Müəllimlər maaşsız qalıb

Müəllimlər maaşsız qalıb Bakının Nəsimi rayonunda fəaliyyət göstərən məktəblərdə çalışan müəllimlər hələ də ötən ayın maaşını ala bilməyiblər. Bu barədə ANAXEBER.az-a bir qrup müəllim bildirib. Onların sözlərinə görə, heç bir səbəb göstərmədən oktyabr ayının maaşını vermirlər. “Bizə heç nə demirlər. Amma maaşı da vermirlər”, - deyə müəllimlər bildirib. Onların sözlərinə görə, məktəb direktorları da nə baş verdiyindən xəbərsizdir, yaxud da özlərini xəbərsiz kimi göstərirlər. “Biz isə maaş almadığımıza görə çətin günlər keçiririk. Çoxumuzun krediti var. Banklar demək olar ki, hər gün zəng edib kredit borcunu ödəməyi tələb edirlər. Elə bank var ki, hər gün borcun üstünə faiz gəlir. Bilmirik hara, kimə müraciət edək”.
Müəllimlər bildirib ki, Nəsimi rayonunda fəaliyyət göstərən digər büdcə təşkilatlarının əksəriyyətində maaşlar verilib. “Deyəsən, problem yalnız təhsil sahəsilə bağlıdır. Bəlli deyil ki, büdcə pul yoxdur, yoxsa başqa səbəb var”.
Məlumat üçün deyək ki, Nəsimi rayonunda 33 orta məktəb fəaliyyət göstərir. Redaksiyamızla əlaqə saxlayan müaəllimlər qrupu ayrı-ayrı məktəblərdə çalışır.
Müəllimlər bildirib ki, qısa zamanda problem həll olunmasa, prezidentə müraciət edəcəklər.
Bəzi iddialara görə isə büdcə təşkilatlarında əmək haqqı problemi digər şəhər və rayonlarda da var. Bu maliyyə böhranı ilə izah edilir. Qeyri-rəsmi şəkildə işçilərə bildirilir ki, büdcədə pul olmadığına görə maaşlar gecikir.
ANAXEBER.az
.
Tarix: 14-11-2017, 09:25
Xəbəri paylaş





Xəbər lenti