Son günlər bəzi internet saytlarında Gəncə Dövlət Universiteti və onun rəhbərliyi ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir.Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik.Lakin tam məsuliyyətlə qeyd edirik ki, Gəncə Dövlət Universiteti haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından universitetdə təhsil alan tələbələr və müəllim kollektivi qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və öz iradlarını bildirirlər.
Bildirmək istəyirik ki,son illərdə GDU-nun inkişafı yüksək nailiyyətlərlə şərtlənib. Bu illər ərzində universitetin infrastrukturu müasirləşdirilib, maddi texniki bazası zənginləşdirilib, kadr potensialı yüksəldilib, həmçinin ali təhsil müəssisəsinin dünyanın, xüsusən də Avropanın qabaqcıl elm-təhsil mərkəzləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formada əməkdaşlıq əlaqələri genişlənib.Beynəlxalq əməkdaşlıq vasitəsilə mənimsənilən və tətbiq olunan yeniliklər GDU-nun Avropanın təhsil məkanına inteqrasiyasını sürətləndirib, həmçinin ali təhsil müəssisəsində tədris prosesində keyfiyyətin yüksəldilməsinə zəmin yaradıb.
Qeyd etmək istəyirik ki, imtahan prosesi hələ başlamamış bəzi media orqanlarında GDU-da imtahan prosesini məqsədli şəkildə ləkələməyə hesablanmış materiallar dərc olunur və bu materiallarda konkret heç bir fakt göstərilmir, ümumi sözlərlə universitetin artan ictimai nüfuzuna zərbə vurmağa çalışılır.
Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov mayın 14-də ali təhsil müəssisəsinin müvafiq ixtisaslarında təhsil alan tələbələrlə görüş keçirmişdir.Bu görüşdə rektor 2018/2019-cu tədris ilinin yaz semestri imtahanlarında tətbiq ediləcək çoxsaylı, əsaslı yeniliklər barədə məlumat verərək bildirdi ki, Gəncə Dövlət Universitetində 2018/2019-cu tədris ilinin yaz semestri imtahanlarının sualları tələbələrə test formasında,doğru cavabı ilə birgə veriləcək. Tələbələrin imtahanlara hazırlaşa bilməsi üçün imtahan qəbul ediləcək bütün fənlərin mühazirə mətnləri, dövlət imtahanına düşəcək fənlər üzrə suallar universitetin saytında (
www.gdu.edu.az) elektron formada yerləşdirilib. Eyni zamanda test, yazılı və qabiliyyət imtahanlarının sualları cavabları ilə birgə imtahan sessiyasına bir ay qalmış tələbələrə paylanılıb.İmtahanların gedişatı zamanı yarana biləcək münaqişəli halların aradan qaldırılması və lazımi tədbirlərin görülməsi məqsədilə universitet üzrə “Apelyasiya komissiyası”, Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti ilə əlaqə yaratmaq və sessiyanın gedişi zamanı baş vermiş neqativ hallar barədə Təhsil nazirliyinə operativ məlumat verilməsi məqsədilə “İmtahan qərargahı”, imtahanlara nəzarət etmək məqsədilə nəzarət qrupu yaradılıb.
Bir məqamı xatırlatmağa ehtiyac duyuruq ki, Gəncə Dövlət Universitetində imtahan sessiyasının gedişini müşahidə etmək üçün imtahan sessiyası zamanı mətbuat nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunur. Mediaturda tələbələrin valideynləri və ictimaiyyət nümayəndələri də iştirak edirlər. Elə bu faktın özü də universitetin mətbuata və ictimaiyyətə nə qədər açıq olduğunun təsdiqidir.
Belə olan tərzdə hansı rüşvətdən söhbət gedə bilər?
Bildirmək istəyirik ki,Gəncə Dövlət Universiteti ilə bağlı kütləvi informasiya vasitələrində gedən böhtan xarakterli yazılar reallığı əks etdirmir və universitetin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Bu yalan və böhtanları Gəncə Dövlət Universitetinin bütün sağlam əqidə ilə düşünən kollektivinə qarşı yönəlmiş hesab edirik.
Biz buradan üzümüzü bəzi saytlara və qəzetlərə tutub xahiş edirik ki,Gəncə Dövlət Universitetində görülən işləri görmədən yalan və şantaj xarakterli anonim şəkildə göndərilmiş yazıları dərc etməyəsiniz,özündə heç bir fakt daşımayan məlumatları araşdırmadan yaymayasız.
Xahiş edirik ki, yazı hazırlayarkən əvvəlcə işi araşdırın, sonra olduğu kimi dərc edin. Axı, bu həm də KİV haqda qanunun tələbidir.
ELÇİN CAVADOVGəncə Dövlət Universitetinin dosenti,texnika elmləri üzrə fəlsəfə doktoru
Tarix: 16-05-2019, 20:08