Son vaxtlar məktəblərdə baş verən neqativ hallarla bağlı xırda bir araşdırma aparanda ölkəmizin ikinci paytaxtı Gəncə şəhərinin Təhsil idarəsi haqqında mediada yayılan xəbərlər diqqətimi cəlb etdi.Mediada yayılan xəbərlərdə Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun adı saxta atestat qalmaqalından tutmuş, direktorlardan kütləvi şəkildə pul yığılmasına qədər müxtəlif məsələlərdə hallanıb. Hətta Gəncənin “Baş müəllimi”nin adı siyasi xəyanətdə də çəkilir.
Bütün bunlar azmış kimi Zakir Hüsüynov Ağır Cinayətlər Məhkəməsində şahid və zərərçəkən kimi ifadə verib. O məhkəməyə verdiyi ifadəsində bildirib ki, İkram Rəhimov adlı jurnalist ona zəng edərək onun haqqında məlumat dərc edəcəyini deyib. Bu səbəbdən də o məcbur olub İkram Rəhimova müəyyən vaxtlarda pul verib.
Əlbəttə, mediada yayılan bu xəbərlərin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını deyə bilmərik. Amma atalar demişkən, od olmasa tüstü çıxmaz və inək göz eləməsə, buğa, daha doğrusu jurnalist məmuru təhdid edə bilməz. Görəsən, Zakir Hüseynov niyə və nə üçün bir neçə dəfə jurnalistə pul verib?
Həm də Gəncənin “Baş müəllimi”nin adının belə rüsvayçı işdə hallanması istənilən halda adama başucalığı gətirmir.
Amma bütün bunlar bizim üçün maraqlı deyil. Bizim üçün maraqlı olan fəlsəfə doktoru Zakir Hüseynovun yazdığı kitabdır. Kitabın adı belədir: ““Heydər Əliyev və məktəb riyazıyyatı”.Sözün düzü, Heydər Əliyevə real tarixi-siyasi qiymət vermək üçün gərək müəllifin “razmer”i ilə mərhum Ulu Öndərin miqyası arasında az-çox uyğunluq, mütənasiblik olsun. Əks təqdirdə yazılan kitablar məddahlıqdan o yana keçməyəcək.
Bir müddət əvvəl Şahlar adlı bir tanınmış elm xadimi də “Fizikanın tədrisində Heydər Əliyev irsinin rolu” adlı bir kitab yazmışdı. Görəsən, böyük siyasi qrossmeyster olan Heydər Əliyevin fizikanın tədrisi ilə nə əlaqəsi ola bilər?
Ədalət naminə qeyd edək ki, Heydər Əliyev sağlığında belə hallara qarşı çox kəskin mövqe bildirirdi. Yaxşı yadımdadır akademik Fərəməz Maqsudov mərhum prezidentə akademik adı verilməsi ilə bağlı təklif səsləndirəndə cənab Heydər Əliyev ona yumorla çox kəskin cavab vermişdi. Heydər Əliyev öz miqyasını gözəl bilirdi və başqalarını da layiq olduğu dərəcədə dəyərləndiridi. Bu gün hansısa deputat təklif edir ki, Qaradağ rayonunun adını dəyişib Heydər Əliyev adlandıraq. Cənab deputat öz “razmer”i ilə Ulu Öndərin miqyasını səhv salır və başa düşmür ki, Heydər Əliyevin miqyası bir rayona sığacaq deyil.
Sözün qısası Zakir müəllimin kitabı, daha doğrusu kitabının adı bu mövzuda diqqətimizi cəlb etdi. Və onunla telefon əlaqəsi saxlayıb kitabın adına bir aydınlıq gətirməsini xahiş etdik.
Cənab müəllif telefon söhbətində bizə bildirdi ki, Bakı-Ceyhan kəmərinin memarı Heydər Əliyevdir: “ Mən kitabımda kəmərini uzunluğu ilə bağlı şagirdlərə riyazi sual verirəm.Və Heydər Əliyevlə məktəb riyaziyyatını əlaqələndirirəm”.
Bu məqamda yadıma bir çayxanada baş verən əhvalat düşdü.
Bakı-Ceyhan kəməri kəməri çəkiəndə bir aşıq çayxanada sazı sinəsinə basıb, “Qəmər gəlsin” mahnısını “Kəmər gəlsin” kimi ifadə edirdi. Aşığı haradasa başa düşmək olar. Amma ölkənin ikinci paytaxtının təhsilinə rəhbərlik edən və ixtisasca riyaziyyatçı olan şəxsi başa düşmək çox müşküldür.
Sonda üzümü Heydər Əliyevlə bağlı kitab yazanlara Məmməd Arazın misraları ilə cavab vermək istəyirəm:
Bir AĞIL-ın budağından sallanıb,
Neçə-neçə AĞLI-DAYAZ yaşayır.
Sallanın, cənablar, bəylər ! Amma primitiv yazılarınızla O-nun budaqlarını sındırmayın. Sadəcə, ayıbdır. \\Nuh
Tarix: 6-05-2019, 10:23