Başçının milyonları var, vətəndaş isə yaşamaq uğrunda savaşır... - GİLEY
“Uşaqlarım yerdə, nəm torpağın üstündə yatır. Gecə televizorun işığı düşəndə, gördüm ki, oğlumun üstündə ilan gəzir, öldürdüm, yoxsa uşağı çalacaqdı. Evlənəndən sonra mənə həyətin aşağı tərəfindən ata payı verilib. Balaca daxma, əvvəllər tövlə idi, burada ancaq gecələmək olur. Yayda buradan ilan, soxulcan, ilbiz çıxır. Amma aidiyyatı qurumlar deyir ki, sənə ev tikə bilmərik. Ya gərək şəhid olasan, ya da Qarabağ əlili”.
DİA.AZ bildirir ki, bu sözləri Ağsu rayon, Koroğlu küçəsi 16 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Zahid Fərəcov deyir. Onun sözlərinə görə, ev problemi ilə bağlı Ağsu Rayon İcra Hakimiyyətinə etdiyi saysız müraciətləri nəticəsiz olub:
“Gördüm, bunlardan adama kömək yoxdur, düz beş dəfə ard-arda Prezident Adminstrasiyasına məktub yazdım. Bundan sonra məni icraya çağırdılar, getdim. Orada dedim ki, xahiş edirəm, Prezident Adminstrasiyasından gələn cavab məktubunu verin görüm nə yazılıb. İcra Hakimiyyətinin işçisi mənə hədə-qorxu gəldi, dedi ki, səni tutduraram. Sonra da polisə göstəriş verdi ki, bunu atın çölə. Sonradan da mənə məktub yolladılar ki, Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən yalnız şəhidlərə və əlillərə ev tikilir. Mən əsgərlikdə olanda, paraşütçü xüsusi hərbi ixtisasına yiyələnmişəm. Bu ölkəyə, vətənə yararlıyam. İki əsgər böyüdürəm, amma hansı şəraitdə? Nəm torpağa sərilmiş palazın üstündə yatırlar. İndi maraqlanmırlar, amma əsgər yaşı çatanda gəlib aparacaqlar.
Hazırda Ağsuda zəlzələnin qəza vəziyyətinə gətirdiyi evlərin təmiri ilə yanaşı, tikintiyə ehtiyacı olmayan evləri də söküb, yerində yenisini tikirlər. Prezident sağ olsun, acınacaqlı şəraitdə yaşayanlara ev tikilməsi haqqında göstəriş verib. Buradakılar isə yalandan “qəzalıdır” deyib, topdağıtmaz evləri sökürlər, yerində yenisini tikirlər. Seçimi hansı prinsiplə apardıqlarını anlamıram”.
Şikayətçi deyir ki, Fövqəladə Hallar Komissiyası nümayəndələrinin onun yaşadığı yerə keçirdikləri baxış da nəticə verməyib:
“Dedilər ki, buranı təmir edə bilərik. Daxmanın nəyini təmir edəcəklər? Yağış yağanda, vedrəni qoymağa belə yer yoxdur. Bunlar tövləni təmir etmək istəyirlər. Evin arxası və yanı, betondan hasardır. Önünü də keçmişin bişmiş kərpici ilə hörmüşəm. Qarşısını da diklə artırıb, mətbəx etmişəm. Kərpicləri də yalandan qoymuşam üzərinə, hörgüsüz-filansız. Bunun nəyini təmir edəcəklər? Qaz da yoxdur. Yemək bişirəndə düşəndə odun, olmayanda da rezin, təkər yandırırıq. Hansı zəmanədə yaşayırıq ki, ocaq qalayaq? Öz yaşayışıma ağlamağım gəlir. İşığı da qonşudan çəkmişəm. Ayda beş o, iki manat da mən pul qoyuram, ödəyirik. Adam haqqının tapdalanmağına yanır. Mənim evimin qabağında malikanə tik. Gələcəyin iki əsgəri isə qurbağa-ilanın, suyun içində yatsın”.
Zahid Fərəcov tək ev problemi yaşamır. Dediyinə görə, iş tapa bilmir ki, ailəsinin güzəranını yaxşılaşdırsın. İşlə bağlı dəfələrlə Ağsu Rayon Məşğulluq İdarəsinə baş vurub. Lakin hər dəfə də ümidsiz vəziyyətdə geri dönüb:
“Ailəm dörd nəfərdən ibarətdir. Oğullarımın biri 9, digəri 10 yaşındadır, məktəblidirlər. Özüm də heç bir yerdə işləmirəm. Fəhləliklə ailə dolandırmaq olmur. Bu iş də elədir ki, bir gün var, o biri gün yoxdur. Bu ilin fevral ayından Ağsu Rayon Məşğulluq Mərkəzində qeydiyyata dayanmışam. Orada stol arxasında oturan allahsızlar məni aldadırlar. Get-gələ salırlar, “get, filan tarixdə gəl, indi iş yoxdur”, – deyirlər. Halbuki, fevral ayından bu yana mənimlə eyni vaxtda qeydiyyata dayananların hamısı işləyir. Nə dərddir, nə problemdir, bilmirəm. Ümidim bircə Allaha qalıb, bir də iki övladıma. Düşünürəm ki, mənim taleyim gətirmədi. Heç olmasa uşaqlarım bir gün görər. Dözüb, dayanırıq”.