Ziya Məmmədovun başçı qohumu ana-balanı küçədə qoyub
Ucarın Şahlıq kəndində yaşayan ana-balanın həyatı kəndin adından çox-çox uzaqlardadır. Onların yoxsul, səfil, qara gününə işıq salan Sensasiya TV başlarına gələn müsibəti ictimailəşdirib.

66 yaşlı Kəklik xalanın evi bir gecənin içində başına uçub. Ev 2010-cu ildə zəlzələdən çatlayıb, yarılıb. İl yarım əvvəl isə daxma başlarına uçub.

Video kadrlardan da görünür ki, ev yoxdur, həyətdə qapı-pəncərəsi qalıb. Kəklik xalanın bir qızı var. O da danışma qabiliyyətini itirib. Yəni, laldır.



İndi ana-bala qonşunun evində qalıb. Qonşu onlara müvəqqəti sığınacaq verib. Kəklik xalanın sözlərinə görə, Ucarın icra başçısı Mənsur Məmmədovun yanına il yarım gedib-gəlib. Amma heç bir köməklik olunmayıb.

“Ev tikməyə heç bir imkanımız yoxdur, çörək almağa pul tapmıram. Utanıram da deməyə ki, ac - susuz yaşayırıq. Özüm də şəkər xəstəsiyəm, pulsuzluqdan müalicəmlə məşğul ola bilmirəm.

Xaricdən gələnə hər şey edirlər. Bəs biz də bu ölkənin vətəndaşlarıyıq”,-deyə Kəklik ana göz yaşlarını saxlaya bilmir.

Yeri gəlmişkən, Ucarın icra başçısı keçmiş nazir Ziya Məmmədovun qohumudur. Mənsur Məmmədov əvvəl Göyçaya rəhbərlik edib.

Onun fəaliyyəti dövründə müsbət bir əməli yoxdur. Sabiq nazirin başçı qohumu hər zaman talamaq, biznes qurmaqla məşğul olub.

Odur ki, vecinə də deyil Kəklik xala və lal qızı küçələrdə qalıb. Bu ailənin başçısı yoxdur, gəlir yeri yoxdur, ev-eşiyi yoxdur, sosial yardım almırlar, neft ölkəsində bundan artıq faciə içində yaşamaq üçün daha nə lazımdır?

Məmurların heç vicdanın sızıldamır? Şahlıq kəndinin bələdiyyə sədri, icra nümayəndəsi onların acınacaqlı vəziyyətini görmür? Ucarın icra başçısı ana-balaya bir ev versə, ev tikdirsə, nə olar ki? Bir dəfə də xalqa xidmət göstərin, millətin duasını eşidin.

Axı bu dünyadan 2 metr kəfəndən başqa heç nə aparmaq olmur, ay talançı Ziya Məmmədovun ona oxşamış qohumu...