Şəmkir İcra Hakimiyyətinin yanında inəklər otlayır – “İstiqlal” parkında biabırçı mənzərə


Şəmkir küçələrinin zibil içində olması, rayonda hökm sürən antisanitariya haqda “Yeni Müsavat”ın ötən saylarında “Şəmkirdə zibil korrupsiyasından kimlər qazanır” sərlövhəli   reportaj təqdim etmişdik.

Şəmkirin əsas küçələrində, Şəhidlər Xiyabanı önündə belə çirkabın dizə çıxdığını müşahidə etmiş, oxucularımızla bölüşmüşdük. Şəmkirdə hələ də vəziyyət dəyişməyib, üstəlik bir qədər də qəlizləşib. Artıq inəklər şəhərin mərkəzində, düz rayon icra hakimiyyətinin 1 addımlığındakı “İstiqlal” parkında otlayırlar. Dahi Üzeyir Hacıbəyovun, cümhuriyyəti şeirlərində quran şair Əhməd Cavadın heykəlləri önündə indi heyvanlar gəzir. Bu o vaxt baş verir ki, rayona “DOST” mərkəzi xətti ilə 550 işçi ştatı verilib. Hər ay həmin şəxslərə minimum əmək haqqı ödənişi gerçəkləşdirilir. Haradadır 550 işçidən 3-ü, 5-i? Yəni həmin 550 nəfərdən “İstiqlal” parkına ayrılan işçisi qüvvəsi olmayıb?

Şəmkirdə inəklərin mərkəzi parkda “parad”ı rayonda pul yığımı xəbərlərinin dolaşdığı bir vaxta təsadüf edib. Belə xəbərlər var ki, Alimpaşa Məmmədov kənd icra nümayəndələrindən, bələdiyyə sədrlərindən pul yığdırır. İddia olunur ki, şəhərin abadlığı adı ilə toplanan pullar əslində “JEK” rəisi Teymur Hacıyevi “təmizə” çıxarmaq üçün toplanır. Ümumilidə toplanan  məbləğin 200 min manat civarında olduğu bildirilir. Yada salaq ki, Teymur Hacıyev bu il aprelin 2-də bankomatdan fəhlələrin əvəzindən maaş alarkən “iş başında” yaxalanıb. Yayılan məlumatlardan belə aydın olurdu ki, “JEK” rəisi 2 ay izlənilib, nəhayətdə bankomatdan 32 “ölü  can”ın adına olan bank kartı ilə pul çıxararkən, necə deyərlər, “veşdok”la tutulub. Onun barəsində cinayət işi başlanıb, Baş Prokurorluq bu haqda məlumatları təsdiqləyib. Teymur Hacıyev hazırda ev dustağıdır. Bu olayı Şəmkirdə bilməyən yoxdur, hər kəs maraqla arestant rəisin cinayət işinin hansı sonluqla nəticələnəcəyini gözləyir. Teymur Hacıyevin isə əlinə vurulacaq qandalın bir halqasının da onu bu işlərə məcbur edənin qoluna vurulacağını başçıya çatdırması xəbəri də vardı...

Belə görünür ki, Teymur Hacıyev istəyinə nail olmaq üzrədir. Maraqlıdır ki, Alimpaşa Məmmədov 200 min manata Teymur Hacıyevi “zibil”dən təmizləyə biləcəkmi?

Yada salaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəmkir rayonuna “DOST” mərkəzi xətti ilə məhz təmizlik işləri üçün 550 nəfərin işlə təminatını həyata keçirir. Hər ay bu məqsədlə dövlət büdcəsindən hər bir fəhləyə 180 manat əməkhaqqı da kəsilib. Şəmkirdə “DOST”dan fəhlələrin əməkhaqları hər ay alınsa da, 550 fəhləni görən olmayıb. “İstiqlal” parkında inəklərin rahat şəkildə gəzib-dolaşması deyilənləri bir daha təsdiqləmiş olur.




Tarix: 20-05-2019, 10:20
Xəbəri paylaş





Xəbər lenti