Rüşvət aldığı iddia edilən direktorun ittihamlarına MÜƏLLİMƏDƏN CAVAB - QALMAQAL
Xəbər verdiyimiz kimi, Qazax rayon Uşaq Gənclər Mərkəzinin direktoru Gövhər Rəhimova mərkəzin 4 müəlliməsi tərəfindən rüşvət almaq və vəzifə səlahiyyətlərini aşaraq onları təhqir etməkdə ittiham olunur. G. Rəhimova Yeniavaz.com-a açıqlamasında həmin müəllimələrin ona böhtan atdığını bildirmişdi və onların təhsilsiz, bazar adamı olduqlarını və psixi problemlərinin olduğunu iddia etmişdi. Hətta o həmin şəxslər dövlət əleyhinə işləməkdə ittiham etmişdi. Məsələ ilə bağlı Yeniavaz.com-la əlaqə saxlayan həmin müəllimələrdən biri İsafət Əmirxanova bildirib ki, G.Rəhimovanın ittihamları əsassızdır, onun iddia etdiyi kimi müəllimə Xanım Yusifovanın heç bir psixi problemi yoxdur. O, X. Yusifovanın Qazax Rayonlararası Ruhi Xəstəxanasından aldığı sağlamlıq haqqında arayışın fotosunu da təqdim edib.
İ. Əmirxanova direktorun Xatın Bayramova haqqında söylədiyi "təhsilsizdir" iddiasına cavab olaraq isə X. Bayramovanın Bakı Pedoqoji Kadrların İxtisasartırma İnstitunun "Əmək və incəsənət" ixtisası üzrə tam yenidənhazırlanma kursunu bitirməsi haqqında diplomun fotosunu təqdim edib.
O, G.Rəhimovanın "müəllimlər dövlətin əleyhinə işləyirlər" iddiasına münasibət bildirərək özü ilə birgə həmin müəllimələrin YAP üzvlük vəsiqəsinin fotosunu redaksiyamıza təqdim edib.
İ. Əmirxanova iddia edir ki, G. Rəhimovanın rüşvət aldığını sübut edən səs yazısı var. O, həmin səs yazısını saytımıza təqdim etsə də, hüquqi baxımdan səs yazısını paylaşa bilmirik. Xatırladaq ki, Qazax rayonunda bir qrup müəllim Yenicag.az-a müraciət edərək Uşaq Gənclər Mərkəzinin (UGM) direktoru Rəhimova Gövhər Pesi qızının əməllərindən şikayət edib. Yusifova Xanım, Əmirxanova İsafət, Mustafayeva Kəsirə və Bayramova Xatının sözlərinə görə, direktor müəllimlərdən aylıq rüşvət alır və vəzifə səlahiyyətlərini aşaraq onları təhqir edir.