Azərbaycanda rəqabət qaydalarını kobud şəkildə pozan iaşə müəssisələrinə rast gəlinir. Bəzi hallarda ticarətlə məşğul olan vətəndaşlar haqsız rəqabətə məruz qaldıqlarını söyləyirlər. Redaksiyamıza daxil olan məlumata görə, Quba şəhərində fəaliyyət göstərən nəhəng “Megastore” mağazasının icarəyə götürdüyü binanın sahibi fantastik üsula əl atıb. O, sahibi olduğu binanın tikili sahəsini bir qədər də genişləndirərək obyektin bir hissəsini icarəyə verdiyi “Megastore”a rəqib olan yeni “Hiperstore - ən ucuz market” mağazasını açıb. İddialara görə, sahibkarın tez-tələsik bu addıma əl ataraq biznesini genişləndirməsi iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsində göstərilən məsuliyyətlərdən azad olmaq məqsədi daşıyır.
Bəs belə hallarla üzləşən sahibkarlar nə etməlidir?
Haqsız rəqabəti necə müəyyənləşdirmək olar?
Amma iyulun 1-dən etibarən həmin qanunun tələblərini pozanlara qarşı ciddi mübarizələr aparılacaq və cəza mexanizmləri tətbiq olunacaq. Məlumat üçün bildirək ki, Məcəllənin 6-cı fəslində haqsız rəqabətdən bəhs olunur. 19-cu maddədə haqsız rəqabətin formaları göstərilir. Qeyd edilir ki, rəqib təsərrüfat subyektinin nüfuzdan salınması, rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi, müştərilərin çaşdırılması və aldadılması və s. qadağandır. Eyni zamanda, 25-ci maddədə haqsız rəqabətə səbəb olan digər hərəkətlərdən söz açılır. Burada haqsız, qeyri-dəqiq və ya gizli reklamdan istifadə etməklə haqsız rəqabətə yol verilməsi, rəqibin işgüzar münasibətlərinin pozulması və ya dayandırılmasına səbəb olan və ya ola bilən qanunsuz əqdlərin bağlanması və ya hərəkətlərin (hərəkətsizliyin) edilməsi, eləcə də öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək və ya rəqibə digər formada zərər vurmaq məqsədilə rəqibin işçilərinə qanunsuz vasitələrlə təsir göstərilməsi haqsız rəqabətə səbəb olan qanunsuz hərəkətlər hesab edilir.
Reklamlarda bu ifadələrdən istifadə olarmı?
Məcəllənin 23-cü maddəsində isə müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlərin siyahısı göstərilib. Müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəlmiş hərəkətlərdən biri də qanunsuz reklam yayımıdır. Təsadüfi deyil ki, Azərbaycanda reklamlarda “ən ucuz”, “ən keyfiyyətli”, “1 nömrəli” və s. ifadələrinə rast gəlinir. Kimi satdığı məhsulu ən keyfiyyətli, kimi açdığı marketi ən ucuz, kimi isə iaşə xidməti göstərdiyi restoranı bir nömrə kimi qələmə verir. Qanun isə bu cür reklamların pozuntu olduğunu deyir.
Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev İqtisadiyyat.az-a bildirib ki, reklam – istehlakçının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır.
O, qanunvericiliyin tələbinə əsasən söyləyib ki, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir.
VK-nin üzvü vurğulayıb ki, bu baxımdan reklamlarda “ən ucuz”, “ən keyfiyyətli”, “1 nömrəli” və s. formada ifadələrdən istifadə eddilməsi yolverilməzdir:
"Reklam haqqında" Qanun haqsız reklamlarla bağlı məsələni də tənzimləyir. Belə ki, reklam olunan əmtəə ilə eyni funksiyaları yerinə yetirən, yaxud yetirə bilən, başqa istehsalçıların yaxud satıcıların əmtəəsinin keyfiyyət və (və ya) kəmiyyət göstəriciləri arasında digər bazar iştirakçılarının adını çəkməklə və (və ya) əmtəəni göstərməklə müqayisə aparıldıqda, müxtəlif vasitələr və (və ya) üsullarla bazar rəqibinin şərəf və ləyaqəti, işgüzar nüfuzu aşağılandıqda, əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verildikdə, reklam olunan əmtəədən istifadə etməyən və ya rəqiblərin əmtəəsindən istifadə edən şəxslərə istehza olunmaqla, başqa şəxslərdə onlara qarşı mənfi rəy formalaşdırmağa cəhd olunduqda və qanunda nəzərdə tutulmuş digər hallarda haqsız reklam hesab edilir və buna yol verilmir".
Bu qanunu pozanları külli miqdarda cərimə gözləyir
R.Əliyev əlavə edib ki, reklam haqqında qanunvericliyin pozulmasına görə isə həm inzibati, həm mülki, həm də cinayət məsuliyyəti nəzərdə tutulub.
Belə ki, reklam haqqında qanunvericiliyin pozulması İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsinə əsasən məsuliyyət yaradır və bu əmələ görə müxtəlif məbləğlərdə cərimələr nəzərdə tutulub və yuxarı həddi 40.000 manatdır:
"Cinayət Məcəlləsinin 198-ci maddəsi isə bilə-bilə yalan reklam etmə əməlinə görə məsuliyyəti müəyyən edir. Belə ki, əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda (50 min manatdan artıq) ziyan vurduqda - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda (100 min manatdan artıq) ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin reklam qanunvericiliyini pozmaqla vurduğu zərərə görə fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər həm də mülki qaydada maddi məsuliyyət daşıyırlar".
ADRA monitorinqlər zamanı həmin reklamların yayımını dayandırır
Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Hüseyn Azəri İqtisadiyyat.az-a deyib ki, açıq məkanda reklam yerləşdirməzdən əvvəl icazə alınmalıdır.
Onun sözlərinə görə, ən keyfiyyətli, ən ucuz, ən sürətli və s. ifadələrlə fəaliyyət göstərmək istəyənlərdən sertifikat tələb olunur.
ADRA sözçüsü bildirib ki, əgər bunu təsdiqləyən sənədlər varsa, o zaman həmin sözlərdən reklam kimi istifadəsinə icazə verilir:
"Amma icazəsiz və qanunsuz reklam yayımı fəaliyyətinə qarşı yerlərdə müfəttişlərimiz mütəmadi olaraq monitorinqlər aparırlar və onlar həmin reklamların yayımını dayandırırlar, demontaj edirlər. Yəni o reklamı sökür və sahibkarlara da xəbərdarlıq edirlər. Əgər sahibkarlar yazılı xəbərdarlığa əməl etmirlərsə, onda onları təbii ki, qanunvericiliyə uyğun olaraq cərimə gözləyir".
"Biz bundan başqa, mübarizə üsulu olaraq öz sosial platformalarımızda da adra.gov.az həştəqini əhalinin ixtiyarına vermişik ki, haradasa qanunsuz reklamlara rast gələn zaman paylaşaraq bizi işarələyə bilərlər. Biz də buna müvafiq addımlar ataraq lazımi tədbirləri görə bilərik. Agentliyin hər rayon üzrə ayrı-ayrı müfəttişlər var. Onlar bu cür pozuntu hallarına qarşı mütəmadi olaraq reydlər keçirirlər. Bundan başqa, bizdə avtomobil üzərində quraşdırılmış 360 dərəcə ətrafı təsdiq edən xüsusi qurğu var. Avtomobil küçədə və ərazidə hərəkətdə olan zaman maşın ətrafdakı bütün reklamları çəkir və bütün informasiyaları avtomatik şəkildə mərkəzi aparata göndərir və burada həmin reklamların icazəsinin olub-olmadığı müəyyən olunur", - H.Azəri əlavə edib.
Haqsız, qeyri-dəqiq və gizli reklam üsulları ilə rəqabətə yol verilmir
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, reklam haqqında qanunvericiliyin tələblərinə əsasən, əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verilməsi qadağandır.
Qeyd edilib ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.3-cü və 6.2-ci maddələrinə əsasən, müvafiq olaraq, əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verilməsi haqsız reklam hesab edilir və haqsız reklama yol verilmir: "Həmin Qanunun 7.1.2-ci, 7.1.4-cü və 7.2-ci maddələrinə əsasən, əmtəənin bazarda mövcudluğu, onun göstərilən miqdarda, vaxtda və yerdə əldə edilməsi imkanları və reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks edən reklam qeyri-dəqiq hesab olunur və qeyri-dəqiq reklama yol verilmir. Bundan başqa “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunmaqla istehlakçıların çaşdırılması haqsız rəqabətə səbəb olur və haqsız rəqabətə yol verilmir. Mövcud qanunvericiliyin tələblərindən göründüyü kimi, qeyd olunan ifadələrin həqiqiliyini təsdiq edən müvafiq sənəd və materiallar bazar subyektlərində olduğu təqdirdə bu ifadələrdən istifadə oluna bilər".
Məlumatda vurğulanıb ki, Dövlət Xidməti tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti (açıq məkan istisna olmaqla) məqsədilə mütəmadi olaraq monitorinqlər və maarifləndirmə tədbirləri, habelə fiziki və hüquqi şəxslər tərəfindən daxil olmuş müraciətlərin araşdırılması həyata keçirilir: "Aparılmış araşdırmalar zamanı bazar subyektləri tərəfindən pozuntu əlamətləri aşkar edildikdə qanunvericiliyə müvafiq olaraq tədbir görülür. Məlumat üçün bildirək ki, istehlakçılar müxtəlif reklam daşıyıcılarında malların reklamı zamanı mövcud qanunvericiliyin tələblərinin pozulması halları ilə rastlaşdıqları zaman Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi -
https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif elektron poçt -
[email protected] və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edilə bilər".
Tarix: 19-04-2024, 23:16