Deputatlar hökumət qarşısında “qanpulu” məsələsini qaldırdılar

Deputatlar hökumət qarşısında “qanpulu” məsələsini qaldırdılar Milli Məclisin plenar iclasındakı büdcə müzakirələrində çıxış edən deputat Vahid Əhmədov növbəti dəfə şəhid ailələrinə və əlillərə ayrılmalı olan sığorta haqqı ilə bağlı məsələ qaldırdı.

“Biz bir neçə dəfə “qanpulu” mövzusuna toxunmuşuq. Bununla bağlı hörmətli sədr Maliyyə Nazirliyinə müraciət edib. Çox təəssüflər olsun ki, bu məsələ həllini tapmır. Bu məsələ insanları çox narahat edir”.


V.Əhmədov bu vəsaitin böyük olduğunu da xatırlatdı: “Amma hökumətdən xaghiş edirəm ki, bu məsələyə baxsın. Demirəm k, vəsait birdən-birə ödənilsin. Amma gec-tez bu məsələni həll etməliyik”.




Deputat Zahid Oruc da həmin mövzuda danışaraq deyib: “Biz əlillərə göstərdiyimiz münasibəti ayrı-ayrı şəxslərə göstərmirik, bu, Qarabağa olan münasibətdir. Çünki Qarabağ müharibəsi bitməyib. Birinci qrup əlillər üçün 401 manat, ikinci qrup əlillər üçün 290 manat təqaüd nəzərdə tutulub. Bu məbləğə biz yenidən baxmalıyıq”.

Deputat Zahid Oruc bu fikirləri büdcə müzakirələri zamanı söylədi. “Qarabağda həyatını itirən şəxsə 20 min, əlil olan şəxsə 10 min dollar verilir”-deyən Z.Oruc Azərbaycandakı Qarabağ döyüşçüləri ilə bağlı da addımların atılmasını zəruri saydı. “Təklif edirəm ki, Qarabağ əlillərindən bir nəfər əmək və əhalinin sosial müdafiə nazirinin müavini olsun. Bu, Qarabağ əlillərinin problemlərinin diqqətdə saxlanılması üçün mühüm addım olar”-Z.Oruc bildirdi.

Deputat ardınca şəhid ailələrinin “qanpulu” mövzusuna da toxunub və şəhidlərin “qanpulu”nu ödəmək üçün vəsaitin olmamasından gileylənən hökumətə maraqlı bir təklif verib: “11 min insanın problemini həll etməklə bağlı mənbə axtarırlar. Bu, populizm kimi görünməsin. Allah hər birimizə uzun ömür versin. Bizim həyatımız sığorta olunub. Bizim həyatımızın sığorta pullarını götürüb versinlər həmin 11 min adama. Nə qədərinə çatar, onlara verilər”.

E.Paşasoy, Musavat.com
Tarix: 23-11-2017, 14:35
Xəbəri paylaş





Xəbər lenti