Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru – “Azərlotereya” ASC 2023-cü il üzrə maliyyə hesabatını təqdim etməyib.Bu məlumatları əldə etmək üçün “Azərlotereya” ASC-nin rəsmi saytı-
azerlotereya.com-a müraciət etsək də, sonuncu maliyyə hesabatının 2022-ci ilə aid olduğunu gördük.
NOCOMMENT.az saytı olaraq Azərlotereya və Misli üzrə 2023 və 2024-cü ilin 1-ci rübü üzrə bəzi məlumatları əldə etməyə çalışdıq və bununla əlaqədar olaraq “Azərlotereya” ASC-yə bəzi suallar ünvanladıq.
Həmin sorğunu sizə təqdim edirik:• Hər iki lotereya üzrə keçən il və bu ilin ilk rübündə oynanılan bütün növ lotereyalar üzrə ümumi uduş fondu nə qədər olub?
Uduş fondu “Lotereyalar haqqında” qanunda nəzərdə tutulan qaydada tənzimlənir. “Lotereyalar haqqında” Qanunun 6.5-ci maddəsinə uyğun olaraq ani lotereyanın uduş fondunun həcmi buraxılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az olmamalıdır. “Azərlotereya”nın bütün növ lotereyalarında bu göstərici 50%-dən çoxdur. Məsələn, ani lotereyalarda bu göstərici 63-68% arasındadır. Yəni, satışdan əldə edilən gəlirin 68%-dək hissəsi uduş olaraq qaliblərə ödənilir.
• Azərlotereya və Misli üzrə 2023 və 2024-cü ilin 1-ci rübü üzrə qalib fondu, yəni uduşlar nə qədər olub?
“Azərlotereya”nın “Poz-Qazan” adlandırılan ani lotereya oyunlarında 25 000-dən 200 000 manatadək böyük uduşlar, eləcə də milyonlarla digər müxtəlif məbləğli pul uduşları var.
Cari ilin yanvar ayından bu günə qədər ani lotereyalarda 50 böyük uduş qeydə alınıb. Təkcə ötən ay “5X” lotereyasında 100 000, Novruza özəl limitli sayda satışa çıxmış “Papaq at” lotereyasında 2 ədəd 75 000, 10 ədəd 10 000, “Bombardir”, “Uğurlu 7” və “Göz Muncuğu” lotereyalarında da 10 000 manat qazanılıb. Uduşlar və qaliblər barədə
azerlotereya.com rəsmi saytı və şirkətin sosial media səhifələrində tez-tez məlumatlar paylaşılır.
• Azərlotereya və Misli üzrə ümumilikdə neçə növ və adda lotereyalar mövcuddur?
“Azərlotereya”nın təşkil etdiyi oyunlar arasında tirajlı, ani, virtual idman və virtual oyunlar (“ePoz-Qazan” və dijital oyunlar), eləcə də idman mərc oyunları üzrə hazırda təxminən 80-nə yaxın şans oyunu var. Hər bir oyun barədə
azerlotereya.com və
misli.az rəsmi saytında məlumat əldə edə bilərsiniz.
• Poz qazan, Tirajlı, Keno, ePozqazan, Binqo, Rəqəmsal oyunların hər biri üzrə ayrı-ayrılıqda uduş fondu nə qədər olub və nə qədər oynanılıb?
“Azərlotereya”nın ani lotereyalarının hər biri üzrə lotereya biletinin üzərində də bu barədə məlumatlar əksini tapır. Tirajlı lotereyalarda uduş fondu 50% və ondan çox olur. “Lotereyalar haqqında” Qanunun 2.0.6-cı maddəsinə uyğun olaraq, “uduş fondu” anlayışı virtual lotereyalara aid deyildir. Uduşlar və qaliblər barədə
azerlotereya.com rəsmi saytı və şirkətin sosial media səhifələrində tez-tez məlumatlar paylaşılır.
• Azərlotereya və Misli insanların bu mərc oyunlarında yaş məhdudiyyətini qoyurmu? Qoyursa bu necə tənzimlənir?
Şans oyunlarında yalnız 18 yaşı tamam olmuş şəxslər iştirak edə bilərlər. Bu həm qanunvericiliyin, həm beynəlxalq “Məsuliyyətli oyun” standartının tələbidir. Bununla bağlı “Azərlotereya”nın “Məsuliyyətli oyun” standartında hər zaman oyunçulara 18+ yaş məhdudiyyəti xüsusi vurğulanır. Bununla bağlı ətraflı məlumatı saytımızın müvafiq
bölməsindən əldə edə bilərsiniz.
• Azərlotereya və Misli üzrə 2023 və 2024-cü ilin 1-ci rübü üzrə xərclər və dividentlər nə qədər olub? Xaliş mənfəət və vergi ödəmələri nə qədər olub?
“Azərlotereya”nın 2023-cü il üzrə maliyyə hesabatı qanunvericilikdə nəzərdə tutulmuş müddətə əsasən may ayının sonunadək ictimaiyyətə açıqlanacaq.
• Biz sizin son 5 ilin hesabatı ilə yaxından tanış olduq. Xahiş edərdik Azərlotereya və Misli üzrə 2023 və 2024-cü ilin 1-ci rübü üzrə də hesabatı sorğumuza cavab olaraq təqdim edəsiniz. Hesabat olmasa belə soruşulan məlumatları təqdim edərdiniz.
“Azərlotereya”nın 2023-cü il üzrə maliyyə hesabatı qanunvericilikdə nəzərdə tutulmuş müddətə əsasən may ayının sonunadək ictimaiyyətə açıqlanacaq. Qanunvericiliyə uyğun olaraq, 2024-cü il üzrə maliyyə hesabatı 2025-ci il may ayının sonunadək açıqlanacaqdır.
Tarix: 7-05-2024, 17:33