Vilyam Hacıyevin qəbuluna düşmək müşkülə çevrilib... - "İcra hakimiyyətinə üç dəfə getmişəm..."
“Məktəbə gedən uşaqlarım bir dəst paltarı növbə ilə geyinir. Biri günorta dərsdən gəlib paltarı çıxarır, sonra o birisi geyinib gedir. Qarındolusu çörək verə bilmirəm onlara…”, – İmişli rayonunun Qızılkənd kəndinin sakini Elməddin Əliyev ailəsinin ağır durumundan danışır.
“Bir ailə acından ölə bilər”
37 yaşlı E.Əliyev dörd uşaq atasıdır. Övladlarının ən böyüyünün 12 yaşı var, ən kiçiyi isə 8 aylıqdır. Deyir, Azərbaycanın əksər kəndlərində hökm sürən işsizlik Qızılkənddən də yan keçməyib, burada da bir çox gənc, ailə başçısı işsizdir.
“İş üçün daha haralara getməmişəm?! Məşğulluq İdarəsindən tutmuş, icra hakimiyyətinə, Prezident Administrasiyasına qədər. İcra hakimiyyətinə üç dəfə getmişəm. Deyirəm, nə istəyirəm, uşaqlarım acından ölməsin deyə, işləmək üçün iş istəyirəm. Heç qəbul eləyib, sözümü də eşitmək istəmirlər. Bunları narahat eləmir ki, bir ailə acından ölə bilər. İmkan vermirlər ki, başçının qəbuluna düşüm. Bəlkə də onun qəbuluna düşüb, sözümü deyə bilsəm, kömək eləyər. Ancaq imkan vermirlər. Yəqin qorxurlar ki, başçıya onların əməllərindən şikayət edərəm. Axırıncı dəfə müavini məni çölə çıxarıb qovdu. Kimə deyək dərdimizi?”, – E.Əliyev bildirir.
“Həkimin pulunu ödəmək üçün torpağımı icarəyə verdim”
Çarəsiz vəziyyətdə qaldığına görə iki ay öncə uşaqları ilə birlikdə Prezident Administrasiyasına getdiyini deyən E.Əliyevin sözlərinə görə, orada onu qəbul edib, dərdini eşidiblər. Sonra onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndəriblər. Orada da nazir müavini Anar Kərimovun qəbulunda olub: “Düzü, Anar müəllim diqqətlə qulaq asdı, dedi ki, durumumu başa düşür. Ailəmə yardım üçün mümkün addımlar atılacaq”.
Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən “DOST İş Mərkəzi”nə (“Dayanıqlı və Operativ Sosial Təminat”) İmişli rayonunda qəbul edilənlərdən biri də E.Əliyev olub. İctimai işlərə cəlb olunan E.Əliyevə aylıq 173 manat maaş təyin olunub. O, aprel ayından bu pulu alır. Deyir ki, bu məbləğ 6 nəfərlik ailənin kommunal xərclərinə, bir də yavan çörəyinə ancaq çatır: “Biz böyük adamlarıq, “yoxdur” başa düşürük, yemək olmayanda yemirik. Uşaq bunu anlamır axı, dözmür. 173 manatı böləndə adama heç 30 manat düşmür. Bununla dolanmaq olar?! Sosial yardım üçün müraciət etmişik, imtina cavabı gəlir. Deyirlər ki, adımızda torpaq var. Düzdü, var, ancaq inanın, həkimin pulunu ödəmək üçün onu icarəyə verdim”.
“Ailənin ehtiyacı olub-olmadığı bunları maraqlandırmır”
İndiki halda, E.Əliyevin istəyi ona mal-qaranın verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan Özünüməşğulluq Proqramı çərçivəsində işsiz və işaxtaran vətəndaşlara mal-qara verilir. E.Əliyev deyir ki, yeddi ay öncə növbəyə yazılıb, ancaq ala bilmir: “Bundan ötrü dəfələrlə rayon Məşğulluq İdarəsində olmuşam, Bakıya – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də getmişəm. Oradan göstəriş veriblər ki, mənə mal-heyvan verilsin. Ancaq Məşğulluq İdarəsi əməl eləmir. Kimə istəyirlər, verirlər, kimə də istəmirlər, vermirlər. Ailənin ehtiyacı olub-olmadığı bunları maraqlandırmır. Əsas məsələ onların öz maraqlarıdır”. DİA.AZ