Pensiya yaşı: Müəllimlər “qurtuldu”, sırada kim var?
Əmək Məcəlləsi dəyişdirildi - 65 yaş məhdudiyyəti ali məktəblər üçün ləğv edildi. Əmək Məcəlləsinə dəyişikliklər edilməsi məsələsi Milli Məclisin iclasında müzakirəyə çıxarılaraq qəbul edilib.Qanunun 4-cü maddəsinə (Bu Məcəllənin tətbiq edildiyi iş yerləri) maddəsinə təklif olunan dəyişiklikdə göstərilib ki, Azərbaycan qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir. Həmçinin 65-ci maddəyə (İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri) edilən dəyişikliyə görə, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
Maraqlıdır, pensiya yaşının artırılması digər kateqoriyalara da şamil ediləcəkmi?
İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, digər əmək fəaliyyətlərindən fərqli olaraq elmlə məşğul olan insanların vəziyyəti bir qədər fərqlidir:“Dünyada belə qəbul olunur ki, yaş keçdikcə əmək qabiliyyətinin itməsi əvəzinə, alimlərin, müəllimlərin əmək qabiliyyəti daha da kamilləşir. Onların yaş məhdudiyyətinin aradan qaldırılması normal haldır.Bu məntiqlə elmi-tədqiqat mərkəzlərində çalışan alimlərin, müəllimlərin yaş məhdudiyyəti aradan qaldırılıb.Bu, bütün dünyada belədir.Amma digər sahələrdə vəziyyət bir qədər fərqlidir.İnsanın yaşı artdıqca əmək qabiliyyəti zəifləyir.Ona görə də digər sahələrə bu dəyişikliyin şamil edilməsini normal saymıram”.
Ekspert onu da qeyd edib ki, Azərbaycanda yaş məhdudiyyətinin aradan qaldırılması çox aktualdır:“Yaşlı insanların çoxu istəyir ki, işləsin. Avropada, Almaniyada, Fransada, İngiltərədə insanlar nümayişlər edirlər ki, pensiya yaşı ilə işləmə məhdudiyyətinin bir uyğunlaşması olsun. İşləmə məhdudiyyəti aşağı salınır ki, insanlar müəyyən yaşdan sonra işləməsin.Onlar öz əmək fəaliyyətini başa vurmuş sayılsın və daha tez istirahət etsin.Amma Azərbaycanda vəziyyət əksinədir.Vətəndaşlarımız daha çox işləməyə üstünlük verir.Ona görə çox işləmək istəyirlər ki, ölkədə insanlara normal pensiya verilmir.Pensiyaçılar aldıqları təqaüdlə yaşamaq imkanına malik deyillər.Azərbaycanda təqaüdə çıxmaq mənəvi əzabdır.Onlar mütləq ya kiminsə himayəsində olmalıdır, ya da yaş məhdudiyyəti olmayan işdə çalışmalıdır.Azərbaycanda insanlara normal pensiya verilməlidir ki, əmək fəaliyyətində yaş məhdudiyyəti onların marağında olmasın.Bu gün ölkədə ahıl insanlar aldıqları təqaüdlərlə heç cür normal həyat sürə bilməz, bu birmənalıdır.Bu gün insanlarımız təqaüddən qorxurlar, ona görə ki, təqaüdə çıxmaq onlar üçün nəinki rahatlıq gətirir, əksinə, əzabların başlaması deməkdir.
Hətta bəzən onlar marşruta verməyə pul tapa bilmir, alınan təqaüd də onun kommunal xərclərini ödəməyə belə çatmır.İnkişaf etmiş ölkələrdə necədirsə, Azərbaycanda vətəndaşlara o şamil olunmalıdır.Amma Azərbaycanda mövcud iqtisadi şərait vətəndaşlar bu gün düşünməyə imkan vermir”.
Yeganə Oqtayqızı
Tarix: 4-11-2017, 22:14