SİZ NƏ EDİRSİNİZ, GƏRAY GƏRAYBƏYLİ?!
Etibar ƏLİYEV
Hələ də durğunluqdan çıxa bilməyən Tibb Universitetində (ATU) deyəsən islahatlar başlayıb. Kadr islahatı…Məlumata görə rektor Gəray Gəraybəyli 1990-cı ildən ATU-nun “Urologiya” kafedrasına rəhbərlik edən sabiq deputat, AMEA-nın müxbir üzvü Sudeyif İmamverdiyevi, “Travmatologiya və ortopediya” kafedrasına 1998-ci ildən rəhbərlik edən Əhməd Əhmədzadəni, “Uşaq cərrahlığı” kafedrasına 1995-ci ildən rəhbərlik edən Çingiz Quliyevi və “Oftalmologiya” kefdrasına 1991-ci ildən rəhbərlik edən Paşa Qəlbinuru vəzifəsindən uzaqlaşdırıb.
Gəray bəy!
Sizə xatırladım ki, rəhbərlik etdiyiniz Ali məktəbdə “III Uşaq xəstəlikləri” kafedrasına 1970-ci ildən akademik Adilə Namazova, “Onkologiya” kafedrasına isə 1993-ci ildən akademik Əhliman Əmiraslanov rəhbərlik edirlər. İslahat başlayıbsa, onda onların aqibəti necə olacaq? Bundan başqa, ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru Sabir Əliyevin 73 yaşı var. Sabir müəllim 2001-ci ildən prorektordur. Universitetin Tərbiyə işləri üzrə prorektoru Rafiq Məmmədhəsənovun isə 72 yaşı var.Hələ indiyə qədər rast gəlməmişik ki, universitetlərimizin hansısa birində kafedra müdiri, dekan, prorektor yaş həddinə görə könüllü istefa versin. Bir nümunə göstərim: Yapon kimyaçısı, Nobel mükafatı laureatı Keniti Fukui xatirələrində yazırdı: “Xoşbəxtlikdənmi, yaxud bədbəxtlikdənmi mənim yaş həddim çatdığından Kioto universitetindən istefa verməli idim. Bu qayda istisnasız olaraq bütün professorlara aid edilirdi. Mən 39 il dərs dediyim universiteti mükafata layiq görüldükdən bir il sonra tərk etdim”.
Fukui Nobel mükafatına layiq görülməsinə baxmayaraq, qaydalara tabe olaraq universiteti tərk etmişdir. Lakin ömrünün sonuna qədər gənc kimyaçıların yetişməsində əlindən gələni əsirgəməmişdir.
İndi gənc və orta nəsildən olan elmlər doktorlarının sayının azlığından gileylənirik. Bu boşluğu 30-40 il kafedra müdiri və Elmi Tədqiqat müəssisələrinin rəhbərləri vəzifələrini zəbt edənlər yaradıblar.Bir fakt da danılmazdır ki, yaşlıların gənc və orta nəsildən olan kadrlarla əvəzlənməsi o zaman islahat sayıla bilər ki, onlar yaşlı nəsildən daha böyük elmi uğurlara imza atmış olsunlar. İndi Gəray bəyin Elmi işlər üzrə prorektor təyin etdiyi şəxsin tərcümeyi-halına diqqət edin: “1961-ci ildə anadan olan Bəylərov Rauf Oruc oğlu 1978-1979-cu illərdə Respublika uroloji xəstəxanasında sanitar vəzifəsində çalışıb. 1979-1985-ci illərdə Azərbaycan Tibb İnstitutunun pediatriya fakültəsində təhsil alıb və həkim-pediatr diplomunu alıb. Təhsil müddətində 2 saylı şəhər xəstəxanasında reanimasiya şöbəsində çalışıb. 1985-1986-cı illərdə Bakı şəhər təcili və təxirəsalınmaz yardım stansiyasında internaturanı keçib. 1986-1989-cı illərdə Səhiyyə Nazirliyinin göndərişi ilə Əli-Bayramlı şəhərində təcili yardım stansiyasında həkim-pediatr kimi çalışıb. 1989-1992-ci illərdə Rusiyanın Moskva şəhərində Elmi-Tədqiqat Pediatriya İnstitutunda Nefroloji mərkəzdə aspiranturada olub və müvəffəqiyyətlə dissertasiyasını müdafiə edib, tibb elmləri namizədi dərəcəsinə nail olub. 2007-ci ildən dosent vəzifəsində çalışır”.
Sual olunur: Universitetin sütunu sayılan Elm istiqamətinə rəhbərlik edəcək bir sanballı elmlər doktoru tapılmadı?
Əgər gənc və orta yaşlıların vəzifələrə təyinatı məsələsində dostluq, qohumluq, yerliçilik prinsipləri rol oynayacaqsa, əlbəttə, yaşlı nəslin nümayəndələri müqavimət göstərəcəklər. Elə Paşa Qəlbinur kimi.
Bu yaxınlarda keçirilmiş TEDx konfransında Tibb elmləri doktoru, tanınmış kardiocərrah Kamran Musayevin olduqca maraqlı bir çıxışını dinlədim. Kamran həkim bioqrafiyasında dəhşətli bir fakt açıqladı. 1990-cı ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra sənədlərini Tibb Universitetinə verib. O zaman qızıl medalla gələnlər bir imtahandan “5” qiymət aldıqları halda ali məktəbə daxil olurdular. Kamran Musayev söylədi ki, onu “Kimya” fənnindən 6 saat imtahana çəkiblər. “Əla” yazmırmışlar. Axırda səs-küyə gələn rektor deyib ki, sənə bir sual da mən verəcəm, cavab verməsən “əla” gözləmə. Verdiyi sual isə ali məktəb proqramından olub. Kamran Musayev bu suala da cavab verdikdən sonra onlardan “əla” qiyməti qoparda bilib. Tibb Universitetinin şanlı müəllimlərinin Azərbaycanın tanınmış həkimlərindən biri olan Kamran Musayevə “əla” yazmaq istəməməkləri aydın idi. İstedadlı bir gəncə görə hansısa savadsızın adı siyahıdan çıxmalı idi. Bu isə böyük məbləğdə pul itkisi idi…
ATU-nun indiki yaşlı nəslinin nümayəndələri belə hadisələrin canlı şahidləridirlər.
Tarix: 1-01-2018, 15:19