Yeni təhsil naziri üç əsas problemi həll etməlidir - ekspertlər danışdı

Yeni təhsil naziri üç əsas problemi həll etməlidir - ekspertlər danışdı
Təhsil ölkə üçün həssas bir mövzudur və hamının diqqət mərkəzindədir. İnsanlar yeni nazir təyinatından sonra təhsildəki problemləri aradan qaldıracağına ümid edir.

Maraqlıdır, yeni nazir təhsil sahəsində üç mühüm hansı məsələni həll etməlidir?

“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev görüləcək üç mühüm iş sırasında məktəbəqədər təhsil müəssisələrinin taleyinin, məktəbləri testin təsirindən xilas etməyin və ali təhsil sahəsində islahatların sürətləndirilməsi məsələsinin olduğunu dedi: “Birincisi, məktəbəqədər təhsil müəssisələrinin taleyi həll olunmalıdır. Təhsilin birinci həlqəsinin tabeçilik məsələsində qüsur var. Ölkədə təhsil siyasətini həyata keçirən qurumun Təhsil Nazirliyi olmasına baxmayaraq, məktəbəqədər təhsil müəssisələri rayon icra hakimiyyətlərinin strukturuna tabedir. İcra hakimiyyətləri təhsil müəssisələrində tərbiyə və təlim işini aparmaq gücündə deyillər. Məktəbəhazırlıq işinin yaxşılaşdırılması keyfiyyətli orta təhsilə zəmanət verir. İkincisi, orta təhsillə bağlı islahatlar davam etdirilməlidir: məktəbləri testin təsirindən xilas etmək lazımdır. Test müəllimi və məktəbi təsiri altına almamalıdır. Kurikulumlara zamanın tələbatına uyğun yenidən baxılmalıdır. Müəllimlərin keyfiyyətli dərs demələri üçün onların üzərinə düşən məsuliyyəti artırmaq lazımdır. Müəllim keyfiyyətli təhsilə və tərbiyəyə görə cavabdehlik daşımalıdır”.

Təhsil sahəsində görülməli işlərin 3-cüsünə gəlincə isə E.Əliyev bunun ali təhsil sahəsində islahatların sürətləndirilməsi məsələsinin olduğunu dedi: “Universitetlərin bir neçəsinin ”publik hüquqi" şəxsə çevrilməsi orda demokratik mühiti gücləndirməlidir. Tədqiqat universiteti layihəsi üçün bütün imkanlardan istifadə olunmalıdır. Yeni nazir təhsilin bütün pillələrinin bir-birini tamamlaması üçün çalışmalıdır. Məhz belə tamamlama prinsipi ilə təhsilimizin qarşında duran çox mühüm vəzifə saydığımız insan kapitalının inkişafına nail olmaq mümkündür. Yeni nazir ictimaiyyətə açıq olmalı və müzakirə mühitinin yaradılmasına təşəbbüs göstərməlidir. Təhsil sistemimizdəki qüsurların aradan qaldırılması üçün bunlar vacib şərtlərdir".

Azad Müəllimlər Cəmiyyətinin sədri Məlahət Mürşüdlü isə təhsil sistemində həll edilməsi vacib olan məsələlərin çox olduğunu dedi: “Təhsil ölkənin, millətin strateji əhəmiyyətə malik olan bir sahəsidir. Təbii ki, burada problemlər də var. Ətrafımıza baxsaq görərik ki, dünyanın inkişaf etmiş ölkələrinin təhsil sistemlərində hər gün bir yenilik baş verir. 21-ci yüzillik informasiya bolluğu əsridir. Biz bu istiqamətdə təhsilimizi inkişaf etdirməliyik. Cəmiyyətə yararlı insan yetişdirmək bu gün bizim təhsilimizin ən başlıca problemləridir. Biz müəyyən etməliyik ki, tələbə yetişdirək, yoxsa haqqını, hüququnu bilən, fərqli düşüncə tərzinə malik olan, plüralizmə açıq olan insanmı yetişdirməliyik. Biz hələ də təhsilimizin qarşısında duran bu məqsədi tam olaraq müəyyənləşdirməmişik. Təhsil qanununda deyilir ki, təhsilin ali məqsədi şəxsiyyət yetişdirməkdir. Bu şəxsiyyət hansı meyarlara malik olmalıdır. Bu gün bizim təhsil sistemimizdə gedən sovetlərdən qalma streotiplərlə şəxsiyyət yetişdirə bilmərik. Buna görə də düşünürəm ki, təhsil sistemində ən vacib məsələ həm təhsilin məzmununda, həm bu məzmunun həyata keçirilməsində məktəbəqədər təhsildən başlayaraq, tətbiqində innovativ üsullardan istifadə edərək 21-ci yüzilliyin tələb etdiyi insanı yetişdirməliyik. Əgər biz təhsil qanununda da göstərildiyi kimi, şəxsiyyət yetişdirmək istəyiriksə, bu, mütləq təhsilin demokratik, humanist bir sistem halına gəlməsindən keçir. Təəssüflər olsun ki, biz bunu görmürük”.

Ekspert bu gün məktəblərin qapalı bir hala gətirildiyini dedi: “Bu qapalılıqdan çıxılmalıdır. Müəllim bayraqdan məqalə yazdığı üçün ondan izahat istənilir və yaxud da hansısa müəllim təhsilin keyfiyyəti haqda ”Təhsil" qəzetinə müsahibə verir, ondan izahat tələb olunur ki, niyə icazəmiz olmadan müsahibə vermisiniz. Bütün bunlar sovet dönəmindən qalmadır. Təhsil sisteminə birinci növbədə demokratik, humanist ab-hava gətirilməlidir. Bu da təhsilin məzmunundan, onun idarə edilməsindən və ictimaiyyətlə möhkəm işbirliyi əlaqələrindən irəli gəlir. Bu üç məsələ yeni təhsil nazirinin qarşısında duran ən vacib məsələlərdən biri olmalıdır". \\musavat.com\\
Tarix: 20-12-2017, 09:04
Xəbəri paylaş





Xəbər lenti