Facebook nə etmək istəyir...

Facebook nə etmək istəyir...
Facebook reklam gəlirlərini artırmaq üçün zaman keçdikcə səhifə paylaşımlarını daha az adama göstərir. Həmçinin digər tərəfdən reklamverənlərin sayı artdığından hər keçən gün reklam yeri uğrunda mübarizə də artır. Buna görə (həmçinin ola bilər Facebook-un süni müdaxilələri nəticəsində) reklam qiymətləri artmağa davam edir. “Socialbakers.com” qurucusu Han Rezabın açıqlamasına görə son bir ildə Facebook reklamlarının ortalama qiyməti 35% artıb.



Əlavə olaraq da Azərbaycanda 2017-ci ildən başlayaraq Facebook reklamlarına 18% vergi çıxılır. Bu o deməkdir ki, azərbaycanlı səhifə sahibi üçün reklam xərcləri son bir ildə 59% artıb.



2018-ci ildə Facebookda reklam yerləşdirənlərin diqqət etmələri məqamları sosial media mütəxəssisi Orxan Rzayev Modern.az-a danışıb:



“Önümüzdəki il edilməli olan ən əsas addımlardan biri məzmunun (kontent) keyfiyyətini artırmaqdır. Burada söhbət həm texniki, həm də mövzu baxımından gedir. Bir şeyi yadda saxlamaq lazımdır ki, sosial media və eləcə də sosial medianın qaydaları çox tez dəyişir. 3-4 il qabaq biz yolaver bir post paylaşıb nəticə əldə edə bilərdik, çünki həmin vaxt bizim səhifəmizin olması və orada paylaşımlar etməyimiz uğur sayıla bilərdi. Amma hazırda bizim kimi rəqiblərimizin də səhifəsi var, onlar da paylaşım edir, onlar da reklama pul qoyur. Yəni bizim etdiklərimizi edənlər artıq həddən artıq çoxdur və bu mübarizədə ən effektiv yollardan biri fərqli, diqqətçəkən kontent hazırlamaqdır. Belə olduqda sizi yadda saxlayırlar, sizi izləyirlər. O auditoriyanı necə idarə edəcəksiniz, o ikinci məsələdir.



Digər önəmli məqam – “influencer marketinq” (sosial mediada izləyicisi çox olan istifadəçilər vasitəsilə marketinq) fəaliyyətidir. Facebook-un reklam qiymətinin 1 ildə 59% bahalaşması fonunda hazırda “influencer marketinq” daha cəlbedicidir. Üstəgəl, bu marketinq fəaliyyətinin Facebook reklamlarından bir neçə üstün cəhəti var ki, bu da sizə əlavə fayda verir”.



Orxan Rzayevdeyir ki, reklam qiymətinin bahalaşması məhsul və xidmətin qiymətinə də təsir edə bilər.



“Bu artıma baxmayaraq Facebook hələ də ən ucuz və effektiv kanallardan biri olaraq qalır. Ona görə də uğurlu reklam kampaniyaları hazırlayanlar Facebook vasitəsilə qazanc əldə edirlər”.

Ekspert hesab edir ki, gələcəkdə Facebook-un bahalı reklam kanalına çevrilməsi real deyil.

“Təbii ki, ölkələr, regionlar üzrə ucuz olan rəqəmsal kanallarla yanaşı bahalı kanallar da var. Amma Facebook kimi 2 milyardlıq auditoriyası olan və strategiyasını ucuz reklam kanalı olaraq cızan bir platformanın gələcəkdə ən bahalı kanal olması inandırıcı görünmür”.



Media və Pr mütəxəssisi Vüqar Babanın sözlərinə görə sosial media reklamlarından istifadə edənlər də, bu reklamlara qoyulan tələblər də artır.



“Çox sayda şirkət sosial media reklamlarından istifadə edir. Ən çox istifadə olunanları isə Facebook və İnstagram-dır. Müxtəlif səbəblər, sosial media ilə bağlı verilən tələblər, qoyulan məhdudiyyətlər,vergi tətbiqləri reklamlardakı bu artımı dayandıra bilmir. Ən pis halda bu artımın sürətini, tempini azalda bilir. Digər hallarda isə bu inkişaf onsuzda gedir. Eləcə də Facebook, İnstagram bəzən öz reklam siyasətini dəyişir. Reklamların görünmə qaydalarını, reklam vermə qaydalarını dəyişir. Reklam verərkən hansı izləyicilərə nə qədər reklam çatmağı ilə bağlı da dəyişiklik edir. Bunlar hamısı Facebook-un daha çox qazanc götürməyi üçün edilir.Sosial şəbəkə sahibləri öz qazanclarını güdürlər”.

Reklamın bahalaşmasının təsirlərindən də danışan Vüqar Baba bildirib:



“Bu artımın reklam istifadə edənlərin sayında azalmaya səbəb olacaq. Sayda azalma olsa da, reklama xərclənən pullar istifadəçilər tərəfindən artacaq. Facebook nöqteyi-nəzərdən baxanda gəlir çoxalacaq. Məsələn, əvvəllər 100 nəfər bir dollardan reklam qoyurdusa və 100 dollar qazanc götürürdüsə, indi 60 nəfər 2 dollardan qoyacaq və nəticə etibarilə gəlir artacaq.



Azərbaycanda da reklam vericilərin sayı və reklamların həcmi azalacaq. Lakin şəxs Facebook-un reklam qaydalarından düzgün istifadə edə bilirsə, o zaman xərc çoxalsa da effekt artacaq, reklam daha çox adama görünə biləcək. Daha fokuslanmış reklam qoyularsa, ordan əldə edəcəyi effektlilik daha da çox olacaq”.



Nəzrin RÜSTƏMOVA
Tarix: 23-12-2017, 09:58
Xəbəri paylaş





Xəbər lenti