22 minlik toy qiyməti, Nazənindən namus söhbəti, kasıba ərə getməyən Aysel - HƏFTƏBECƏR

 Sənətçilərin yeni toy qiymətləri barədə danışmaq istəyirəm. Daha doğrusu, qiymətlər elə həddədir ki, danışılası bir şey yoxdur. Sadəcə təqdim edim, özünün baxın. Təsəvvür edin ki, Nuri Sərinləndirici (ümid edirəm ki, təxəllüsünü düz yazdım) toya 13 minə gedir və ödəniş yalnız dollarla qəbul olunur. Bu da aşağı-yuxarı 22 min manat edir. Ay kişi, 22 min manat e. Hansı oxumağa, hansı səsə, hansı bacarığa? Yenə ona baxanda adam Abbasa (16 min manat), Nadir Qafarzadəyə (13 min) şükr edir. Yenə bilirsən ki, qulağın musiqi, lap cəhənnəm musiqiyə oxşayan nəsə eşidir də. Könül Kərimova ən çox tənqid etdiyim sənətçilər sırasındadır. Amma o belə ansamblla toya 8 min manata gedir. Həm fəxri adı var, həm muğamı bilir, həm də oxumağın nə olduğundan məlumatlıdır. Mənə maraqlı olan Nurinin 22 minə toya getməyindən daha çox, həmin pulu ona verən adamların düşüncələridir. Yəni, gerçəkdənmi kiməsə 22 min verib, gəl, mənim toyumu zay elə, deyə bilirik? Axı bu adam oxuya bilmir, bacarırsa da, o nəsə başqa şeydir, oxumağa dəxli yoxdur.
Elza Seyidcahan isə müğənni olmağı bacarmasa da, öz piar işlərini qurmağı əla bacarır. Məsələn, o gün müsabiqədə ifaçılara deyir ki, səhnəyə çıxanda tamaşaçıya hörmət edin, gözəl geyinin, səhnəyə yaraşan olsun və sair. Yanındakılardan da kimsə demir ki, ay Elza, bircə həftə başına qazan keçirtməyi, şam yandırıb qoymağı, qaloş geyinməyi kənara qoy, gör səni tanıyan olacaqmı? Axı bu adamı kim və hansı ağılla münsif kürsüsündə əyləşdirib? Deyəcəksiniz ki, bəstəkardır? Mən də razıyam, yaxşı mahnıları var. Amma Faiq Sücəddinov, Eldar Mansurov, Nailə Mirməmmədli olan yerdə Elzanı bəstəkar adıyla orda oturtmaq kimə və nə üçün lazımdır? Bu adam ifaçıların oxuduqlarından daha çox geyimlərinə münasibət bildirir. Elədirsə, elə Samiraldonu həmin kürsüdə oturtmaq daha yaxşı olmazdımı? Bu arada şok sirrin üstü açılıb. Sən demə, Leydi Qaqa və Beyonce Elzaya baxıb geyinirmişlər. Vallah, özü deyir. Açıqlamasını tapın oxuyun.                                                        Müğənni Nazənin deyib ki, namusu olmayan namusdan danışır. Şübhəsiz ki, bu, hər kəsə aid edilə bilməz, amma ümumilikdə açıqlamada böyük həqiqət var. Yeri gəlmişkən, təzəlikcə çox maraqlı informasiya əldə etmişəm. Hər halda necə deyərlər, qulaq günahkarıyam. Bir qadın müğənni çoxdandır özünün də məşğul olduğu biznes növünü genişləndirib. Əvvəl özünün və yaxın ətrafının məşğul olduğu işə indi başqa bir tanınmayan müğənnini və xanım aparıcını cəlb edib. Bu dəqiqə həmin biznes şıdırğı davam etməkdədir. Yeri gəlmişkən, qadın müğənninin biznesində ona dəstək verənlər adaşdılar. İnşallah, növbəti yazılarımızda biznesin adı və sferası ilə bağlı da məlumat verərik. Fürsət var ikən, buradan Şəmkir uşaqlarına salam göndərirəm. Ümid edirəm ki, redaktor salam göndərdiyim hissəni çıxartmayacaq.
Müğənni Aysel Əlizadə deyib ki, lazım gəlsə sənəti yox, ailəni seçərəm. Avazı yaxşı gəlir... Amma yanılmıramsa məhz bu Aysel bir müddət əvvəl "kasıb oğlana ərə getmərəm" açıqlamasını vermişdi. İndi çox qəliz durum yaranıb. Varlı adam Ayseli bəyənmir, kasıb da Ayselin xoşuna gəlmir. Bu vurhavurda isə qazanan Azərbaycan musiqisidir. Aysel nə qədər sənətdədirsə, bizim musiqimizə zaval yoxdur. Yaşasın Aysel! Qulpqoyan dayı deyir ki, mənim xətrimə ora yaz ki, Aysel yek. Ağsaqqalda ərgənləşmə gedir canım üçün. 
Intiqam Valehoğlu
Tarix: 26-11-2018, 07:03
Xəbəri paylaş





Xəbər lenti