Şəhid ailələri İmişlinin icra başçısından narazıdır - Prezidentə müraciət olundu

Şəhid ailələri İmişlinin icra başçısından narazıdır
"Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş, sağlamlıqlarını itirmiş insanlara, onların ailələrinə göstərdiyi diqqət və qayğı hər bir məmura parlaq nümunə olmalıdır. Vəzifələrinin verdiyi səlahiyyət və imtiyazlardan şəxsi məqasədləri üçün sui-istifadə etməməli, cənab Ali Baş Komandanın rəsmi tədbirlərdə etdiyi çıxışlarda, müşavirələrdə səsləndirdiyi xəbərdarlıqlara ciddi riayət etməlidirlər. Ancaq təəssüflər olsun ki, bu gün yüksək vəzifələrdə Prezident İlham Əliyevin bu cür tapşırıq və tövsiyyələrini qulaqardı edən məmurlar hələ də var. Belə məmurlardan biri də İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevdir".

DİA.AZ xəbər verir ki, bu sözlər bir qrup şəhid ailəsi, birinci qrup Qarabağ əlili, Qarabağ müharibəsi veteranlarının adından Qaynarinfo-ya göndərilən şikayət məktubunda yazılır.

İmişli rayonunun Cavadxanlı kəndi ərazisində Dövlət Fond torpağında 30 ilə yaxındır ki, rəsmi müqavilə əsasında maldarlıq təsərrüfatı ilə məşğul olan 20 ailə rayon İcra Hakimiyyətinin rəhbərliyinin qanunsuzluqları ilə üz-üzə qalıblar. Şikayətçilər bildirir ki, Prezidentin aqrar sahənin inkişafı ilə bağlı imzaladığı sərəncamları bəhanə edərək İmişli rayon İcra Hakimiyyəti heyvanlarının otlaq sahələrini əllərindən alaraq digər imkanlı şəxslərə verib. Onlar isə həmin ərazini balıq göllərinə çeviriblər.

Ağdam rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olan Ağayev Nüsrətin atası yazır: "İyirmi ilə yaxındır ki, İmişli rayonunun Cavadxanlı kəndi ərazisində Dövlət Fond torpağında maldarlıq təsərrüfatı ilə məşğuluq. 2003-cü ildən rəsmi müqavilə ilə 100 hektar otlaq sahədə maldarlığın inkişaf etdirilməsi məqsədilə 11 ailə ilə birlikdə təsərrüfat yaratmışıq. Bu ailələrin hamısı məcburi köçkün ailəsidir. Təsərrüfat qurduğumuz ərazinin torpağının kateqoriyası əkinə yararlı olmadığı üçün sovet vaxtından ancaq mal-qara saxlanılıb. İki il əvvəl dövlət başçısının aqrar sahənin inkişafı ilə bağlı imzaladığı sərəncamdan sonra yerimizi İmişli rayon İcra Hakimiyyətinin başçısı əlimizdə alaraq imkanlı adamlara satdı. Onlar da bu ərazidə balıq gölləri yaratdılar. Dəfələrlə İmişli rayon icra hakimiyyətinin başçısının qəbulunda olub ailələrimizin yeganə dolanışıq yeri olan torpağımızın əlimizdən alınmasına etiraz etsək də, rayon rəhbərliyi bizi get-gələ salaraq çıxılmaz vəziyyətə salıb. Son ümidimiz mətbuat vasitəsilə Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etməkdir. Xahiş edirik bizim ailələrimizin yeganə dolanışıq yerinin əlimizdən alınması imkan verməsinlər".

Qarabağ və Əfqanıstan Müharibəsi veteranı, Yeni Azərbaycan Partiyasının üzvü Rafayıl Zeynalov da İmişli rayon İcra Hakimiyyətindən şikayətçidir: "Mən də iyirmi ilə yaxındır İmişli rayonunun Cavadxanlı kəndi ərazisində Dövlət Fond torpağında maldarlıq təsərrüfatı ilə məşğulam. Ötən ilin payızında torpağım İmişli rayon İcra Hakimiyyətinin başçısının tapşırığı ilə başqasına verildi. Özüm Qarabağ müharibəsi və Əfqanıstan Müharibəsi veteranıyam. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Daim Ulu Öndər Heydər Əliyevin siyasi kursunu və dövlət başçısı İlham Əliyevin yürütdüyü siyəsəti dəstəkləmişəm. Dəfələrlə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyevin qəbulunda olmuşam. İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 100 hektar torağımın əvəzinə mənə 30 hektar torpaq veriləcəyini desə də, bu söz olaraq qaldı. İcra başçısının bu məqsədlə 5 saylı Layihə Tədqiqat İdarəsinin rəisi Bəhmən İsayevə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyevə ünvanladığı məktublara əhəmiyyət verilmir. 1 ildir ki, bu idarələrin arasında get-gələ salınmışam. Mətbuat vasitəsilə Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarından və daim Qarabağ veteranlarının, əlillərinin, şəhid ailələrinin yanında olan, bizlərin problemini, qayğısını üzərində hiss edən, bizlərə yardımçı olan Mehriban xanım Əliyevadan xahiş edirəm bizim bu problemimizin həlli üçün İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Haciyeva tapşırıq versinlər".

İmişli rayon İcra Hakimiyyətindən narazı olan digər şəxs isə 1-ci qrup Qarabağ müharibəsi əlili, Qarabağ müharibəsi veteranı Ağayev Elman Mahmud oğludur: "2006-cı ildə rəsmi müqavilə əsasında 15 illiyinə İmişli rayonunun Cavadxanlı kəndi ərazisində Dövlət Fond torpağında maldarlığın inkişafı məqsədi ilə 250 hektar otlaq sahəsi aldıq. Təsərrüfatımızda 9 ailənin mal-qarası var. Biz də dolanışığımızı mal-qara saxlamaqla təmin edirik. Min cür əziyyətlə burada özümüzə şərait qurmuşduq. Ancaq ötən il İmişli rayon İcra hakimiyyətinin vəzifəli şəxsləri "reket dəstəsi" kimi təsərrüfatıma soxularaq ərazimi əlimdən aldılar. Cənab prezident, hörmətli Mehriban xanım. Hazırda çıxılmaz durumdayıq. İmişli rayon İcra hakimiyyətinin başçısı bizi saymır, şikayətlərimizi dinləmir, problemimizin həllinə köməklik etmir. Ona görə də sizə müraciət etmək məcburiyyətindəyik. Xahiş edirik İmişli rayonunda rəsmi vəzifədə oturaraq əslində isə reketlik edən İcra Hakimiyyətinin rəhbər vəzifəli şəxslərinə tapşırıq verin ki, bizim balalarımızın çörəyini kəsməsinlər. Biz sağlamlığımızı vətən yolunda, dövlət yolunda qurban verən adamlarıq. Bizim xalq olaraq yeganə düşmənimiz torpağımızı işğal etmiş Ermənistandır. Yeganə məqsədimiz də torpağımızın azad edilməsi üçün vahid xalq olaraq birləşməyimizdir. Ancaq Vilyam Hacıyev kimi məmurlar və onun ətrafındakı vəzifəli şəxslər cəmiyyətə çox pis nümunə olur, vətən yolunda canından, sağlamlığından keçən, gənc yaşlarından əsaya möhtac qalan mənim kimi insanlara qənim kəsilir, onların ailələrinin yeganə dolanışıq yerini əllərindən alıb imkanlı iş adamlarına satırlar. Mən gənc yaşımdan silaha sarılıb vətənin müdafiəsinə qalxmışam, ağır döyüşdə yaralanmışam. Birinci qrup əliləm. Çəliklərim olmasa bir addım ata bilmirəm. Bizim kimi vətən yolunda fəda olan insanlara qoyulan qiymət budurmu? İmişli rayon İcra Hakimiyyətinin mənim başıma açdığı bu oyunu görən gənc çağırışçı əsgər vətənə xidmətə hansı hisslərlə, duyğularla yollanacaq? Cənab Prezident, hörmətli Mehriban xanım. Son ümidimiz Sizlərsiniz. Siz indiyədək minlərlə Qarabağ veteranının, müharibə əlilinin, şəhid ailəsinin problemlərinin həllinə köməklik etmisiniz. Xahiş edirik bizim problemimizin həlli üçün İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevə tapşırıq verəsiniz. Biz Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri daim sizi dəstəkləmişik. Dövlətimiz varlığı üçün bu gün də canımızdan keçməyə hazırıq".


Şəhid ailələri İmişlinin icra başçısından narazıdır
Şəhid ailələri İmişlinin icra başçısından narazıdır
 
Tarix: 29-05-2019, 16:54
Xəbəri paylaş





Xəbər lenti