Minlərlə taksi şoferini işsiz qoyan üç məmur üzə çıxdı
Azərbaycanda taksi xidmətində nəzərdə tutulan absurd dəyişikliklərin hansı yüksək çinli məmurların maraqlarına xidmət etdiyi məlum olub. Anaxeber.info bildirir ki, ölkə ərazisində fəaliyyət göstərən "Uber" MMC-nin təsisçisi Prezidentin İşlər İdarəsində vəzifə tutan, sabiq nazir Ramin Quluzadənin qaynı Yaqub Zamanovdur. Bu haqda jurnalist Cavanşir Həsənli apardığı araşdırma ilə fakt əldə edib. MMC-nin qanuni təmsilçisi, yəni direktoru Müşfiq Həsənov Vaqif oğlu baş nazirin müavini Şahin Mustafayevin oğlu Abdulla Mustafayevin və Milli Məclisin deputatı, məşhur iş adamı Məşhur Məmmədovun İstanbuldakı bizneslərinin (“ABM Construction Mimarlık Sanayi ve Ticaret Limited” və “Prestij Aracılik Hizmetleri İthalat-İhracat Pazarlama Sanayi Ticaret Limited” ) ortağı olub….”
Bu faktların üzə çıxması göstərir ki, iyulun 1-dən taksilərin başına açılacaq oyunda maraqlı qüvvələr var. Onların monopolist maraqları ucbatından minlərlə taksi şoferi işsiz qalacaq. Hər üç şəxs tutduğu mövqelərdə heç bir uğuru olmayan, xalqa xidməti ilə yadda qalmayan oliqarxlardır. İndisə bəlli olur ki, onların yaxınlarının biznesinin inkişafı, rəqabətsiz mühit yaranması, inhisarçılıq istəkləri səbəbindən minlərlə insan işini itirməkdədir.
Taksi xidməti ilə bağlı yeni qaydalar hansısa yüksək vəzifəli şəxs və şəxslərin bu sahəni monopoliyaya almaq, qaz vurub qazan doldurmaq, camaatın axırıncı çıxış yolu kimi “taksavatlıq”dan evinə, ailəsinə, uşağına apardığı bir tikə çörəyi əlindən almaq hərisliyidir, vəssalam”. Jurnalist Cavanşir Həsənli bu sözləri ilə haqlı mövqe bildirir.
Anaxeber.info
Tarix: 13-04-2024, 13:16