Beyləqanda başçının adından pul yığan kimdir? - İDDİA

 

Bölgələrdə yeni tikilib istifadəyə verilən və əsaslı təmir olunan məktəblər görüntülü kameralarla təchiz olunub. Çoxdan mövcud olan məktəblərə video-kameraların quraşdırılması prosesi isə indi də davam etdirilir. Bu kameralar vasitəsilə istənilən an uşağın nə etdiyini və müəllimin onunla necə davrandığını izləmək mümkündü. O cümlədən, səsli kamera vasitəsi ilə müəllimlərin necə dərs keçdiyini və uşaqların dərsə hazırlığını görmək olur.

Video-kameralar məktəblərin idarə olunmasında mühüm rol oynayır. Müəllim və şagirdlərdə əlavə məsuliyyət hissi yaradır. Kamera izləmə xidməti olduğundan məktəblərdə uşaqların dərs məşğələləri qaydasında olur. Müşahidələr göstərir ki, kamera yerləşdirilən məktəblərdə nizam intizam digər məktəblərlə müqayisədə olduqca yaxşıdır.

Azərbaycanda orta təhsil pulsuz olduğundan, ümumtəhsil məktəblərinin maddi-texniki təchizatı, o cümlədən, video-kameraların quraşdırılması da dövlət hesabınadır. Bu tədbirin dövlətə neçəyə başa gəlməsi, dövlətə satılan texnikanın qiymətinin şişirdilib-şişirdilməməsi ayrı söhbətin mövzusudur. Görünən odur ki, maliyyələşmə mənbəyi dövlət olsa da, təhsil məmurları video-kamera quraşdırılması üçün məktəblərdən pul yığdırırlar. İndiyədək saytımızda barəsində xeyli tənqidi məqalələr gedən Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinin icraçısı Tahir Həsənov da belə kampaniya aparır. Bütün məktəblərə kamera çəkilməsini direktorlardan tələb edən şöbə müdiri rayon icra hakimiyyətinin başçısının adından çıxış edərək hər məktəb rəhbərindən 700-1000 manat civarında pul yığır. Nəzərə alsaq ki, Beyləqanda 54 məktəb var, bu halda yığılacaq vəsait toplam 40-50 min manat təşkil edəcək.

Maraqıdır, kameralar dövlət hesabına quraşdırılırsa, Tahir Həsənov bu pultoplama kampaniyasına nə ad qoyur? Bəlkə vəd edir ki, indi pul verənlərin sabah hansısa səhvlərini əks etdirən görüntüləri kameraların yaddaşından sildirmək hüquqları olacaq? Nə bilmək olar – şər deməsən xeyir gəlməz.

Yazıda qeyd olunan faktlarla bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

RealMedia.az
 
Tarix: 30-05-2019, 14:35
Xəbəri paylaş





Xəbər lenti