“Ərim qısqandı, sənəti buraxıb, rayona köçdük” – Səhnəmizin ərəbzəngisi


Azərbaycanlı xanəndə Gülnar İsayeva “Yeni Musavat”ın redaksiyasında qonaq olub.

Muğam ifaçısı ilə sənətə gəlişindən, yaradıcılıq planlarından və ailə həyatından danışdıq: 

- TRT Musiqi kanalının “Könül bağı” proqramında qonaq oldunuz. Azərbaycan mahnı və muğamlarını ifa etdiniz və çox bəyənildi. Proqrama dəvət kim tərəfindən olundu? 

- Nigar İsfəndiyar mənim ora getməyimə şərait yaratdı. Çox sevinclə getdim, gözəl münasibət gördüm. Veriliş öncəsi məşqimiz oldu, maraqla qarşılandıq. Mahnılarda müəyyən dəyişikliklər etdik. Musiqimizin rəngarəngliyimizi maraqla qarşıladılar.

Zəngülələrimizə xüsusi sevgi göstərdilər. Sevinirəm ki, ölkəmizin adını başqa ölkələrdə ucalda bilirəm.

Başqa səfərlərimiz də var. Sadəcə dəqiqləşməyib deyə ətraflı danışa bilmirəm.

- Bu qədər güclü səsin sahibi niyə gündəmdən uzaqdır?

- 2005-ci ildə Üzeyir Hacıbəyovun 120 illiyinə həsr olunmuş muğam müsabiqəsinin lauriyyatı olmuşam. Bilirsiniz ki, müsabiqə mərhələlərdən ibarət idi. 2005-ci ildən sonra davamlı konsertlərdə çıxış etdik, görüş və səfərlərimiz oldu. Bir az tənbəllik, ailə həyatı sənətdən uzaqlaşmağıma səbəb oldu. Yenidən geri dönmüşəm. İşlərimin başındayam.

- Qayıdaq lap əvvələ, Gülnar İsayeva necə oldu ki, sənətə gəldi? Gözəl səsiniz olduğunu kim kəşf etdi?

- Uşaq vaxtı oxuyurdum. İkinci sinifdə oxuyanda Söylü müəllimə mənə dedi ki, gözəl səsin var. Evdə anama dedim ki, müəllimə səsimi bəyəndi. Anam çox sevindi. Sonra 7-ci sinifdə musiqi təhsili almağa qərar verdim. Amma muğam üçün artıq gec idi. Qazax rayonunun 2 saylı musiqi məktəbinin saz sinfinə daxil oldum. Sonra müsabiqələrə qatıldım. Sənətkarımız Sədi Əfəndiyevin yubileyi ilə bağlı tədbir keçirilirdi. Mən də orada çıxış etdim. Sədi müəllim səsimi bəyəndi, sinfinə çağırdı. Müxtəlif ladlarda səsimi yoxladı, dedi, səndən gözəl xanəndə olar. Mənə yol göstərdi, Bakıya göndərdi. Beləliklə, yeni mərhələ mənim üçün başladı. 2002-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikomuna daxil oldum. Xalq artisti, sənətkarımız Nəzakət Teymurovanın tələbəsi oldum.

2005-ci ildə Üzeyir Hacıbəyovun 120 illiyinə həsr olunmuş muğam müsabiqəsinə qatıldım. 540 iştirakçıdan iyirmiliyə daxil oldum.

Münsiflər məni “Səhnəmizin ərəbzəngisi” adlandırırdı. 2006-cı ildə Milli Konservatoriyaya sənəd verdim, konservatoriyanı qırmızı diplomla bitirdim. Orada da Nəzakət Teymurovadan dərs aldım. Onu çox sevirəm. 2010-cu ildə Bakı Humanitar Kollecinə dəvət aldım, müəllimə kimi işləməyə başladım. Ailə qurduqdan sonra kollecdən uzaqlaşdım. Çünki rayona köçdük. Amma yenidən pedaqoji fəaliyyət göstərmək istəyirəm.

- Adətən valideynlər qız övladlarının sənətə gəlməyini istəmir. Sizin ailənizdə musiqiyə yönəlmək istədiyinizi deyəndə münasibət necə oldu?

- Allah bütün dünyasını dəyişmiş valideynlərə rəhmət eləsin. Sənətdə olmağımı ən çox atam istəmişdi. Atam mənim oxumağımdan zövq alırdı. Həm də ailəm mənə güvənirdi. Deyirdi ki, bilirik ki, hansı sahədə olsan, üzü ağ, başı dik olacaqsan.

Atamın, dayımın dəstəyi böyük oldu. Hazırda ailəliliyəm, iki oğlumuz var. Həyat yoldaşım dayım oğludur. İndi ən böyük dəstəkçim həyat yoldaşımdır. O imkan verir ki, xarici ölkələrdə ölkəmizi təmsil edim.



- Əsasən, xarici ölkələrdə muğamı eşidənlər kövrəlir, ağlayır. Muğam ifa edərkən qarşısındakı tamaşaçının kövrəldiyini görmək sizə necə təsir edir?

- Mən də kövrəlirəm. Həm də daha ürəklə ifa edirəm. Çünki ifamın insanların qəlbinə toxunduğunu görürəm. Xarici ölkələrdə daha çox həssaslaşıram. Xaricdə biri sənə “Qızım, bu tərəfə gəl” desə, belə sevinirəm.

- Bayaq qeyd etdiniz ki, sənəti kənara qoyub, həyat yoldaşınızla rayona köçdünüz. Hər sənət adamı bu addımı atmır. Heç tərəddüd etmədiniz?

- Mən ailəcanlıyam. Şöhrətin zirvəsində düşündüm ki, artıq ailə qurmalıyam. Hər adama ailə, uşaq qismət olmur. Ailə qurmamışdan 2 il öncə qarşıma məqsəd qoydum ki, ailə quracağam. Bəyin varlı, kasıb olmasına baxmayacağam. Şöhrət, məşhurluq bir anda əldə edilə bilər. Ailə isə hər zaman qurulmur. Övladım olandan sonra dünyaya fərqli baxıram. Sənətə də həyat yoldaşımın dəstəyi ilə qayıtdım. O razı olmasaydı, qayıtmazdım. Rayona onun istəyi ilə köçdük. Əvvəllər insanların mənə maraq göstərməsindən narahat olurdu. O qısqandı deyə rayona köçdük. Sonra dedi ki, sənə güüvənirəm, insanların sənə sevgisi gözəl sənətindən irəli gəlir.

Bu gün qayınanam mənə köməkdir, övladlarıma baxır. Deyir ki, qızım, sən oxu.

- Yeni çıxan ifaçıları dinləyirsiniz?

- Dinləyirəm, bəyəndiklərim var. Hazırda əsas öz sənətimə yönəlmişəm.

- Muğam ifaçıların toylarda çıxış etməsi də, mübahisəli məsələdir. Bəziləri iddia edir ki, muğamın toylarda ifası sənəti dəyərdən salır. 

- Muğam ifaçılarının toya getməsini normal qarşılayıram. Mən də toylara gedirəm. Bizim əsas gəlirimiz toylardan gəlir. Muğamı sevən o qədər insan var ki... Dəfələrdə toylarda “Qarabağ” şikəstəsi oxumuşam. Əminəm ki, “Qarabağ” şikəstəsini Qarabağda oxuyacağam. Bəzən isə iş adamları, sənət adamları bizə dəstək olur. Onlara da təşəkkür edirəm. Başa düşürlər ki, gənc ailəyik, qazancımız sənətdədir.

- Tez-tez muğam və saz ifaçılarının geyimləri müzakirə olunur. İddia edilir ki, o xanımlar şalvarda efirə çıxa bilməzlər, daha qapalı libas geyinməlidirlər.

- Muğamın, sazın öz ağırlığı var. Muğam deyəndə hər kəsdə sanbal, ağıryanalıq, qadınlarda xanım-xatunluq var. Muğam, saz bizim keçmişimizdir, keçmiş adətlərimizi, milliliyimizi qorumalıyıq. Bizim geyimimiz sanballı olmalıdır.




Tarix: 21-10-2018, 20:15
Xəbəri paylaş





Xəbər lenti