Tərtərdə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirildi


Tərtərdə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirildi
Daim ordumuzla bir yerdə olan tərtərlilər 26 iyun Silahlı Qüvvələr Gününü rayon ərazisindəki hərbi hissələrdə əsgər və zabitlərlə birgə qeyd ediblər.

Siam.az  xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri və ərazidə xidmət edən hərbi qulluqçular əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirlərdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əsgər və zabitlərə təbrik məktubu oxunub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, əsgər və zabitləri 26 iyun Silahlı Qüvvələr Gününü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycanda ordu quruculuğu prosesindən danışıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ordu quruculuğunda xidmətlərindən bəhs edib. Bildirib ki, Ulu Öndər 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi yaratmaqla gənclərimizin bu istiqamətdə təhsil almalarını təmin edib.

Diqqətə çatdırılıb ki, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. 1993-cü ildən sonra Azərbaycanda ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Silahlı Qüvvələrdə struktur və kadr dəyişikliyi həyata keçirilməyə başladı, vahid komandanlığa tabe olan nizami ordu yaradıldı. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu.

Ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq son illərdə Prezident, Ali Baş komandan İlham Əliyevin diqqət və qayğısı ilə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək qüdrətlənib. Ordumuzun maddi-texniki bazası möhkəmlənib, müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülüb, döyüş qabiliyyəti artıb.

Rayon rəhbəri bildirib ki, tezliklə Ali Baş komandanın rəhbərliyi ilə Azərbaycan bayrağı bütün işğal altında olan ərazilərimizdə dalğalanacaqdır.

Tədbirdə General-mayor Hikmət Həsənov və digər çıxış edənlər də Vətənimizin müdafiəçilərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan ordusunun gücü sayəsində işğal altında olan bütün torpaqlarımızın azad olunacağına əminliklərini ifadə ediblər.

Tədbirdə xidmətdə fərqlənən zabit və əsgərlərə rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
                   
Tarix: 27-06-2019, 00:03
Xəbəri paylaş





Xəbər lenti