Parkinq qiymətlərinin artırılmasına QƏZƏBLİ TƏPKİ: - “Sadəcə, dövlətlə və xalqla məzələnirlər”
“Yeraltı qarajıları araşdırsaq, onların kimə məxsus olduğunu açıq-aşkar görərik”.Bu fikirləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) parklanma qiymətlərinin kəskin şəkildə artırılmasını “xərclərin çox olması ilə” əsaslandırmasına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, qiymətlərin qaldırılması ideyası harınlamış müəyyən qrup adamların övladlarının başının altından “çıxır”:
“Harada xalq-dövlət birliyinə zərbə vura biləcək məsələlər varsa, ora mütləq barmaq edirlər. Həmin insanlar üçün milli maraq, xalq, dövlət anlayışı mövcud deyil.
Tək istəkləri ziddiyət, qarşıdurma yaradan mövqe yaratmaqdır. Sözügedən yeraltı qarajıları araşdırsaq, onların kimə məxsus olduğunu açıq-aşkar görərik. Dövlətə xalqın cibindən oğurlanan 5-10 qəpik lazım deyil.
Çünki bu məbləğlə dövlət nə varlanacaq, nə də kasıblayacaq. Müəyyən adamların balalarıdır ki, sadəcə, dövlətlə və xalqla məzələnirlər. Hər birimiz öz etiraz səsimizi ucaltmalıyıq”.
Tarix: 27-03-2024, 23:00