Qadağa siyahısının “bəzəyi”, müstəqil Azərbaycanın ilk xalq artisti: Erməniyə görə düşdüyü “qara siyahı”dan Elçibəyin çıxartdığı müğənni


Bu gün məşhur sənətkar, xalq artisti Flora Kərimovanın 77 yaşı tamam olur. 

Cebhe.info xəbər verir ki, Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub. 1964-cü ildә Asəf  Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildә Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun “Çinar” ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən isə Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti olub. 

Qeyd edək ki, xalq artisti klassik Avropa operası, milli opera janrı, xalq mahnıları, bəstəkar mahnılarının klassik art-estrada (sovet estradası) janrlarının ustad sənətkarı, Azərbaycan klassik art-estrada janrının banisidir. Bəstəkar Elza İbrahimova xüsusi olaraq Flora Kərimovanın səsi üçün “Afət”operasını bəstələyib. 

Həmçinin o, Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun” operasında)  obrazında çıxış edib, "Qanun naminə" (1968) bədii filmində çəkilib.
Əsrarəngiz səsi bəşər tarixində dörd (4-cü) oktavanı aşan az sayda müğənnilərdəndir. 

Xalq artistinin sənətinin demək olar ki, böyük hissəsi qadağalarla keçib. Amma buna baxmayaraq, “Qızıl Fond”da ən çox sayda əsərlər Flora Kərimovaya məxsusdur. İlk qadağanı Sovetlər dövründə Qarabağda keçirilən konsertdəki insidentə görə alıb. Belə ki, Sara Qədimova, Şövkət Ələkbərovadan sonra oxumalı olan erməni əsilli müğənni, çox zildən “Qarabağ şikəstəsi”ni oxuyub. Növbəti çıxış Flora Kərimovanın idi və sənətkar konsertin proqramında nəzərdə tutulmuş əsəri deyil, elə “Qarabağ şikəstəsi”ni 2 not daha yüksəkdən ifa etməklə hamını təəccübləndirib. Lakin Bakıya qayıtdıqdan sonra, o dövrkü Mədəniyyət Nazirliyi bu addımı milli təəssüb kimi qiymətləndirərək, Flora Kərimovanı uzun müddət səhnədən uzaqlaşdırıb. 

Sonradan Moskvadan gələn, mədəniyyət məsələləri ilə bağlı heyətin tərkibində olan, yüksək rütbəli məmurun xanımının (hansı ki, Flora Kərimovanın ifasını tanıyırdı) xahişi ilə xanım Kərimova səhnəyə qaytarıldı. 

Sovet dövründə ən uzunmüddətli qadağanın tarixçəsi daha maraqlı olub. O dövrdə Moskvada belə qərara alınmışdı ki, hər respublikadan bir nəfərə SSRİ xalq artisti adı verilsin. Flora Kərimovanın Moskvanın Mərkəsi Televiziyasının sifarışı ilə çəkilmiş musiqili filmdəki ifasından mütəəssir olan SSRİ Mədəniyyət Nazırliyinin əməkdaşları Azərbaycandan seçiləcək sənətkarın Flora Kərimova olmasını istəklərini bildiriblər. Bu qərarın əsas səbəbi sənətkarın fantastik ölçülərə malik səs imkanlarının olması idi və bundan əlavə, Flora Kərimova bir çoxlarından fərqli olaraq, ali musiqi təhsilinə malikdi (həm Asəf Zeynallı adına Musiqi Məktəbini, həm də Konservatoriyanı bitirmişdi), həm də rus dilini sərbəst bilirdi (bu, o dövrdə, ziyalı üçün vacib şərt idi). Lakin son anda elə sənətkarın özü bu məsələni alt-üst etdi. Belə ki, o dövrdə SSRİ xalq artisti adını almaq üçün əvvəl Azərbaycan SSR xalq artisti adını, sonra isə Ermənistan SSR xalq artisti adını almaq lazım idi və ancaq bundan sonra SSRİ xalq artisti fəxri adı veriləcəkdi. 

Əvvəlcə hər məqam yaxşı getsə də, söhbət Ermənistan SSRİ xalq artisti adına gəldikdə, Flora Kərimova qətiyyətlə fəxri addan imtina etdi. 

Flora Kərimova bu səbəblərdən bir müddət Polşada yaşamalı oldu.

Sovet dövründə ən uzunmüddətli qadağalardan biri də 1989-1991-ci ildə olub. Həmin dövrdə Azərbaycan Televiziya və Radio Milli Musiqi Fondunda Flora xanıma məxsus olan musiqi səs yazı lent və görüntülərin kart nömrələri, bəzi hallarda original lentlər yandırılıb, silinib. Feyaletova adına Səsyazma Studiyasında olan teletamaşa üçün səs yazıları isə qadağa siyahısına salınıb. 

Cəfər Cabbarlı adına Film Studiyasında Flora xanıma məxsus olan televiziya tamaşaları, film, eləcə də çizgi filmlərdəki ifaları bəzi kadrlardan çıxarılıb və ya adı pozulub. 

Hətta Flora xanımın 1990-cı il 20 Yanvar şəhidlərinə ifa etdiyi mahnılar əvvəl gizli şəkildə yayılırdı. 

1992-ci ildə bütün qadağalar əsasız hesab olunaraq ləğv edildi və Prezident Əbülfəz Elçibəy tərəfindən Azərbaycan Respublikasının ilk xalq artisti adına layiq görüldü. 

Hicranə İsmayılova

Tarix: 23-07-2018, 15:00
Xəbəri paylaş





Xəbər lenti