Son illər uşaqların, xüsusən, qızların doğulmadan məhv edilməsi, yəni abort halları artıb. Hazırda Azərbaycanda selektiv abort səviyyəsinə görə dünyada Çindən sonra ikinci yeri tutur. Ekspertlərə görə, bu, gələcəkdə Azərbaycanı ciddi demokrafik gərginliklə üz-üzə qoyacaq. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun Azərbaycan hökumət orqanları ilə apardığı birgə tədqiqatlar demoqrafik balansın pozulması hallarını təsdiq edir. Belə ki, Azərbaycanda qız uşaqlarının sürətlə azalması müşahidə olunur. Bioloji normaya uyğun olaraq, Azərbaycanda hər 100 nəfər oğlana 106 qız düşməlidir. BMT-nin Əhali Fondunun 2012-ci ildən başlayaraq apardığı araşdırmalara görə, Azərbaycanda dünyaya gələn uşaqlar arasında cins nisbətinin pozulması səbəbindən hər 100 qız uşağına 117 oğlan düşdüyü müəyyən edilib.Qız övladlarının arzuolunmaz hesab edilməsi, onlara qarşı zorakılıq halları heç də ürəkaçan deyil. Amma təəssüf ki, hələ də bir çox ailələr qız uşağının dünyaya gəlməsinə faciə kimi baxır, bu məsələdə birmənalı şəkildə olaraq qadını günahkar hesab edirlər. Azərbaycanda hələ də bir çox atalar qız uşağının dünyaya gəlməsini istəməyərək, qadınlarını aborta göndərirlər. Əslində 10 həftədən sonra abort etdirmək olmaz. Buna icazə verilmir. Dölün ana bətnində olduğu müddət USM vasitəsilə müəyyən edildikdən sonra abort həyata keçirilir. Statistik göstəricilərə əsasən, Azərbaycanda abortların sayı durmadan artır. Belə ki, 2014-cü ildə 27220, 2015-ci ildə 27452 abort qeydə alındığı halda, 2016-cı ildə bu rəqəm 34569-a çatıb. 2017-ci ilin yanvar-fevral ayları ərzində ölkədə 24648, yaxud hər gün orta hesabla 418 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 15,7 təşkil edib. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edib ki, bu da dünyaya gələn hər 100 nəfər qıza nisbətdə 112 oğlan deməkdir. Rəsmi statistikaya görə, Azərbaycanda hər il orta hesabla 30 min abort əməliyyatı həyata keçirilir.
Dövlət Statistika Komitəsinin Azərbaycan Respublikası əhalisinin 2017-ci il mart ayının 1-i vəziyyətinə dair hesabatında da doğulan uşaqlar arasında bioloji normanın pozulduğu bildirilir. Rəsmi statistika göstərir ki, Azərbaycanda 20 yaşdan aşağı əhali arasında qızların sayı oğlanlardan 110 000 nəfər azdır. Azərbaycanda doğulan uşaqlar arasında oğlanların sayının üstünlük təşkil etməsi süni prosesdir. Yəni, qız uşaqlarının sayının azalmasında əsas səbəblərdən biri selektiv abortlardan istifadə hallarının geniş yayılmasıdır.
Gərginləşən demoqrafik vəziyyət... Onu da vurğulayaq ki, abortların sayının artmasına birbaşa təsir edən başlıca amil qız uşaqlarının dünyaya gəlməsini əvvəlcədən öyrənmək imkanının əldə edilməsidir. Belə ki, müasir texnologiya ilə dünyaya gələcək uşağın cinsiyyətini əvvəlcədən müəyyən etmək mümkün olduğundan bəzi valideynlər qız uşağından “yaxa” qurtarmaq üçün aborta üstünlük verirlər. Buradan belə məlum olur ki, qız uşaqlarının abort olunmasında əsas məsuliyyət həkimlərin üzərinə düşür. Müqəddəs dinimiz olan İslamda da hamiləliyin dayandırılması böyük günah və qətl hesab edilir. Abort, xüsusən də qız uşağına görə bu günaha batmaq qadın psixologiyasına ciddi şəkildə mənfi təsir göstərir. Qız uşaqlarının abort edilməsi tendensiyası ən başlıcası ölkənin demoqrafik vəziyyətinə mənfi təsir göstərir. Bir vaxtlar ölkə əhalisinin 51 faizini qadınlar, 49 faizini isə kişilər təşkil etdiyi halda, indi bu nisbət təxminən tam bərabər həddə qədər düşüb. Xüsusən də son 20 ilin statistikasını araşdırsaq, burada doğulan uşaqlar arasında oğlanların sayının çox olduğu üzə çıxar. Bir neçə il öncə Milli Məclisdə “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna, eyni zamanda müvafiq olaraq “Cinayət və İnzibati Xətalar” məcəlləsinə əlavə maddələrin salınması ilə Azərbaycanda uşağın ana bətnində cinsiyyəti məlum olduqdan sonra cinsinə görə abortlar qadağan edildi. Bununla belə, qız uşağına görə abort edilməsi məsələsi hələ də problem olaraq qalmaqdadır.
Hər il dünyada təxminən 22 milyon qadın abort edir. Reallaşan abortlar zamanı isə hər il təxminən 47 min nəfər dünyasını dəyişir, 5 milyon qadının isə həyatı risk altına düşür, sağlamlığını itirir. Həyatını və sağlamlığını itirən qadınların böyük əksəriyyəti abortların tamamilə qadağan olunduğu ölkələrdə yaşayır. Psixoloqlar hesab edir ki, sözügedən problemin həll yolu maarifləndirmədir. Onlar hesab edir ki, belə halların qarşısını qadağalarla almaq olmaz. Çünki insan bir şeyə qərar veribsə onu gizlində də, aşkarda da edəcək. Maraqlıdır ki, maariflənmə çox vaxt qadınlar, qızlar arasında aparılır.Amma bu düzgün deyil.Abortları çox zaman kişilər xanımlara məcbur etdirir.Bu səbəbdən maariflənmə hər iki tərəflə aparılmalıdır.
Qeyd edək ki, bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 120035 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Yanvar-sentyabr aylarında ölkə üzrə bu göstərici 107 min 459 doğulan körpə olub. 10 ayın göstəricisinə əsasən, doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub. 9 ayın statistik göstəricilərinə görə də doğulan körpələrin sayında oğlanların sayı üstünlük təşkil edib. Belə 53,1% oğlanın, 46,9% isə qız uşaqlarının payına düşüb.
Kağız üzərində qalan 10 min manat... Bu günlərdə qız uşaqlarının ana bətnində müdaxiləsinin qarşısının alınması ilə bağlı Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov maraqlı təkliflə çıxış edib.Əslində bu təklif illər öncə də gündəmə gəlmiş, amma icrası mümkün olmamışdı. Yenidən aktual olan məsələdə söhbət məhz ikinci qızı olan valideynlərə mükafat veriləcəyindən gedir. Görünən odur ki, yeni doğulan uşaqların nisbətində oğlanların sayının qızları xeyli üstələməsi dövləti belə bir addım atmağa sövq edir.Nazirin sözlərinə görə, ölkədə qız valideynlərinin mükafatlandırılması üçün yeni sistem tətbiq ediləcək.Sistemə əsasən, dövlət 2-ci doğulan qız uşaqları üçün valideynlərə 10 min manat verəcək. Yeni mükafatlandırma sistemi 2015-2020-ci illər üçün nəzərdə tutulmuş "Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"na daxil ediləcək. İkinci qız dünyaya gəldikdə onun adına bank hesabı açılacaq. Nəzərdə tutulan mükafatın ya birdəfəlik, ya da mərhələlərlə 18 yaşına kimi verilməsi nəzərdə tutulur.Bununla bərabər Azərbaycanda uşağın cinsinin planlaşdırılmasına icazə verilməyəcək.Bu barədə "Reproduktiv sağlamlıq haqqında” qanunda qeyd edilib.Qanun layihəsində bildirilib ki, cins ilə bağlı irsi xəstəliyin keçilmə ehtimalının olduğu hallar istisna, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir.Qanun layihəsi Milli Məclisin payız sessiyasının işlər planına daxil edilib.
Ümid edirik ki, qız uşaqlarının dünyaya göz açmamış məhv edilməsinin qarşının alınması üçün nəzərdə tutulan yeni təklif və tədbirlər səmərə verəcək.Amma ondan əvvəl bu məsələlərin icrası vacibdir.
Alçina Amilqızı
Cebhe.info
Tarix: 22-12-2017, 15:58