Hacı Nazim: “Efirdə “əxlaqlıyam” deyən aparıcını … “– Video, Foto


Bəstəkar-müğənni Hacı Nazim musavat.com saytının suallarına cavab verib. Şou-biznesdəki canlanmadan danışan sənətçi yeni mahnıları və kliplər barədə fikrini bildirib:

- Yeni mövsümdən başlayaraq şou əhli arasında canlanma var. Yeni mahnılar, kliplər ard-arda təqdim olunur. Həmkarlarınızın yeni işlərini izləyirsinizmi ?

- Əlbəttə, dinləyirəm də, izləyirəm də. Xoşumuz gəldi-gəlmədi, şəxsi münasibətimizin necə olmasından asılı olmayaraq dinləyirəm. Bəzən mahnı işıq üzü görür, dinləyə bilmirik, baxırıq ki, qınanılır. Bir şey müzakirə olunursa, onu dinləməliyik. Bu müğənni və bəstəkar kimi borcumuzdur, insanların mahnılara münasibətini öyrənməliyik. Bütün mahnıları bəyəndiyimi desəm, yalan olar. Amma hamısını bəyənməmək də mümkün deyil. Məncə, tənqidlər aradan götürülməlidir. Pis mahnı yoxdur, sadəcə düzgün təqdim etmək lazımdır. Düzgün aranjeman, doğru oxunuş, klipin keyfiyyətli olması, geyimlər - hamısı bütövlükdə vəhdət təşkil etməlidir.

- AMEA Dilçilik İnstitutu açıqlama yaymışdı ki, bir çox müğənninin ifasında yanlışlıq var, ya mahnını ləhcə ilə ifa edir, ya sözləri səhv tələffüz edirlər. Müğənnilər isə iradları qəbul etmirlər ki, öyrəşdikləri ləhcəni danışıqlarından çıxarda bilmirlər. Sizin məsələyə münasibətiniz necədir?

- Mahnıda musiqi ilə ədəbiyyat elmi vəhdət daşıyır. Mahnı elə yazılmalıdır ki, müğənni onu hecaya ayırmasın, vurğunu düzgün deyə bilsin. Mahnının düzgün oxunuşunun lehinəyəm. Bir məşhur müğənni ilə tanışlığımız elə yarandı. Bir mahnıda sözü hecaya ayırıb, tam başqa məna yaranmışdı. Qarşılaşanda bu barədə dedim, cavab verdi ki, heç ona fikir verməyib. Mən də istəyirəm ki, mahnılarım düzgün oxunsun. Mahnının doğru oxunuşu bəstəkardan, şairdən də asılıdır. Mən şəxsən tənqid eşitməmişəm. Səhvlərim olsa da, düzəltməyə hazıram.

- Müğənnilər bir araya gəlib, MTRŞ-a müraciət etdilər ki, bəzi şou adı altında təqdim olunan verilişlər insanların əxlaqını pozur, sənət adamları alçaldılır. Bəzən aparıcılar diqqət çəkmək, qalmaqal üçün müğənniləri çıxılmaz vəziyyətə salırlar.

- Mən hər şeyi danışan adam deyiləm. Televiziyamızda peşəkarlar qədər işini bilməyənlər də var. Buna görə hamını pisləmək olmaz. Əvvəllər sosial şəbəkədə zəlzələ barədə yazılanda hamı televiziyanı açırdı. İndi isə televiziya “İnstagram”dan xəbər götürür. Avtobus sürücüsünün iş başında narkotik doldurması belə yayılmışdı. Bu dünyanın hər yerində belədir. Sosial şəbəkələr hər şeyi ötüb. Televiziyada çalışanlar baxmamalıdır ki, filan kəsin milyard izləyicisi var.Televiziya etalondur, ölçüdür. Hər şeyi saf çürük etməlidir. Amma daha o qalmayıb. Düşünürəm ki, hər şeyə ciddi yanaşmalıyıq.

- Qonaq olmaqdan imtina etdiyiniz verilişlər varmı?

- Var. Son zamanlar müğənnilərdən maneken kimi istifadə edirlər. Oxumaqdansa, danışmağa çağırırlar. Əvvəllər çox dəvət alırdım, sonra çağırmadılar. Çünki efirdə ad çəkən adam deyiləm, onlar üçün isə bu maraqsızdır. İndi verilişdə ad çəkməlisən, qalmaqal yaratmalısan, sonara da qarşı tərəf cavab verməlidir. Bununla da televiziya əməkdaşları reytinq toplamalı, maaş almalıdır. Efidə əxlaqdan danışanlar həyatda əxlaqlıdırmı? Bunu da bilmək çox asandır. Qısa araşdırma yetər. Heç vaxt özümlə öyünməmişəm, asaram-kəsər deməmişəm, Bundan başqa çox yaxşı adam olduğumu da deməmişəm. Çünki özünü öymək doğru addım deyil. Efirdə “ əxlaqlıyam” deyən aparıcını araşdırmaq lazımdır. Görəsən, onun bunu deməyə haqqı varmı? Çünki əxlaqsızın sözünü kəsəri olmayacaq. Kimdə nə yoxdursa, ondan danışmamalıdır.

- Son aylar Türkiyənin məşhur simaları Azərbaycan mahnılarına müraciət edirlər. Onlar bildirirlər ki, Türkiyədə mahnı qıtlığı yaşanır. Bu tendensiya sənət aləminə hansı müsbət təsirləri verə bilər?

- Bizim məlumatlarımızı almağa başlayıblar. Artıq dünya bizi tanıyır, mahnılarımız məşhurdur. Bu bizim uğurumuzdur. Bəstəkarlar və onların dəsti-xətti fərqlidir. Bizim Türkiyədən, onların bizdən mahnı alması, işbirliyi qurması gözəldir. Bunu ancaq alqışlamaq olar.
Könül


992dad5c-b93b-42c7-b3f1-87eae665b565.jpg (198 KB)

 

Tarix: 8-12-2018, 20:09
Xəbəri paylaş





Xəbər lenti