Məmur kəndlidən 500 ağacın məhv edilməsini tələb edir – Cocuq Mərcanlıdan şikayət
Cəbrayılın Cocuq Mərcanlının kəndinin sakini Elmir Məmmədov rayon icra hakimiyyətindən şikayətçidir.
Bu barədə Bakupost.az-a açıqlama verən E.Məmmədov deyir ki, rayon icra hakimiyyəti ondan kənddə əkib becərdiyi yüzlərlə tut ağacını məhv etməyi tələb edir. Kənd sakinin sözlərinə görə, iki il əvvəl ailəsi ilə birlikdə doğma kəndinə - Cocuq Mərcanlıya qayıdıb: "Torpağımız işğaldan azad olunandan sonra dövlətimizin apardığı siyasətə uyğun olaraq, doğma kəndimizə qayıtdıq. Bura köçənə qədər Bakıda yaşayırdıq. Kəndə gələndə - iki il əvvəl atam həyətyanı sahəmizin qarşısında bir neçə tut ağacı əkmişdi. Sonradan bu ağaclar böyüdü. Zamanla biz də həmin boş qalmış əraziyə tut ağacları əkdik. Hazırda ərazidə 450-500 tut ağacı əkmişəm. Sonra da baramaçılıqla məşğul olmaq üçün bir miqdar qurd alıb ağaclara qoydum. Həmin boş torpaq sahəsinə ağaclar əkməyimizdən iki il sonra – mən o ağaclara qurd atandan sonra rayon icra hakimiyyətinin nümayəndəsi gəlib tələb edir ki, ağacların hamısını kəs. Mənə deyirlər ki, ərazini zəbt eləmisən. İki ildi bu torpaqlarımı abadlaşdırmaq, gözəlləşdirmək üçün yüzlərlə ağac əkmişik kəndə. İki ildi icra nümayəndəsi bəyəm görmürdü burda ağac əkilib? İki il sonra gəliblər ki, ağacları kəsin çıxarın kənddən”.
E.Məmmədov deyir ki, ondan bunu tələb edən Cəbrayıl rayon icra hakimiyyətinin Cocuq Mərcanlı kənd icra nümayəndəsi Atakişi Atakişiyevdir: "Tələb edir, 450-500 ağacı kəsib məhv edək. Başa sala bilmirəm ki, bu ağacları kəssəm, mən özüm cinayət törətmiş olaram”. Kənd sakininin sözlərinə görə, məsələ ilə bağlı atası rayon icra hakimiyyətində də olub. Ordan da bildiriblər ki, ağacları kəsib məhv edib, ərazini boşaltmalıdılar.
Cocuq Mərcanlının kənd icra nümayəndəsi A.Atakişiyev məsələ ilə bağlı Bakupost.az-a bildirib ki, E.Məmmədov kənddə tut ağacları əkdiyi ərazini qanunsuz olaraq zəbt edib və çəpərləyib: "Biz ona bir neçə dəfə şifahi formada xəbərdarlıq etdik ki, çəpəri söksün. Məhəl qoymadı. Bundan sonra yazılı tələb göndərdik ki, zəbt elədiyi ərazinin çəpərlərini söksün”.
İcra nümayəndəsi bildirib ki, kənd sakinindən ağacları kəsməyi tələb etməyiblər: "Ondan heç kim ağacları kəsməyi tələb etməyib. Demişik ki, əkmisən, yaxşı eləmisən, Allah canını sağ eləsin. Ancaq bu çəpərləri sökmək lazımdı. Deyirlər, mal-heyvan gəlir yeyir deyə çəpərləyiblər. Amma nəzərə almaq lazımdı ki, bu kəndə xarici qonaqlarımız gəlir, bu formada səliqəsiz, yöndəmsiz iş görmək olmaz. Demişik ki, get torpağın sənədlərini düzəlt, sonra çəpərlə. Heç bir ərazini qanunsuz olaraq zəbt eləmək olmaz”.
A.Atakişiyev onu da bildirib ki, E.Məmmədovun bu addımı kənddə mənfi presedent yaradıb: "Həmin ərazini qanunsuz çəpərlədiyi üçün başqa kənd sakinləri də onu nümunə göstərib deyir ki, biz də filan yeri çəpərləyib ağac əkirik. Hüquqi dövlətdə belə pərakəndəliyə yol vermək olmaz axı. Buna görə də biz Elmir Məmmədovdan sadəcə tələb etmişik ki, zəbt elədiyi ərazidəki çəpərləri söksün”.