Könüllülük müddətini başa vurmuş gənclərlə görüş keçirilib- Tərtərdə
Tərtər rayon İcra Hakimiyyətində könüllülük müddətini başa vurmuş gənclərlə görüş keçirilib.Görüşdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov könüllü gəncləri təbrik edərək könüllüllük hərəkatının əhəmiyyətindən danışıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlandığını bildirib. Ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini və Könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu bildirərək “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsinin qeyd olunduğunu nəzərə çatdırıb. Qeyd olunub ki, könüllülük fəaliyyətinə qoşulmuş gənclərdən artıq 2 nəfəri Tərtər rayon İcra Hakimiyyətində müvafiq işlə təmin olunub.
Tərtər rayon Könüllülər qrupunda fəaliyyətə qoşulmuş və könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov xüsusi sertifikatlar təqdim edib, onlara həyatda və gələcək işlərində uğurlar arzulayıb.
Görüşdə çıxış edən könüllülər gənclər üçün yaradılan şəraitə, onlara göstərilən xüsusi qiqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.
Tarix: 2-07-2019, 16:08