Yeni qaydalar pensiya ala bilməyənlərin sayını artırıb

Yeni qaydalar pensiya ala bilməyənlərin sayını artırıb Ekspertlər sosial sığorta haqqının azaldılmasını təklif edirlər
Azərbaycanda yaşa görə müavinət alan şəxslərin sayı artıb. Bunun əsas səbəbi pensiya sistemində tətbiq olunan yenilikdir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Milli Məclis komitələrinin birgə iclasında verdiyi məlumata görə, bu ilin 1 iyulundan qüvvəyə minən yeni qaydalara əsasən artıq sırf sığorta prinsiplərinə keçidin təminatı ilə bağlı olaraq, hesabında ən az 110 manat, yəni pensiyanın formalaşmasına imkan verən qədər vəsait toplanmayan şəxslərin əmək pensiyası almaq hüququ olmayacaq: “Praktika göstərir ki, bu, yaşı gəlib çatmış şəxslərin pensiya almaq hüquqlarını müəyyən qədər azaldır. Çünki işləmək, əmək haqqını leqallaşdırmaq və sosial sığorta haqları ödəmək lazımdır ki, bu vəsait hər kəsin hesabında toplansın, onun pensiya almasına imkan yaratsın. Bu imkanlar yoxdursa, həmin şəxs pensiya ala bilmir. Onlar yaşa görə sosial müavinət almaq məcburiyyətindədir. Buna görə də bu insanların sayı müəyyən qədər artır”.


Nazir həmçinin deyib ki, gələn ildən pensiyaların artırılması da yeni sistem əsasında həyata keçiriləcək.

Dövlət bəzi öhdəliklərdən imtina edib
Professor Fuad Rəsulov mövzunu müsavat.com-a şərh edərkən bildirir ki, yeni qaydalar dövlətin müəyyən öhdəliklərdən imtinasıdır: “Əvvəl beləydi ki, yaşı çatmış hər kəs minimum pensiya məbləğini - 110 manat idi – ala bilirdi. Yəni bu, dövlətin öhdəliyi idi. İndi yeni qaydalara görə, dövlət bu öhdəliyindən imtina edir, hər kəs işləyib ödəyəcəyi sosial sığorta haqqının məbləğinə uyğun pensiya alacaq. Əvvəl pensiyaya çıxmaq hüququ verən 2 şərt vardı: yaş və əmək stajı. İndi staj şərti ləğv edilib, pensiya hüququ verən məbləğ müəyyənləşdirilib. 2006-cı ildən bəri tətbiq olunan hesab sistemi həmin məbləği müəyyənləşdirməyə imkan verir. Əgər kiminsə hesabına həmin məbləğdən az vəsait yığılırsa, o, əmək pensiyası ala bilmir, yalnız yaşa görə müavinət alır. Buna görə də belə müavinəti alanların sayı artıb.”

F.Rəsulovun sözlərinə görə, yeni sistemin çatışmayan cəhətlərindən biri fərdi hesaba yığılan vəsaitlərin dəyərdən düşməsidir: “Əvvəl beləydi ki, pensiyaların sığorta hissəsi illik inflyasiyaya uyğun indeksləşdirilib artırılırdı. Amma son dəyişikliklə bu sahədə yeni mexanizm tətbiq olunur. Həmin mexanizmə görə, ölkədə orta aylıq əmək haqqı neçə faiz artacaqsa, pensiyaların məbləği də o qədər artırılacaq”.

Qeyd edək ki, hökumət pensiya sistemində tətbiq olunan yeniliklərin əsas məqsədi kimi qeyri-rəsmi məşğulluğun azaldılmasına nail olunmasını göstərir. Hesab olunur ki, yeni sistem insanların işəgötürənlərdən öz fəaliyyətlərinin qanuniləşdirilməsini - yəni onlarla əmək müqaviləsinin bağlanmasını tələb etməsinə gətirib çıxaracaq. Bir müddət öncə S.Müslümov hazırda Azərbaycanda 900 min nəfərdən çox insanın əmək müqaviləsi olmadan işlədiyini açıqlayıb. Lakin müstəqil mütəxəssislər belələrinin sayının 1,5 milyon nəfər civarında olduğunu bildirirlər. Ötən ay isə ölkə prezidenti “Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üzrə Tədbirlər Planı”nı təsdiqləyib. İctimaiyyətə açıqlanmayan planın icrasının ölkədə çox ciddi problemə çevrilmiş bu məsələdə dönüş yaradacağı proqnozlaşdırılır.

Sosial sığorta haqqı işçi və sahibkar arasında bərabər bölünməlidir
F.Rəsulov hesab edir ki, pensiya sistemindəki yeni qaydalar insanları öz əmək haqqından sosial sığorta ödənişi etməyə stimullaşdıracaq: “Bu gün çox sayda insan var ki, maaşından hər hansı ödəniş etmək istəmir. Bu, sovet dövründən qalmış psixologiyadır: dövlətdən güzəşt almaq. İllərdir belə güzəştlərə öyrəşmiş insanlarda tədricən sosial sığorta ödənişi etmək vərdişi yaratmaq lazımdır. Bu proses mərhələ-mərhələ getməlidir”. Bəs işəgötürənlərin mövqeyi necə, burada nə qədər rol oynayır? Məlumdur ki, hazırda işəgötürənlərin işçilərlə əmək müqaviləsi bağlamamasının əsas səbəbi əmək haqqından 22 faiz sosial sığorta haqqının ödəməmək istəyidir. Bu şəraitdə əksər mütəxəssislər bu ödəniş faizinin azaldılmasını təklif edirlər. Mütəxəssisin fikrincə, Azərbaycan bu sahədə tədricən Avropa təcrübəsinə keçəcək: “Mən bu sahədə beynəlxalq təcrübəni öyrənmişəm. Avropada əmək haqqından sosial ödəniş 18-20 faiz təşkil edir. Lakin həmin faizin yarısını işçi, yarısını isə işəgötürən ödəyir. Bir neçə il əvvəl biz işəgötürənlər arasında sorğu keçirmişdim. Onların hamısı əmək haqqından sosial sığorta haqqı ödənişi 9-10 faiz olacağı təqdirdə bütün işçilərlə əmək müqaviləsi bağlamağa hazır olduqlarını demişdilər.

Azərbaycanda hələ bu sistemə keçid mümkün deyil: "Biz hələ insanları 3 faiz sosial+14 faiz verginin ödənməsi şərtinə uyğunlaşdırmağa çalışırıq. Sosial ödəniş birdən birə 9-10 faizə qalxsa, heç nəyə nail ola bilmərik. Amma düşünürəm ki, bizdə də tədricən 50:50 prinsipinə keçiləcək. Bunun üçün insanlarda inam olmalıdır. İnamın olması isə fərdi hesablara virtual olaraq yığılan vəsaitlərin real pula çevrilməsi lazımdır. Yəni hər ödəyiciyə ayrı bank hesabı açılıb, toplanan pullar ora köçürülsə və hər kəs istədiyi zaman hesabına baxıb toplanan vəsaitini görə biləndə insanlarda bu sistemə inam yaranacaq”.

Professor Azərbaycanda yaxınmüddətli dövrdə özəl pensiya fondlarının fəaliyyətini real saymır: “Dünya təcrübəsində belə fondların on minlərlə insanın vəsaitindən səmərəli istifadə edə bilməyərək böyük problemlərə yol açması faktları çoxdur. Belə fondlar əsasən investisiya fondları hesab olunur. Onlar topladıqları vəsaitləri investisiya şəklində harasa yatırıb ondan gəlir əldə etməlidilər ki, sonra da pensiya ödəyə bilsinlər. Bu isə minimum 12-13 il vaxt tələb edir. Bu baxımdan, hətta Azərbaycanda bu cür fondlar yaradılsa belə, yaxın illərdə ondan müsbət nəticə gözləmirəm. Digər tərəfdən, maliyyə sistemlərində baş verən böhranlar belə fondların yaradılmasını təhlükəli edir. Hətta Rusiyadakı kimi piramidaların yaranması da mümkündür. Bu baxımdan, hökumət hələ ki bu təcrübəni tətbiq etməkdən çəkinir və düşünürəm ki, haqlıdır”.

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə hesab edir ki, yeni sistemdə müəyyən təkmilləşmələrə ehtiyac var: “Yeni qaydaya görə, pensiya yaşı çatanadək kiminsə fərdi hesabında lazımi vəsait yığılmasa, çatışmayan hissəni həmin şəxsin özü və ya qohumları ödəyə bilər. Bu isə o deməkdir ki, kimsə pensiya yaşına çatmağa az qalmış yüksək ödənişlər etməklə lazım olan məbləği təmin edə biləcək. Yaxud az ödəniş edib, sonra çatışmayan məbləği ödəyəcək. Buna görə də hesab edirəm ki, sonradan ödənilməsi mümkün olan məbləğlə bağlı limit müəyyənləşməlidir. Güman edirəm ki, tezliklə bununla bağlı qanunvericiliyə dəyişiklik olunacaq”.

V.Bayramovun fikrincə, fərdi hesablara xidməti müqavilə üzrə ödənişlərin toplanmasına şərait yaradılması vətəndaşlar üçün müsbət amildir. Eyni zamanda pensiya sistemindəki yeniliklərlə paralel olaraq hökumətin qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün də tədbirlər hazırlaması, eskpert hesab edir ki, daha bir müsbət amildir: “Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi çox vacibdir. Bu zaman elə qaydalar olmalıdır ki, sahibkarların özləri də bütün işçiləri qeydiyyata almaqda maraqlı olsunlar. Bu baxımdan, hesab edirəm ki, həm əmək haqqından ödəniş faizinin aşağı salınması, həm də həmin faizin işçi ilə işəgötürən arasında bölgü prinsipinin dəyişdirilməsi lazımdır. Biz əmək haqqından sosial sığorta ödənişini 18 faizə enidirilməsi, növbəti mərhələdə isə onun işçi ilə işəgötürən arasında bərabər bölünməsini təklif edirik”.

Dünya SAKİT
Tarix: 9-11-2017, 22:55
Xəbəri paylaş





Xəbər lenti