Zabrat qəsəbəsinin bitməyən kanalizasiya problemləri - RƏSMİ QURUMLAR ŞİKAYƏTLƏRƏ ƏHƏMİYYƏT VERMİR
Qaradağ rayon sakini İsmayılov Rəşad Rizvan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayəti bildirir ki, hazırda yaşadığı Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, "Tramvay küçəsi"ndəki evlər suyun içindədir:“Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, "Tramvay küçəsi"ndəki evlər suyun içindədir. Orada yaşamaq çətindir. Uşaqlar məktəbə gedə bilmir. Kanalizasiya sistemi işləmir. Bir Allahın qulu gəlib bizə kömək etmir. Kanalizasiya sisteminin bir motoru işləyir, digərləri isə işləmir. Tək motorla sistem boşalmır.
İcra Hakimiyyətinə, Bələdiyyəyə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə, Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Amma heç kim gəlib baxmayıb. Zənglərimiz aidiyyatı orqanların operatorları tərəfindən qeyd olunur, amma heç kim gəlib maraqlanmır".
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumdan bizə bildirildi ki, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil:
"Ərazidə olan kanalizasiya xətləri vətəndaşlar tərəfindən pərakəndə üsulla çəkilən xətlərdir. Bu səbəbdən, müvafiq rayonun su kanal idarəsi ərazidə xidmət göstərə bilmir. Buna baxmayaraq, bu kimi ərazilər dəfələrlə yağış və qrunt sularından təmizlənib".
Tarix: 6-11-2024, 08:18