Bir kişinin efirdən başqa kişiyə qoşulub qaçan arvadına səslənərək, geri qayıtmasını xahiş etməsi rüsvayçılıqdır. Bu, cəmiyyətdə kütləvi şəkildə əxlaqi aşınmanın göstəricisidir.
Bu sözləri media eksperti Qulu Məhərrəmli Bayılda dul qadının ərə getdikdən sonra başqa kişi ilə qaçması və bu kimi halların ciddi media qurumlarında xəbərə çevrilməsinə münasibət bildirərkən deyib.Q.Məhərrəmli bildirib ki, insan yalnız abrını itirəndə, ölçülərini pozanda bu cür vəziyyətlərə çox həvəslə razılaşır:
“Ailə problemi və ailə münasibətləri barədə danışmaq olar, ancaq bu səviyyədə abırsızcasına mediaya çıxarıb, müzakirə etmək rüsvayçılıqdır. Heç bir şəxsi məsələ, şəxsi münasibət, şəxsi problem mediada müzakirə edilməməlidir.
Bu, xüsusilə özəl televiziyaların ortaya qoyduğu arzuolunmayan nümunələrdir, situasiyalardır. Bu gün kanallar bundan pul qazanmağa çalışırlar. Belə xəbərlərə üstünlük verən media isə ucuz oxucu toplayır. Özünə hörmət edən media qurumu bununla məşğul olmalı deyil”.
Q.Məhərrəmlinin sözlərin görə, ailəsini mediada müzakirə edən və mediaya çıxaran insanların Azərbaycanın ailə institutuna dəxli yoxdur. O nümunlər təsadüfi qurulmuş ailələrdir:
“Təsüdüfi alələr, bünövrəsi olmayan münasibətlər var. Onları Azərbaycan ailəsi kimi qələmə vermək düzgün deyil. Heç bir ciddi ailələrin bazasında belə nümanələr olmur”.Qadını tərəfdən xəyanətə uğrayan kişinin bunu açıq və aydın şəkildə, utanmadan dilinə gətirib asanlıqla danışması, psixoloq Elnur Rüstəmovun fikrincə, şəxsin düşdüyü vəziyyətə normal yanaşmasından irəli gəlir:
“Uşaqlarını, ailəsini atıb başqa kişiylə qaçan qadın üçün həyat yoldaşının “qayıt gəl, hər bir şeylə səni qəbul edirəm” deməsi, bunu efirdə, mətbuatda asanlıqla dilinə gətirməsi müasir dövrün ən böyük problemi və bəlasıdır. Bir neçə il öncə başqa ölkədə belə bir hal yaşananda biz təəccüblə yanaşırdıqsa, bu gün bizim ölkədə yaşanır bu hadisələr. Hazırda dünyada bu proses gedir və bütün dünyada problemə çevrilib”.
E.Rüstəmovun fikrincə, buna qarşı milli mənəvi dəyərlərin qabardılması, təbliğat və maarifləndirmə işlərinin aparılması vacibdir. Ailə dəyərləri önə çıxarılmalı, nümunəvi ailələr təbliğ olunmalıdır:
“Efirdə, mediada nümunəvi ailələr yox, qeyri-nümunəvilər çox nümayiş olunduqca, arvadı qaçan kişilərin də sayı artacaq. Yəni artıq əvvəlki kimi utanmırlar, özündən əvvəlkindən güc alıb o da problemini efirdə həll edir. Bununla da qeyri-nümunəvi ailələrin təbliğatı gedir. Bu, əlbəttə, bütün Azərbaycan demək deyil. Biz bunu qloballaşan dünyanın problemi kimi qəbul edirik. Bundan qorunmaq çətindir, ancaq mümkündür – nümunəvi ailələrin təbliği ilə”.
Psixoloqun fikrincə, bu ailə institutunun məhvi demək deyil, ailə institutunun daralması deməkdir.
Sosioloq Əhməd Qəşəmoğlu isə bildirib ki, xalqın ən böyük problemi mənəviyyatla bağlı məsələlərdir. Onun fikrincə, artıq həyəcan təbili çalmaq lazımdır:
“İndi mənəvi dəyərləri dağıtmaq istəyənlərin təbliğatı çoxalıb. Sosial şəbəkələr ailə üçün əslində ilan zəhəri kimi bir şeydir: düzgün istifadə edəndə dərmandır, etməyəndə zəhərdir.
Həmçinin teleseriallar da ailə münasibətlərinə təsir edir. Gənc ailələr serial ailələrindən nümunlər götürürlər. Bu cür hallar ailədaxili problemə və sonra problemin efirdə müzakirə olunmasına səbəb olur. Belə məsələlərə qarşı çox ciddi mübarizə aparmaq lazımdır. Gün ərzində buna oxşar çox məsələlərin şahidi oluruq. Məsələn, ailə zəminində qətl, qardaşı qızını götürüb qaçmaq və s. Bunların hamısı dəhşətli hadisədir və efirə yol tapmamalıdır”.
Qeyd edək ki, dünən mətbuatda Şahnaz Cavadova adlı ailəli qadının başqa bir şəxslə qaçması haqqında informasiya yayılmışdı. Cavadovanın həyat yoldaşı Elçin Məmmədov sonradan mətbuata açıqlama verərək, arvadını geri qaytarmaq istədiyini, bu zaman Cavadovanın birgə qaçdığı şəxsin onu zəng edərək təhdid etdiyini bildirmişdi.(Axar.az)
Tarix: 3-12-2017, 15:57