Ahıl yaşda küçəyə: Qocalar evinə qəbul şərtləri narazılıq yaradır

Ahıl yaşda küçəyə: Qocalar evinə qəbul şərtləri narazılıq yaradır
Atılmış qocalarla bağlı problemə dünyanın hər yerində rast gəlmək mümkündü.Azərbaycanda da övladları, doğmaları və qohumları tərəfindən atılmış ahıllar kifayət qədərdir.Son vaxtlar kimsəsiz, övladları tərəfindən atılmış yaşlı insanların ahıllar yaşayan müəssisələrə yerləşdirilməsi prosedurunda ciddi problemlər yaşanır.Həmin müəssisələrdə yerləşdirilmə şərtləri ağırdır, qoyulan tələblər ahıl şəxsləri narazı salır.

Qeyd edək ki, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunur. Bu ilin sentyabr ayına olan rəsmi statistikaya əsasən, ölkəmizdə bu kateqoriyadan olan şəxslərin sayı 377,8 min nəfər təşkil edir. Qeyd edək ki, dövlət tərəfindən atılmış şəxslərin sosial müdafiəsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir, qocalar evlərinə daim ərzaq və digər yardımlar göndərilir.

Ahıllarla bağlı Azərbaycanda 2006-2008-ci illəri əhatə edən bir dövlət proqramı qəbul olunub.Bu dövlət proqramında ahıllarla bağlı müxtəlif normalar, qaydalar və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu.İkinci dövlət proqramı isə 2016-2020-ci illəri əhatə edəcək ki, bu hələ ki qəbul olunmayıb, müzakirədədir. Bundan əlavə 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Amma 2001-ci ildə qəbul olunan “Ahıllara sosial xidmət haqqında” Qanun qüvvədən düşdüyü üçün 2011-ci ildə bu yeni qanunla əvəzlənib.Konkret olaraq ahılların xüsusi xidmət müəssisələrinə yerləşdirilməsi, onlara göstərilən sosial xidmətlərin növləri, formaları, hamısı orada təsbit olunub.Qanunvericilikdə qeyd olunur ki, yetkinlik yaşına çatan şəxslər əmək qabiliyyəti olmayan öz valideynlərini saxlamalıdır.Belə şəxslər və ya onların nümayəndələri olmadıqda həmin ahıl şəxsləri dövlət himayə edir.Əsasən burada 70 yaşından yuxarı olan şəxslər nəzərdə tutulur.

Maraqlıdır, kimsəsiz və övladları tərəfindən atılmış ahıl insanların “qocalar evi”nə yerləşdirilməsi şərtləri necə həyata keçir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Elman Babayev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, hazırda ölkəmizdə rəsmi olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi (Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, H.Hacıağa küçəsi 24) fəaliyyət göstərir. Hansı ki, bura daha çox ictimaiyyət arasında qeyri-rəsmi olaraq “Qocalar evi” adlanır:

“Burada özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiya yaşına çatmış şəxslər daimi olaraq yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar. Hazırda pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində 220 nəfərə yaxın şəxs yaşayır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında son illərdə pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində əsaslı təmir və yenidənqurma işləri aparılmaqla burada müasir tələblərə uyğun şərait yaradılıb, həmçinin müəssisə üçün 5 mərtəbəli 170 yerlik yeni korpus inşa olunaraq müvafiq təbəqədən olan insanların istifadəsinə verilib. Burada kitabxana və idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. sakinlərin istifadəsindədir. Müəssisədə yaşayan insanların sağlamlığına da xüsusi diqqət göstərilir, vaxtaşırı olaraq tibbi müayinədən keçirilirlər”.


Pensiya yaşına çatmış şəxslərin həmin müəssisələrə hansı şərtlərlə götürülməsi məsələsinə gəlincə, nazirlik rəsmisi qeyd edib ki, pensiya yaşına çatmış şəxsin qeyd olunan sosial xidmət müəssisəsinə qəbul edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun aidiyyatı rayon (şəhər) şöbəsinin həmin şəxsin özünəqulluq qabiliyyətinin və ona qulluq, köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələrinin olmaması və bu səbəbdən sosial xidmət müəssisəsinə qəbul olunması barədə müraciəti əsasında həyata keçirilir:

“Müraciətə baxılaraq sosial xidmət haqqında qanunvericiliyin tələbləri əsasında vətəndaşın sosial xidmət müəssisəsinə qəbul olunub-olunmaması barədə qərar qəbul edilir. Sosial xidmət müəssisəsinə qəbul olunma barədə qərar qəbul edildikdə vətəndaşın şəxsiyyət vəsiqəsi, yaşayış yerindən arayış, yoluxucu xəstəliyinin olmaması barədə arayış, sağlamlıq arayışı əsasında şəxsin müəssisəyə qəbulu həyata keçirilir”.(Cebhe.info)
Tarix: 28-12-2017, 14:37
Xəbəri paylaş





Xəbər lenti