''İmkan vermirlər ki, ev tikim, əlilliyi olan ailə üzvlərimi yığım içərisinə...''
Yardımlıda 17 nəfərlik ailə bir mənzildə yaşayır “Əlilliyi olan qardaşlarım da, bacım da yaşlanır. Sıxlıq içərisində yaşamaqdan əsəbləri pozulub. Atam, anam – hər ikisi ağır xəstədir. Bircə əlacımız odur ki, ayrıca ev tikib ailənin əlilliyi olan üzvlərini oraya köçürək, bir az sıxlıq aradan qalxsın. Gəl ki, nə ev tikməyə imkan verirlər, nə də yaşamağa yer”. Yardımlının Separadi kənd sakini Rəvan Əsədov Meydan TV-yə danışır ki, kənddə dədə-babadan qalma köhnə, qəzalı evdə 17 nəfərlik ailə üzvləriylə yaşayır. Özü ikinci qrup əlildir. Üç qardaşının və bir bacısının da eşitmə və danışma əlilliyi var. Heç biri əmək fəaliyyəti ilə məşğul ola bilmir, cüzi pensiyaları isə heç dərmanlarına da çatmır. Digər qardaşları da ailələriylə birlikdə onlarla eyni evdə yaşayırlar. Mənzildəki sıxlıq əsasən də əlilliyi olanlara yaşamağa imkan vermir. “7 ildir iki maşın daş tökmüşəm ora...” 7 il əvvəl Rəvan Əsədov kənd bələdiyyəsindən qardaşı Sadiq Əsədovun adına fərdi ev tikintisi üçün torpaq sahəsi alıb. Ancaq o vaxtdan aldıqları torpaqda daşı daş üstünə qoya bilmirlər: “Ümumilikdə 10 sot torpaq sahəsidir, onun da 7 sotu fərdi ev tikintisinə görədir. İlkin sənədlərinin hamısı var. Bələdiyyədən, icra hakimiyyətinin memarlıq şöbəsindən, keçmiş Torpaq və Xəritəçəkmə Komitəsindən... İki maşın daş tökdük ki, tikintiyə başlayaq, kənddən bir ailə çıxdı ki, bura bizim dədə-baba torpağımızdır. Halbuki, əlimdə sənədlərim var, qarşı tərəfinsə əlində heç bir sənədi yoxdur, yalnız şifahi şəkildə deyir ki, dədə-babamın yeridir, vəssalam. 7 ildir ki, o torpağın mübahisəsi gedir. Bələdiyyə də, icra hakimiyyəti də deyir, get, özün dil tap, yola gətir, tik... Əlində sənədi olmayan adamı niyə yola gətirməliyəm? Əgər bunu mən edəcəyəmsə, o zaman dövlət nə üçündür? O sənədi mənə niyə verib? O yer bizə veriləndə ilan mələşən ərazilər idi, ora heç insan ayağı da dəyməmişdi. İndi evlər tikilib”. “Kombaynlar varlıların sahəsində çalışır” Rəvan Əsədovun sözlərinə görə, pay torpağı bölgüsü də uğursuz olub: Şikayət məktubları və cavablar Mənbə: meydan.tv“Sənəddə 3,5 hektar göstərilib, yeri ölçmüşük, 1,5 hektardır. Heç orda da əkin işləri apara bilmirik. Daha doğrusu, əkin işləri aparmaq olur, ancaq məhsulu yığmaq olmur. Çünki məhsulu yığmağa texnika verilmir. Məhsul yığımı vaxtı texnikalar varlıların sahələrində çalışır. Bizə növbə çatınca taxıl yerə tökülür. Öz pay torpağım ola-ola, məcbur qalmışam, gedib Lerikdən icarəyə torpaq götürüb taxıl əkmişəm ki, qarşıdan qış gələndə 17 nəfər ailə üzvüm acından ölməsin”. Rəsmi qurum: Məhkəmə var, polis var... Rəvan Əsədov ailə durumu ilə bağlı yerli icra hakimiyyətinin başçısına, kəndin bələdiyyə sədrinə, ölkə başçısına müraciət edib. Ancaq aldığı cavabların heç birində sığınmağa ümidverici cümlə tapmayıb. Şifahi şəkildə isə ona bildirilib ki, sənədli torpağına iddia edən həmkəndlisi ilə “dil tapıb, yola gətirsin”. Yardımlı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Rəvan Əsədovun əlində torpağa dair müvafiq sənədləri varsa, mübahisə ilə bağlı icra hakimiyyətinə, bələdiyyəyə yox, ona başqa vətəndaş tərəfindən maneçilik törədilən zaman polisə müraciət etməlidir. Əgər qarşı tərəfin də əlində torpağa dair hər hansı sənəd varsa, o zaman məsələni mübahisələndirmək üçün məhkəməyə müraciət etməlidir. Əkin sahələrində istifadə etməyə texnika verilməməsi ilə bağlı deyilənlərə gəlincə, qurumdan bildirilib ki, məhsul yığımı zamanı rayonda bu məsələ nəzarət altında olur. Texnikalar sahələrdə növbəli qaydada işləyir və hər kəs məhsulunu yığa bilir. Əgər Rəvan Əsədovun əlində texnikaların xüsusi adamların əkin sahələrinə yönləndirilməsiylə bağlı faktlar varsa, quruma təqdim edə, qurum da yerli aqrolizinq filialı ilə məsələni araşdıra bilər.