadə və matəm ruhuna uyğun süfrə təşkil etmək lazımdır. Pulu olan isə ehsan verməsi üçün qazan asdırmasına, plov verməsinə gərək yoxdur, yüzlərlə insan cərrahiyyə əməliyyatı ola bilmir, maddi imkansızlıqdan təhsil haqqını ödəyə bilməyən insanlar var. Bu ölkədə daha vacib maddi problemlər yetərincədir. Ehsan verən, artıq bir biznes sahəsinə çevrilmiş xeyir-şər evlərinə pul dağıtmağın heç bir dini-mənəvi əsası yoxdur. Bunu edənlər pullarını hansısa bir biznesmenə hədiyyə etdiyinin fərqində olmalıdır. Ehsan üçün daha uyğun və vacib yerlər var.
Bir qədər məcburiyyət, bir qədər də təşviq etmə ilə azərbaycanlıları bu mənasız adətdən xilas etmək lazımdır. Ən azı günah qazanmamaq üçün.
Kənan RÖVŞƏNOĞLU
Tarix: 4-11-2017, 09:39