Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTO
"Xətai rayonunda qanunsuz tikintilər"!
Sosial media və sosial şəbəkələrdə bu başlıq altında çoxlu sayda yazılı məlumatlar, fotoşəkillər və videogörüntülər yer alır.
"DogruXeber.az" olaraq, rayonun hələ təkcə Həzi Aslanov qəsəbəsi (10-larla), Əhmədli qəsəbəsi, NZS qəsəbəsi, Köhnə Günəşli qəsəbəsi, Qaçaq Nəbi küçəsi və sair ərazilərində aparılan qanunsuz tikintilər barəsində məlumatları görüntüləri ilə birlikdə dəfələrlə yayımlamışıq, eyni zamanda aidiyyatı qurumlara sorğu şəklində göndərmişik. Dəyişən isə aparılan tikinti işlərinin təkcə gündüzlər deyil, gecə-gündüz fasiləsiz aparılaraq, sürətlə başa çatdırılmaları olur.
İstər Xətai rayon İcra Hakimiyyəti, istərsə də digər aidiyyatı qurumların "karam, koram, lalam" prinsipi ilə iki ildən çoxdur ki, bütün qanunsuz tikintilər və rayonun ərazisindəki çoxsaylı yaşıllıq ağaclarının yerində iaşə obyektləri tikilməsi üçün kəsilməsinə qarşı gözlərini yumub, "yoqa vəziyyətini almaları" təbii ki, səbəbsiz deyil. Və bu səbəbin "şirnikləndirici" olduğu da kimsəyə sirr deyil. Məhz buna görədir ki, Xətai rayonunun Həzi Aslanov qəsəbəsində daha bir neçə tikintilərin aparıldığı barəsində redaksiyamıza görüntülər daxil olmuşdur. Bütün məlumatlar və görüntülər barəsində Xətai rayon İcra Hakimiyyətinə göndərdiyimiz sorğuları isə sanki, yazıb quyuya atırıq. Nə bir cavab yox, nə də hər hansı bir reaksiya. Barəsində qanuni tədbir görmək ümumiyyətlə yoxdur.
Deyəsən, "sarayı sağlam sütunlara söykənən", daha doğrusu belə zənn edən Xətai rayon rəhbərliyi qanunları ciddi qəbul etmir. Hətta, "burda mənəm, Bağdadda kor xəlifə" prinsipi ilə rayonda "meydan sulayır".
Maraqlıdır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada icazə üçün lazım olan rəsmi sənədləri müvafiq icra hakimiyyətinə təqdim etməli olan sahibkarlar hansı sənədləri təqdim ediblər ki, yüksək gərginlikli elektrik xətlərinin altında, yaxud yaxınlığında, eləcə də yaşıllıq ağaclarının olduğu yerlərdə, özü də o, ağacların kəsilməsi bahasına başa gələn tikintilər aparmaq üçün icra hakimiyyətini razı sala biliblər ?
1 saat 38-ci dəqiqədən sonra diqqət !
1997-ci ildən "meylini" Xətai rayon rəhbərliyinə salan və sosial mediada "yaşıllıq qənimi" ləqəbini alan Rafiq Quliyev, bəlli ki, bu illər ərzində rayonun hər qarışını çox gözəl tanıyıb, "analiz edib", hər addımdan necə istifadə etməyin planlarini mühəndis gözü ilə ölçüb-biçib. Odur ki, rayonun qəsəbələrində daxili küçələr kələ-kötür, bərbad olmasına, "həftə səkkiz, mən doqquz" Kazımağa Kərimov küçəsindən daşıb "8 noyabr" prospektinə qədər küçənin ortası ilə axıb uzanan kanalizasiya sularına (GÖRÜNTÜLƏRİ BURADA !) baxmayaraq, Kazımağa Kərimov küçəsində, köhnə yataqxananın həyətindəki, həmçinin Həzi Aslanov qəsəbəsinin müxtəlif küçələrindəki tikintilər maneəsiz şəkildə davam etdirilir.
Köhnə Günəşli qəsəbəsi, Mehmandarov və Qaçaq Nəbi küçələrində aparılan tikintilər də həmçinin, başa çatdırılmaq üzrədir.
Yeri gəlmişkən, bir tərəfi "gəlir mənbəyi" (agacları kəsilərək, yerində iaşə obyektləri inşa edilən yaşıllıq zolağı nəzərdə tutulur) olan "Əhmədli" metrostansiyasının digər tərəfində, Məhəmməd Hadi küçəsi 159a ünvanındakı yaşayış binasının zirzəmisinə axan kanalizasiya sularının qoxusu binanın yaxınlığından keçənlərin belə ürəyini bulandırır. Uzun müddətdir sözügedən yaşayış binasında bu cür antisanitar şərait, üfunət hökm sürməsinə baxmayaraq, aidiyyatı idarələr problemləri də, bu problem içində yaşamağa məhkum çoxsaylı insanları da görməzdən gəlirlər.
Əlqərəz.... Qayıdaq, qanunsuz tikintilər məsələsinə. Görünür, Xətai Rayon İcra Hakimiyyəti ərazisində aparılan qanunsuz tikintilərdən xəbərdar və bu halından məmnundur. Bəs Şəhərsalma və Arxitektura Komitəsi (ARXKOM), Fövqəladə Hallar Nazirliyi (FHN) və digər aidiyyatı qurumlar niyə kənarda dayanıb???
P,S: Qeyd edək ki, məlumatları yayıma hazırlayıdıq ki, ARXKOM-nin özünü ərazi üzrə "kurator" kimi təqdim edən Ağa adlı əməkdaşı bizə zəng edib, sözügedən tikintilərin araşdırılması ilə bağlı ərazidə digər əməkdaşlarla baxış keçidiyini bildirdi və bizdən o, tikintilərin ünvanlaını göndərməyimizi xahiş etdi. Biz Ağa müəllimin verdiyi telefon nömrəsinə hazırda bir çox tikintilərin aparıldığı ünvanları və fotoşəkilləri göndərmişdik ki, ərazidə baxış keçirən əməkdaş buna etirazını bildirdi və yalnız sonuncu məktubda qeyd edilən Kazımağa Kərimov və S.Mehmandarov küçələrində aparıln tikintilərin ünvanını istədiyini dedi. Sən demə bu baxış bizim sorğumuza cavab vermək üçün aparılırmş.
Maraqlıdı ki, Xətai rayonunda aparılan bir çox tikintilər barəsində biz əvvəllər də dəfələrlə ARXKOM-nə sorğular göndərmişik, lakin cavabsız qalan o, sorğulardakı bir çox tikintilər atıq maneəsiz başa çatdırılıb. Bu gün isə ərazidəki ARXKOM əməkdaşının, "nə vaxtsa tikinti aparıldığı ünvan bizə lazım deyil, hazırda tikinti gedirsə, məktubdakı iki ünvanı göndərin" deməsindən belə görünür ki, bu qurum da öz vəzifələrini Xətai rayon icra hakimiyyəti kimi "icra edir". Yoxsa, qanunsuz işlərin "safı-çürüyü" olmaz ki, içində seçim olunsun...