Direktor "yuxarılar"a pul çatdırmaq üçün rüşvət yığır - Müəllimlərdən ŞİKAYƏT

Direktor "yuxarılar"a pul çatdırmaq üçün rüşvət yığır
Qazax rayonunda bir qrup müəllim Uşaq Gənclər Mərkəzinin (UGM) direktoru Rəhimova Gövhər Pesi qızının əməllərindən şikayət ediblər.

Onların sözlərinə görə, direktor müəllimlərdən aylıq rüşvət alır və vəzifə səlahiyyətlərini aşaraq onları təhqir edir.

Yenicag.az-a danışan müəllimlər bildirib ki, bununla bağlı prokurorluq orqanlarına və icra hakimiyyətinə şikayət ediblər, ancaq məsələyə səthi yanaşılıb. Ona görə də məsələni mətbuatda işıqlandırmağa qərar veriblər.

UGM-nin direktorundan şikayət edən müəllimlər Yusifova Xanım Şükür qızı, Əmirxanova İsafət Fərhad qızı, Mustafayeva Kəsirə Camal qızı və Bayramova Xatın Paşa qızıdır.

Müəllimlərin sözlərinə görə, Qazax rayon UGM-nin direktoru Gövhər Pesi qızı Rəhimova müəllimlərdən aylıq rüşvət alır:

“Direktor Nazirliyin və yerli icra hakimiyyətinin adından istifadə edərək müəllimlərin hər birindən aylıq rüşvət alır. Vəzifəsindən süi-istifadə edərək qanunsuzluqlar edir. O, bizdən-işçilərin 90 faiz hissəsindən zorla, hədə-qorxu altında aylıq 20 manat pul alır. Bu pulu verməkdən imtina etdikdə, söyüb təhqir edir və işdən çıxaracağı ilə hədələyir. Bundan başqa, Rəhimova müəllimlərin dərs bölgüsündə də qanunvericiliyin tələblərini bilərəkdən pozaraq, ona aylıq haqq verən, rüşvət verən şəxslərə, onun böhtanlarını təsdiq edən müəllimlərə əlavə dərs saatları yazır və həmin pulu da özləri bildiyi kimi haqq-hesab edirlər. Biz bu barədə prokurorluğa və digər orqanlara şikayət edəcəyimizi bildirdikdə bizə dedi ki, “hara istəyirsiniz, ora da şikayət edin. Kimdir sizə inanan? Hamısı mənim yaxınlarımdır, bir zənglə həll edəcəyəm”. Bəli, elə belə də oldu”.

Müəllimlər bildirib ki, məsələ ilə bağlı çox sayda şikayət ediblər:

“Ölkə rəhbərliyi bu qanunsuzluqları görsün, xəbərdar olsun, hüquqlarımız müdafiə olunsun deyə çoxsaylı şikayətlər etdik. Şikayətlərimiz araşdırılması üçün həm Qazax rayon İcra Hakimiyyətinə, həm də Qazax rayon Prokurorluğuna göndərildi. İcra hakimiyyəti də araşdırmaq üçün işi Qazax rayon Prokurorluğuna göndərdi. Biz gedib müstəntiqin təkidi ilə yarı onun sözləri ilə izahatlarımızı yazdıq. Biz 4 nəfər müəllimə direktorun aylıq hədə-qorxu ilə rüşvət tələb edib aldığını, dərs bölgüsündə öz marağı daxilində qanunsuzluqlar etdiyini, digər cinayətlərini çoxsaylı təsir və təzyiqlərə baxmayaraq, qeyd etməyə müvəffəq olduq.

Bundan sonra G.Rəhimova öz “vəzifəli müdafiəçi”lərinə arxalanaraq, bizi təhqir edib, idarədə və küçədə, məktəbin qarşısında biabır etdi, hətta bu da azmış kimi İsafət Əmirxanovanın barəsində onu döyməsi ittihamı ilə Qazax rayon Polis Şöbəsinə şikayət etdi. İşçilərini də təsir altında şahid tutdu. Sonra isə belə bir hal olmaması barədə izahat yazıb, işi bağlatdı. Səbəb isə bizim gözümüzü qorxutmaq və bu hərəkəti ilə bizə istədiyi vaxt, istədiyi hər şeyi edə biləcəyini və bunun üçün dövlət orqanlarından istədiyi kimi istifadə edə biləcəyini göstərmək idi.

Gövhər Rəhimovanın digər saxtakarlıqlarından biri də odur ki, işlədiyimiz Mərkəzin şagirdləri adından guya rəsmlər çəkib, sərgi keçirtdirib. Halbuki, həmin rəsmləri çəkdirmək üçün Gövhər Rəhimova rəssamlara pul verib, rəsmləri çəkdirmək üçün bizdən əlavə pullar alıb”.

Müəllimlər məsələ ilə bağlı ölkə rəhbərliyinə də səsləniblər:

“Qazax rayon Prokurorluğuna direktorun bizdən rüşvət almasını və həmin pulu “yuxarı” orqanlara verməsini təsdiq edən səsyazısını da təqdim etdik. Ancaq nə olsun ki, prokurorluq da onun bizə əvvəlcədən dediyi kimi hərəkət edərək, heç bir qanuni tədbir görmədi və hələ də bizə heç bir cavab verməyib. Prokurorluq işi tam səthi, qərəzli, birtərəfli qaydada, onlara nüfuz edə biləcək şəxslərin xeyrinə, haqq-ədalətin, qanunçuluğun tam əksinə araşdırdı və qanunsuzluq etdi. Biz Dövlətimizin onurğa və güc strukturu kimi prokurorluq orqanına güvənsək də, güvənimiz puça çıxdı. Son çarə olaraq Azərbaycan Dövlətinin Başçısı İlham Əliyev cənablarından, Birinci Vitse Prezidentimiz və hamımızın güvən yeri olan Mehriban xanım Əliyevadan imdad diləyirik. Bizim bu haqq işimizdə təqsirkarların qanuni şəkildə cəzalarını almasını, qanun qarşısında cavab vermələrini, bizə köməklik etməyinizi və təhlükəsizliyimizi qorumağınızı xahiş edirik”.

Qeyd edək ki, prokurorluğa təqdim olunan səs yazıları redaksiyamıza da təqdim olunub.
www.yenicag.az
 
Tarix: 16-05-2019, 17:35
Xəbəri paylaş





Xəbər lenti