Şahin Mustafayev və Oqtay Şirəliyevin diqqətinə ümummilli HƏYƏCAN TƏBİLİ...

Şahin Mustafayev və Oqtay Şirəliyevin diqqətinə ümummilli HƏYƏCAN TƏBİLİ... Başı şou-biznes gözəlçələrinin əttökən açıqlamalarına, boğaza çıxmış tükürpədici kriminal xəbərlərə qarışmış Azərbaycan oxucusu ciddi və həyəcan təbili xarakterli materiallara nədənsə gözünün ucu ilə də baxmağa meyl göstərmir. Bu da əslində təəccüblü deyil. Obrazlı ifadə edilsə, at izi it izinə qarışmış məmləkətdə millətin genefonduna sarsıdıcı zərbə vurmaq iqtidarında olan təhlükələr də bizi qəfil haqlamayanadək əhəmiyyət kəsb etmir. Bir neçə gün öncə Azərbaycan Diabet Cəmiyyətinin sədr müavini Akif Muxtarovun əslində açıq havada şimşək effektinə bərabər hesab olunası məqaləsinə verilən, daha doğrusu verilməyən reaksiya kimi...

Dəyərli oxucu, şəkərli diabet adlı bəla hər kəsi yaxalaya bilər və təkcə Azərbaycanda bu mərəzdən əziyyət çəkənlərin sayı yarım milyondan çoxdur. Odur ki, belə bir xəstəliklə bağlı mütəxəssislərin vaxtında həyəcan təbili çalmasına nə sadə vətəndaşlarımız, nə vətəndaş cəmiyyəti təmsilçilərimiz, nə mnediamız, nə dövlət orqanlarımız və millət vəkillərimiz biganə qalmamalıdır. Amma gəlin hamılıqla etiraf edək ki, həmişəki kimi bu dəfə də ümummilli biganələyimiz bütün çılpaqlığı ilə özünü göstərdi. vaxtınızı çox almayaq, keçək mətləbə...


Sən demə, Azərbaycan İqtisadiyyat Nazirliyinin Azərbaycan İnvestisiya Şirkəti və Ukarynanın “İndar” Özəl Aksioner Şirkəti arasında Azərbaycanda insulin zavodunun tikilməsi barədə memorandium imzalanıb. İqtisadiyyat naziri cənab Şahin Mustafayev də bildirib ki, zavodun tikintisi Pirallahi sənaye parkında iki il ərzində yerinə yetiriləcək. Zavodun tikintisi də nə az, nə çox - düz 17 milion ABŞ dollarına başa gələcək.

Bu məlumat, öz Nizamnaməsində şəkərli diabet xəstələrinin hüquqlarının qorunması və onların maariflənməsi kimi mühüm məsələləri özündə ehtiva edən Azərbaycan Diabet Cəmiyyətini çox narahat edib. “İndar” Özəl Aksioner Şirkətinin saytındakı iddialara görə şirkətin istehsal etdiyi məhsulların keyfiyyətinə Ukrayna, Moldova, Kazaxstan, Rusiya Federasiyası, Braziliya, Siriya, Yəmən kimi ölkələrdə xəstələr və əməkdaşlar inanırlar.

Amma sən demə, şirkət hamını aldatmağa nail olub. Belə ki, ADC bu istiqamətdə geniş araşdırmalar aparıb. Rusiya Federasiyası, Kazaxstan, Moldova, Qırğızstan və Gürcüstan Diabet Assosiyasiyaları rəhbərlərindən alınan məlumatlara görə çox ciddi cəhdlərinə baxmayaraq bu ölkələrin heç birinə “İndar” şirkəti yol tapa bilməyib, çünki bu ölkələrdə ŞD xəstələri bütün dünyada rəğbət qazanmış "Novo Nordisk", "Lilly", "Sanofi" şirkətlərinin insulinləri ilə təmin olunurlar. Moldova Respublikası Parlamentinin deputatı, respublikanın Daibet Assosiyasiyasının rəhbəri ADC-nin sorğusuna cavab olaraq məlumat verib ki, baxmayaraq “İndar” şirkəti qeydiyyata götürülüb, lakin respublikadaki həkim-endokrinoloqlar öz ŞD xəstələrinə “İndar” insulinini yazmırlar. Axı hələ indiyə kimi MDB bazarında yer tapmayan “İndar” insulini, xüsusilə onun keyfiyyətinin hələ məlum olmayan xüsusiyyətləri bizə bəlli olmadan niyə belə insulin istehsal edən zavodu məhz Azərbaycanda tikilsin?


Yeri gəlmişkən, Akif Muxtarovun bir neçə gün öncə Moderator.az-da getmiş məqaləsindən aşağıdakıları da olduğu kimi Azərbaycan vətəndaşının sağlamlığının keşiyində durmağa borclu olan dövlət rəsmilərinin diqqətinə çatdırmağı zəruri hesab edirik:

"Ukraynanın özündə, yalnız 40 faizi qədər ŞD xəstələri bu insulini qəbul edir və onlardan kifayət qədər şikayətlər səslənib. Bizim Ukraynadakı həmkarlarımızın da bu şirkət haqqında çox mənfi rəyləri var, hətta şirkətlə məhkəmə çəkişmələri də olub.

Alınmış məlumatda bu da qeyd edilir ki, şirkətin bu ilin üçüncü rübündə satdığı məhsulun həcmi keçən ilin müvafiq dövrünə nisbətən yeddi dəfə azalıb. Görünür buna səbəb “İndar” insulinlərinin keyfiyyət indeksinin aşağı olmasıdır.

90 ildən çox təcrubə toplamış və yüksək keyfiyyətli insulinlər istehsal edən "Novo Nordisk" (Danimarka), "Lilli" və "Sanofi" (ABŞ) şirkətləri dünya bazarının 90 faizindən çoxunda yer almışdır.

AR Səhiyyə nazirliyinin tibb müəssisələrində şəkərli diabet xəstələrinin müalicəsi məqsədilə dövlət tərəfindən pulsuz olaraq onlara bu şirkətlərin insulinləri verilir.

Onuda qeyd etməyi lazım bilirik ki, respublikamızda insulin zavodunun tikilməsi təzə məsələ deyil. Hələ 2007-ci ildə Azərbaycan İnvestisiya Şirkəti İngiltərənin bir şirkətili ilə respublikamızda insulin zavodunun tikilməsilə bağlı ideya irəli sürülmüşdü. O vaxti da ADC bu məsələ ilə bağlı öz mənfi fikrini bildirmişdi və beləliklə bu məsələ müsbət həllini tapmamışdı.

İndi yenidən bu məsələ ortaya qoyulub. Görünür ki, İqtisadiyyatn Nazirliyinin “İndar” insulinin ucuz qiymətə başa gəlməsi və bu səbəbdən iqtisadiyata xeyir verməsi amili daha çox maraqlandırır. Ancaq onu bilmək çox vacibdir ki, şəkərli diabet xəstələrinin əvvəl müalicə aldıqları bu keyfiyyətli insulin müalicəsindən nisbətən ucuz, lakin keyfiyyəti ətraflı yoxlanılmamış “İndar” insulininə keçirdikdə onları hansı “Sürprizlər”, yəni problemlər gözləyir, onu qabaqcadan bilmək, əlbəttə, çox çətindir. Hələ bu zavodun məhsullarının MDB ölkələrinə satılmasıda nəzərdə tutulur. Yuxarıda göstərdik ki, MDB ölkələri bu insulini öz bazarlarına yaxın buraxmırlar. Bəs belə isə, niyə dövlətin milyonları xeyir verməyən bir əmələ yönəldilsin...?

Azərbaycan Diabet Cəmiyyəti respublikamızda yaşayan bütün şəkərli diabet xəstələrinin hüquqlarının qoruyaraq aidiyyatı dövlət qurumlarından xahiş edir ki, bu məsələyə ciddi, diqqətlə və hərtərəfli yanaşsınlar. ŞD xəstə insanların həyat keyfiyyətlərinin yaxşılaşması, onların sağlamlıqlarının qorunması Ümummilli Liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyinə əsasən dövlət siyasətinin prioriteti kimi qəbul edilməlidir".
Tarix: 11-11-2017, 09:39
Xəbəri paylaş





Xəbər lenti