“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...


Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 123 ünvanında yerləşən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbi”ndə təhsil alan bir qrup şagirdin valideynləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, məktəbin yeni direktoru sağlamlıq imkanları məhdud olan uşaqların haqqını yeyir.

“Yazaraq bildiririk ki, bizim sağlamlıq imkanları məhdud olan övladlarımız var. Övladlarımız sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı xüsusi internat məktəbində təhsil alırlar. Eşitmə əngəllidirlər. Səhhətlərində problemləri var deyə bu uşaqlar təhsilsiz qoyulmalıdır?

Məktəbdə “təhsil” adına heç nə yoxdur. Sadəcə, övladlarımız məktəbə gedib-gəlir. Onların xüsusi dərsliyi də yoxdur. Məktəblilər dövlət tərəfindən tam təminatılıdır, amma təhsil ocağının rəhbərliyi tərəfindən heç bir təminatla təmin olunmurlar.

Keçmiş rəhbərlik barədə Mehriban xanıma şikayət ərizəsi ilə müraciət etdik. Şikayətimizə baxıldı və işdən çıxarıldı. Ondan sonra gələn Tariyel Əkbərov ümumiyyətlə uşaqların haqqını vermir. Sual verəndə də deyir ki, bizə nazirlikdən heç nə göndərmirlər.

Uşaqlara onlara aid dərslik də verilmir. Orta məktəbin dərsliyini verirlər. Halbuki, onların xüsusi dərsliyi olmalıdır. Daha dəqiq desək, 4-cü sinifə qədər xüsusi dərslik var. 4-dən sonra orta məktəbin kitablarını verirlər ki, oxuyun. Uşaqlarda o kitablardan heç nə anlamırlar.

Məsələn, 6-cı sinifdə oxuyan uşağa orta məktəbin 4-cü sinif dərsliyini veriblər. 5-ci sinifdən yuxarı nəşr olunmur.

Övladlarımızın qulaqları eşitmir deyə savadsız da olmalıdırlar?! Hər biri də çox savadlı uşaqlardır, oxumağa həvəslidirlər. Tariyel Əkbərov 1 il 4 aydır müdir təyin olunub, həmin vaxtdan uşaqların geyimləri də verilmir. Bu insanın Azərbaycan Respublikasının qanununlarından da xəbəri yoxdur. Qanundan xəbəri olsa, belə etməzdi.

Çoxyumuz rayondan gəlib, kirayələrdə qalırıq ki, uşağımız təhsilsiz qalmasın, gələcəkdə hansısa bir sahədə çalışsınlar.

Tariyel Əkbərov internata rəhbər gələndən ancaq özünə otaq qurub. Deyəndə ki, siz öz rahatçılığınızı təmin edirsiz, amma uşaqların gələcəyi üçün çalışmırsız, cavab verir ki, bu otağı mənim üçün dövlət qurub. Deyir ki, dövlət uşaqlara heç nə etmir, bunun günahkarı mən deyiləm.

Tariyel Əkbərovdan əvvəlki müdir valideynlərə çox hədə-qorxu gəlirdi deyə indi bir çoxu çəkilib qıraqda oturub. Çünki, gördülər ki, heç nə düzəlmir, əksinə pisə doğru gedir. Valideynlərin əksəriyyəti sağlamlıq imkanları məhdud olan uşaqlarının haqqınə istəyə bilmirlər, qorxurlar.

Bizim istəyimiz odur ki, yoxlama gəlsin, məktəbdə hər şey nəzarətə götürülsün.

Bizim dərdimiz özümüzə bəsdir, imkan versinlər ki, uşaqlarımıza sənət öyrədək. Yoxlama gələn zaman rəhbərliyə öncədən məlumat verilməsə, burada vəziyyətin necə acınacaqlı olduğunu görərlər. 2 il əvvəl tikişi dayandırılmış BTE geyim formalarını uşaqlara layiq görüblər ki, geyinin. Amma çox köhnə olduğu üçün uşaqlar onu geyinmir. Dövlət tərəfindən ayrılan heç nə bizim uşaqlara verilmir”.

Məsələ ilə bağlı “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi” ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Onu da qeyd edək ki, sözügedən məktəblə bağlı dəfələrlə redaksiyamıza şikayətlər daxil olub. Onlardan birini video müraciət şəklində oxucularımıza təqdim edirik:


Tarix: 29-03-2024, 10:38
Xəbəri paylaş





Xəbər lenti