Ünvanlı sosial yardım ləğv edilir, əvəzində isə...
Səlim Müslümov: "Ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulur"
"Yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulur. Bununla bağlı ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanılıb. Ötən il özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına 6 milyon manat ayrılmışdı və bu proqramların icrası 8 minə yaxın insanı əhatə edib".
Spunik Azərbaycan xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında, "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı belə deyib.
Nazir bildirib ki, növbəti ildə özünüməşğulluq sisteminin inkişaf etdirilməsi və daha geniş əhali təbəqəsini əhatə etmək məqsədi ilə 35,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: "Biz bu yolla ailə tərkibində əmək qabiliyyəti olan insanları özünüməşğulluq sisteminin tətbiqi ilə hamını işlə təmin etməyi qarşımıza məqsəd qoymuşuq. Bu yolla ailə tərkibində əmək qabliyyəti olan insanları işlə təmin etməklə vətəndaşlara ünvanlı sosial yardım sistemini aradan qaldırmış olacağıq".
"Bu proses təqribən 6-7 il davam edəcək. Ondan sonra Azərbaycanda ailədə əmək qabliyyəti olan şəxs işsiz qalmayacaq. Bu proses tam başa çatdıqdan sonra ünvanlı sosial yardım ləğv ediləcək. Sadəcə, ailədə əmək qabliyyəti olmayanlara dövlət yardımı veriləcək. Belə ailələrə dövlət yaşayış minimumundan yuxarı miqdarda orta bir məbləğ müəyyənləşdirərək yardım verəcək".
Tarix: 15-11-2017, 13:30